İgidliyin və şərəfin zirvəsi
Sosial həyat

İgidliyin və şərəfin zirvəsi

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan zabiti və əsgəri sözün əsl mənasında xalqımızın şərəf  və qürur tarixini  yazıb. Müzəffər ordumuz torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistana sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas edib. Düşməni diz çökdürən oğullar öz qanı bahasına  xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və qüdrətli sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu otuz illik işğala, uzun illərin həsrətinə 44 gündə son qoyaraq görünməmiş qəhrəmanlıq dastanına imza atıb. Torpaqlarımızın  işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində yüzlərlə gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib. Müharibə Azərbaycan ordusunun peşəkarlığı, döyüş ruhu, vətən məhəbbəti, müasir hərbi silahların uğurla tətbiq edilməsi, əsgər və zabitlərimizin igidliyi ilə başa çatıb.

Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullardan biri də Elnur Quliyev olub. Elnur 1984-cü il iyulun 25-də Füzuli rayonunda dünyaya göz açıb. Doqquz yaşı olanda Ermənistanın hərbi təcavüzü nəticəsində valideynləri ilə birlikdə məcburi köçkün taleyi yaşayıb. Yurd-yuvasından didərgin düşən ailə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsinə pənah gətirib. Elnur burada orta məktəbi bitirib. Hərbçi olmaq arzusu onu 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirib. Kursant Elnur Quliyev hərbi məktəbdə fiziki və döyüş hazırlığını artırıb, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirib və uğurla artilleriya ixtisası üzrə akademiyanı bitirib.

2007-ci ildə “N”saylı hərbi hissədə xidmətə başlayıb.Çətin və şərəfli həyat yolu keçən Elnur hərbin sirlərinə dərindən bələd olur, peşəkarlığını artırır, nümunəvi xidməti ilə hörmət qazanır. Mayor hərbi rütbəsinə layiq görülən Elnur divizion komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsində çalışıb.Vətənin igid oğlu əlahiddə kəşfiyyat taborunda tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilib. Nümunəvi xidmətinə görə Elnur dəfələrlə fəxri fərmanla və medallarla təltif olunub.

Vətən müharibəsi başlayan gündən kəşfiyyat qrupları ilə döyüşlərə atılıb. Elnur Füzuli və Cəbrayıl rayonlarının bir sıra kənd və yüksəkliklərin azad edilməsində iştirak edib. Füzuli uğrunda gedən döyüşlərinin birində mühasirəyə düşən şəxsi heyəti xilas etmək üçün tabor komandiri Elnur dörd nəfər döyüş yoldaşı ilə qeyri-bərabər döyüşə girərək düşmən səngərinə keçib. İgid döyüşçülər düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək şəxsi heyəti xilas ediblər. Həm də uzun müddət düşmənin irəliləməsinin qarşısını almağa müvəffəq olublar. Elnur 2020-ci il oktyabrın 2-də ağır döyüşdə qəhrəmancasına həlak olub.

Vətən Müharibəsi Qəhrəmanının doğum günü onsuz keçirilib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi, dostları, döyüşçü yoldaşları, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları iştirak ediblər.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Elnur Quliyev ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif olunub. 2 övladı yadigar qalıb. Şəhid ailəsi dövlət tərəfindən himayə olunur.

Adınız ürəklərdə yaşayacaq, qəhrəmanlığınız dillərdə dolaşacaq Vətən sevdalı şəhidlər! Haqqın və igidliyin zirvəsinə ucalmısınız, gələcək nəsillər qəhrəmanlığı sizdən öyrənəcək.

Salman ALIOĞLU,

“Respublika”.