İgidliyin və şücaətin ən uca zirvəsi
Region

İgidliyin və şücaətin ən uca zirvəsi

Yaxşı deyiblər ki, mərd oğullar Vətənin dar günündə tanınar. Onlar heç zaman özlərini nümayiş etdirmir, sadə, səmimi, xeyirxah və torpağa bağlı olduqlarını belə dilə gətirmirlər. Məhz belə qəhrəman oğulların sayəsində düşmən torpaqlarımızdan qovuldu, uzun illər ərzində işğal altında qalan yurd yerlərimiz erməni faşistlərinin caynağından azad edildi. Vətən müharibəsində düşməni diz çökdürən oğullar öz qanı bahasına  xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Qarabağı azad edən oğullarla fəxr edirik, hər birimiz qürurla deyirik ki, Qarabağ azaddır, doğma yurd yerləri  yolumuzu gözləyir.

Öz dədə-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən Birinci Qarabağ müharibəsində 146 nəfər şəhid və 300 nəfərdən çox insan şikəst olub. Ermənilər tərəfindən girov götürülən 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda məhv edilib. Ağır faciə xocavəndliləri heç zaman ruhdan salmayıb. Vətən müharibəsinin ilk günlərindən  xocavəndlilər döyüşlərə atılıb. 200 nəfər xocavəndli gənc döyüşlərdə iştirak edib. Onlardan 41 nəfəri yaralanıb, 10 nəfər isə şəhid olub. Onlardan biri də Ceyhun Aqil oğlu Nüsrətlidir. Həmyaşıdları kimi vətənpərvər ruhda böyüyən Ceyhun Vətən müharibəsində igidlik və şücaət nümayiş etdirib, öz adını hərb tariximizin səhifələrinə şərəflə yazıb.

Qəhrəman döyüşçünün doğum günü Xocavənd qəsəbəsində yerləşən "Şəhidlər" Memorial Abidə- Kompleksində  ölməz ruhuna həsr edilən anım tədbiri ilə qeyd edilib. Tədbir iştirakçıları öncə şəhidlərin məzarlarını ziyarət edərək bu müqəddəs guşəyə  qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi şəhidlərinin xatirəsinə dualar oxunub, bir dəqiqəlik sükutla yad ediliblər.

Anım mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Ceyhun kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik yurd həsrətinə son qoyulub, düşmənə sarsıdıcı zərbələr vurulub. 2020-ci il sentyabrın 30-da Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə Ceyhun igidlik göstərərək həlak olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun əsgəri Ceyhun Nüsrətli ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Salman ALIOĞLU,

“Respublika”.