İki dost ölkə
Siyasət

İki dost ölkə

Azərbaycan və Tacikistan münasibətlərinin yüksələn xətlə inkişafı mühüm perspektivlər vəd edir

Azərbaycan Prezidenti İlham Əliyev gələn il Tacikistana səfər edəcək. Bu barədə ölkə başçımız noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında bildirib. Asiya regionunun digər liderləri ilə təmaslara da toxunan Prezident İlham Əliyev deyib: "Mən dəfələrlə Mərkəzi Asiya ölkələrinə səfər etmişəm. Cari ilin aprel ayından bu günədək Özbəkistana üç dəfə səfər etmişəm. Bu səfərlər həm rəsmi, həm də beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Mən Qırğızıstanda dövlət səfərində oldum. Cari ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycana səfər edib. Bundan öncə mənim Türkmənistana səfərim olub. Gələn il Tacikistana səfərim olacaq. Tacikistan Prezidenti məni dəvət edib".

Azərbaycanın Orta Asiya ölkələri, eləcə də Tacikistanla hərtərəfli münasibətləri var. Tacikistan-Azərbaycan əlaqələrinin əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulub və bu əlaqələr İlham Əliyevin prezidentliyi dövründə yüksələn xətt üzrə inkişaf edib. Tacikistan və Azərbaycan siyasi, iqtisadi, mədəni, parlamentlərarası və digər sahələrdə uğurla əməkdaşlıq edir. Ölkəmiz həmişə Orta Asiya ölkələrinin daha da yaxınlaşması, birgə münasibətlərin dərinləşdirilməsində maraqlı olub. İki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair 60-dan artıq sənəd imzalanıb. Azərbaycan və Tacikistan arasında münasibətlər qarşılıqlı etimada əsaslanan qardaşlıq xarakteri daşıyır. 2020-ci ilin aprel ayında Bakıda Tacikistan Ticarət Evi açılıb.

Azərbaycan və Tacikistan prezidentləri arasında səmimi münasibətlər iki dost ölkənin əlaqələrində əhəmiyyətli rol oynayır. Qeyd edək ki, hər iki ölkə mühüm coğrafi ərazidə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Prezident İlham Əliyev də bunu vurğulayıb. Bildirib ki, Tacikistan Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə dəstək verən ölkələrdən biri olub, bu və digər məsələlərdə Tacikistanın Azərbaycana dost mövqeyi hər zaman özünü açıq-aydın göstərib. Azərbaycan və Tacikistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Ölkələrimizin regional məsələlərdə mövqeləri üst-üstə düşür. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu gün Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir. İki ölkə liderləri arasında səmimi münasibətlər bu əlaqələrin inkişafına müsbət töhfələr verir.

İki ölkə arasında siyasi əlaqələr kimi, iqtisadi əlaqələrin də inkişafında artım tempi müşahidə olunur. Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. İki ölkənin iş adamları arasında sıx əlaqələrin qurulması, birgə biznes-forumların keçirilməsi, hər iki ölkədə təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə iştirak ticarət əlaqələrini daha da şaxələndirməyə imkan verəcək. Son 30 ildə iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulsa da, iki ölkə arasında əməkdaşlığın tarixi daha qədimdir. SSRİ dağıldıqdan sonra ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin saxlanılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. 2007-ci ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasında səfirliyi, 2008-ci ildə isə Tacikistan Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılmışdır.

Xatırladaq ki, 2007-ci il 15 mart tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır. 27-28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına işgüzar səfər etmişdir. 10-11 avqust 2018-ci ildə Tacikistan Prezidenti E.Rahmonun Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Ölkələrimiz arasında 62 sənəd imzalanıb və ticarət dövriyyəsi 3 dəfə artıb. Bütün bunlar dövlətlərimizin qarşılıqlı fəaliyyətini möhkəmləndirməkdə çox güclü siyasi iradəyə malik olduqlarını göstərir. 2018-ci ildə Tacikistan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların mövcudluğunu təsdiq edir. Azərbaycanın inkişafının Prezident İlham Əliyevin böyük səyləri nəticəsində əldə olunduğunu deyən Tacikistan Prezidenti vurğulayıb ki, qədim tarixi, mədəniyyəti, sivilizasiyası olan Azərbaycan xalqı bu uğurlara layiqdir və Tacikistanda ölkəmizin nailiyyətlərinə sevinirlər.

İki dost ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində bu gün Azərbaycan ilə Tacikistan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində səmərəli əməkdaşlıq mövcuddur. İqtisadiyyat, turizm, ticarət, enerji, təhsil və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün yaxşı potensial var. İqtisadi sahədə Tacikistan Azərbaycanın neft məhsullarına, həmçinin metallurgiya sahəsinə ciddi maraq göstərir. Eyni zamanda, coğrafi nöqteyi-nəzərdən nəqliyyat-kommunikasiya baxımından da bu ölkənin yeri bir o qədər də əlverişli deyil. Ona görə də Azərbaycanın adıçəkilən sahələrdə yaratdığı yeni imkanlar ölkəmizi Tacikistan üçün cəlbedici edir. İstər İpək Yolu nəqliyyat dəhlizi, istərsə də Azərbaycanın neft-kimya sənayesi Tacikistan iqtisadiyatının inkişafı üçün zəmin yaradır.

Mustafa KAMAL,

"Respublika".