İki qardaş ölkə həm də müttəfiq oldu
Türk dünyası

İki qardaş ölkə həm də müttəfiq oldu

Sarsılmaz birliyimizi əks etdirən tarixi sənədin TBMM-də ratifikasiya edilməsindən bir il ötür

"İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür".

2020-ci il 8 noyabr, Şəhidlər Xiyabanı. Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi münasibətilə xalqa müraciət edirdi həmin gün. İnsanı riqqətə gətirən bu ifadələri də məhz həmin müqəddəs məkandan qürurla, iftixarla söyləyirdi. Bütün xalq, kiçikdən-böyüyə hamı sevinirdi. Axı, Şuşanın xalqımızın qan yaddaşında, milli-mənəvi, mədəni düşüncəsində daşlaşmış yeri vardı. Hamını eyni dərəcədə özünə cəlb edə, insanların milli ruhuna, heysiyyətinə təsir göstərə bilən, bənzərsiz bir məkandır Şuşa. O gün ən çox sevinən də Şuşa idi. Qalib sərkərdənin söylədiyi incə ruhlu kəlmələr Xəzərin üstündən aşıb Cıdır düzünə, Şuşanın sərt qayalarına, başı dumanlı dağlara, ağ örpəkli Murova məlhəm kimi yayılırdı. Şuşa sevinirdi...

Təxminən 8 ay sonra Şuşanın xilaskarı ona daha bir sevinc yaşatdı. Bu qədim şəhərdə 2021-ci il iyun ayının 15-də Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Bu iki dost, qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan tarixi sənədin imzalanmasına şahidlik etdi Şuşa. 2022-ci il fevralın 1-də isə Azərbaycan Respublikasının Milli Məclisində Şuşa Bəyannaməsi təsdiq olundu. Parlamentin həmin gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi müzakirəyə çıxarılaraq ilk oxunuşda qəbul edildi. Milli Məclisin sədri Sahibə Qafarova o zaman söyləmişdi: "...biz - VII çağırış Milli Məclis üzvləri çox xoşbəxtik ki, Şuşa Bəyannaməsini təsdiqləmək bizə nəsib oldu. Bütün deputatlar bu ratifikasiyanı sevinclə, alqışlarla qarşıladılar...".

O zaman bu sevinci yaşayan Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva öz açıqlamasında demişdi ki, ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması, yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəşdaşlığın yeni mərhələsidir. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni, humanitar və hərbi-strateji münasibətlər ən yüksək zirvədədir. Tərəflər, eyni zamanda beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edir, prinsipial dəstək nümayiş etdirirlər. Xüsusilə də suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində rəsmi Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Bütün bu məqamlar Şuşa Bəyannaməsində də öz əksini tapıb.

Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən danışarkən deyib ki, bu günümüz və sabahımız üçün strateji əhəmiyyət daşıyan Bəyannamə Azərbaycan və Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım sahəsində əməkdaşlığın prinsipial istiqamətidir. Şuşa Bəyannaməsi ilə həm də Azərbaycanın Qarabağ bölgəsində yaşayacaq əhalinin təhlükəsizliyi, firavan gələcəyə qovuşması bir daha qarantiya altına alınmış olur. Bu baxımdan, Şuşa Bəyannaməsinin parlament tərəfindən ratifikasiyası iki qardaş ölkənin hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliyinin rəsmi təminatıdır. Bütövlükdə isə Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirməklə yanaşı, eyni zamanda bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizliyi baxımından zəruri sayır və ölkələrimiz üçün mühüm olacaq qərarların yol xəritəsi hesab edir.

"Şuşa Bəyannaməsinin təsdiqi ölkələrimizin müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə xidmət edəcək", - deyən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib: "Azərbaycan parlamenti "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsini təsdiqləyib. Bu bəyannamənin təsdiqi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq. Bəyannamədə müdafiə məsələlərinin əks olunması elə hərbi-siyasi təhlükəsizliyin təmin edilməsinə - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə deyilir: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr apararaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər".

O, daha sonra qeyd edib ki, 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açıb. Bu baxımdan, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq münasibətləri eyni zamanda ən yüksək müttəfiqlik statusu qazanıb. Bəyannamənin təsdiqi həqiqətən böyük hadisədir. Prosesdə iştirak edən bütün həmkarlarımıza təşəkkür edir, bunun hamıya xeyirli olmasını diləyirəm.

Qeyd edək ki, ötən il fevralın 3-də Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisində də təsdiq olunub. Belə ki, ilk əvvəl TBMM-in sədri Mustafa Sentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib.

Beləliklə, Şuşa Bəyannaməsinin müttəfiqlik statusu qazanmasından bir il ötür. İnanırıq ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsindən irəli gələrək xalqımızın birliyini, ortaq milli-mənəvi dəyərlərini əks etdirən Bəyannamə daha uzunömürlü olacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".