İkili diplom müqaviləsi imzalanıb  
Elm və təhsil

İkili diplom müqaviləsi imzalanıb  

Bakı Ali Neft Məktəbi (BANM) ilə İsveçrənin UBIS Universiteti arasında birgə MBA proqramı barədə Əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin məqsədi BANM və UBIS arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır. Müqavilədə UBIS-ın təhsil proqramları əsasında BANM-də MBA üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Əməkdaşlıq müqaviləsini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və UBIS Universitetinin Baş direktorunun müavini, Kommersiya məsələlələri üzrə direktor Rafael Salazar imzalayıblar.

Onlayn formatda keçirilən görüşdə qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov ilk növbədə Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. BANM və UBIS arasında imzalanan müqavilənin əhəmiyyətinə toxunan rektor bildirib ki, bu əməkdaşlıq hər iki ali məktəb üçün faydalı olacaq. Elmar Qasımov UBIS Universitetinin rəhbərliyini Azərbaycana dəvət edib.

BANM-in Biznesin idarə olunması üzrə tədris mərkəzinin müdiri Rövşən Budaqov birgə əməkdaşlıq çərçivəsində MBA proqramında həyata keçiriləcək tədris prosesi barədə məlumat verib. O vurğulayıb ki, beynəlxalq əməkdaşlıq ali təhsil müəssisələrinin gələcək uğurunun açarıdır.

Əməkdaşlıq müqaviləsinin hər iki ali məktəb üçün bir fürsət olduğunu qeyd edən UBIS-in Baş direktorunun müavini Rafael Salazar bildirib ki, bu fürsətdən hər iki ali məktəbin tələbələri yüksək səviyyədə yararlana biləcəklər.

Mehparə ƏLİYEVA,

“Respublika”.