İkili münasibətlərə  gündən-günə güclənməklə, qüdrətlənməklə cavab vermək müstəqil Azərbaycanın mövqeyidir
Siyasət

İkili münasibətlərə  gündən-günə güclənməklə, qüdrətlənməklə cavab vermək müstəqil Azərbaycanın mövqeyidir

30 il qabaq Azərbaycanın tarixi ərazilərinin Ermənistan tərəfindən işğal olunması  hər şeydən əvvəl, bəzi qərb  dövlətlərində ölkəmizə qarşı  formalaşmış ikili münasibətin nəticəsi idi. Belə ki, o vaxt dünya birliyi, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar tərəfindən qonşu dövlətin ərazi  bütövlüyünü pozan, onun xalqına qarşı soyqırımı həyata keçirən, bir milyon vətəndaşını yurd-yuvasından didərgin salan  Ermənistana   sanksiyalar tətbiq edilsə  və işğalçı ölkə beynəlxalq hüquq qarşısında cavab verməli olsaydı sözsüz ki,  Ermənistan-Azərbaycan münaqişəsi yaranmaz, yaransa belə 30 il müddətinə uzanmazdı. Əksinə, işğalçılıq siyasətinə, terror əməllərinə görə qınanılmayan, havadarlarına arxalanan Ermənistan get-gedə daha da azğınlaşaraq  müstəqilliyinin  bərpasının ilk illərində iqtisadi potensial, hərbi güc baxımından zəif olan Azərbaycanın 20 faizdən  artıq hissəsini işğal etməyə müvəffəq oldu.

90-cı illərin əvvəllərində  ikinci dəfə  hakimiyyətə gələn ulu öndərin uzaqgörən siyasəti, müdrik liderliyi sayəsində respublikanın bütün təbii  resursları ölkənin inkişafına və mövcud problemlərin həllinə  yönəldildi.  Qısa müddət ərzində bütün sahələrdə inkişafa nail olan Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, ordu quruculuğu sahəsində mühüm əhəmiyyət kəsb edən uğurlara imza atdı. Milli ordunun formalaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz işlər görüldü. Dahi rəhbər, ulu öndər Heydər Əliyevin diplomatiya sahəsində qətiyyətli mübarizəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Ümummilli lider  iqtisadi cəhətdən güclü, müasir milli orduya malik,  mənfur ermənilər tərəfindən pozulmuş ərazi bütövlüyünü təmin etmək, müstəqilliyini qorumaq iqtidarında olan Azərbaycanın əsasını qoydu. Münaqişənin sülh yolu ilə həllinə çalışan ulu  öndər  beynəlxalq görüşlərdə, konfranslarda, dünyanın dörd bir tərəfində keçirilən mühüm tədbirlərdə Azərbaycanın haqlı olduğunu, əzəli torpaqlarının ermənilər tərəfindən işğal edildiyini bütün dünyaya çatdırdı. Uzaqgörən, düşünülmüş siyasət erməni lobbisinin qurduğu informasiya sədlərini aşsa da, erməni havadarları   hər vəchlə münaqişənin uzanmasına, sülh yolu ilə həll olunmasına maneçilik törədirdilər.

Ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı , dahi liderin yarımçıq qalmış işlərini uğurla həyata keçirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyə gəldiyi ilk günlərdən daxili və xarici siyasətinin əsasını işğal altında olan torpaqlarımızın erməni əsarətindən azad olunması təşkil etdi. Bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirən Prezident ölkə iqtisadiyyatını daha da gücləndirməklə beynəlxalq aləmdə nüfuzunun artmasına nail oldu. Uğurlu diplomatiya, gələcəyə hədəflənmiş düzgün siyasət  müstəqil Azərbaycanın ərazilərini düşməndən geri almaq gücünə malik  güclü dövlət kimi tanınmasına  imkan yaratdı.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi. Heç bir ölkədən kömək istəmədən, yardım almadan ərazi bütövlüyünü təmin edən ölkəmiz hansı gücə, potensiala sahib olduğunu bütün dünyaya göstərdi.  30 illik münaqişə dövründə, eyni zamanda 44 günlük müharibə zamanı Azərbaycanın yanında olan, onun haqq işini dəstəkləyən dost ölkələr Azərbaycanın qalibiyyətinə, ədalətin  zəfərinə sevindi. Ermənistan – Azərbaycan münaqişəsini yaradan, cılız ermənilərə dəstək verən ermənipərəst ölkələr isə müharibənin bitməsindən iki il keçməsinə baxmayaraq,  Azərbaycanın bu möhtəşəm Zəfərini hələ də həzm edə bilmirlər. Dövlətimizin müharibə bitdikdən sonra təklif etdiyi sülh müqaviləsinin Ermənistan tərəfindən bu günə qədər imzalanmamasının  əsasında da elə bu amil  dayanır. Fitvaya gedən ermənilər isə riyakar havadarlarına uyaraq “bəlkə də qaytardılar” xəyalı ilə yaşayırlar.

 Bu gün müstəqil  daxili və xarici siyasət yürüdən Azərbaycan artıq dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri arasında yer alaraq milli maraqların müdafiəsində dayanan ölkəyə çevrilib. Dərin  zəkaya, geniş dünyagörüşə, yüksək intellektə sahib olan Azərbaycan Prezidenti mötəbər kürsülərdən xalqının, dövlətinin mənafeyindən çıxış edərək   ölkəmizə qarşı ikili münasibət nümayiş etdirən ermənipərəst ölkələrin ədalətsiz siyasətinə qarşı qətiyyətlə mübarizə aparır. Ölkə başçımız Azərbaycanın müstəqilliyini, suverenliyini istəməyən bu ölkələrlə mübarizəsini ilk növbədə  Azərbaycanı siyasi, iqtisadi, hərbi cəhətdən gücləndirməklə, eyni zamanda  beynəlxalq arenada Azərbaycan həqiqətlərini, dövlətimizin haqlı mövqeyini müdafiə etməklə aparır və bu istiqamətdə müəyyən etdiyi xarici siyasəti uğurla həyata keçirir.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bir sıra qərb ölkələrinin Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə ölkəmizə qarşı ikili münasibəti  nəticəsində torpaqlarının 20 faizini itirən Azərbaycan  30 il sürən işğal dövründə də eyni münasibətlə üzləşdi. İstər Birinci Qarabağ müharibəsi, istərsə də sonrakı dövrlərdə Azərbaycanın haqlı mövqeyinə göz yuman erməni havadarları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nəinki kömək göstərmədilər, əksinə buna mane oldular. Bu proses nə az, nə çox 30 il davam etdi.

Bu illər ərzində Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Güclü orduya malik, zəngin təbii resurslarını  iqtisadi gücə çevirən ölkəmizin atdığı addımlara, verdiyi  qərarlara hörmətlə yanaşıldı, həyata keçirdiyi siyasət qəbul olundu.  Öz gücünə, haqlı mövqeyinə əsaslanan müstəqil dövlətimiz 30 il BMT qətnamələrinə, beynəlxalq hüquq normalarına məhəl qoymayan ermənilərə və hər zaman Azərbaycana ikili münasibət bəsləyən erməni havadarlarına layiqli cavab verərək torpaqlarını işğaldan azad etdi.

İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan postmünaqişə dövründə də bəzi  ermənipərəst ölkələrin sərt, riyakar, həqiqəti əks etdirməyən  ittihamları ilə üzləşir, Azərbaycanın qələbəsi ilə barışmayan qərb dövlətlərinin ikili münasibətləri regionda sülhün, təhlükəsizliyin bərqərar olmasına mane olur. Belə ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səy göstərən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşlərdə Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində bir sıra uğurlu addımlar atılmışdır. Rusiya Federasiyasının Soçi şəhərində, Praqada keçirilən  görüşlərdə də sülh prosesinə yaxınlaşma müşahidə edilmişdir. Lakin Azərbaycanı gözü götürməyən, onun Cənubi Qafqaz regionunda yaratdığı reallıqları qəbul etməyən Fransa, İran  kimi bəzi ermənipərəst ölkələr Ermənistan hökumətinin  düzgün siyasət yürüdə bilməməsindən, xalqının taleyinə biganəliyindən, yaltaqlığından, ikiüzlülüyündən istifadə edərək  revanşizm meyillərini gücləndirməklə düşmən ölkəni sülh müqaviləsi imzalamaqdan yayındırır.

Ölkəmizə qarşı ikili münasibət bəsləyən Fransa dövləti  30 il ərzində  Azərbaycan xalqına məxsus ərazilərin işğaldan azad edilməsi üçün heç bir uğurlu addım atmamış, əksinə münaqişənin uzanmasına, həll edilməməsinə vəsilə olmuşdur. Vətən müharibəsində Azərbaycanın erməni işğalçılarını məhv etməsini Fransa hökuməti  müharibədən iki il ötməsinə baxmayaraq, hələ qəbul edə bilmir. Bu, Fransa Prezidenti Emmanuel Makronun həm xarici siyasətində, həm də davranışlarında özünü açıq- aydın büruzə verir. Məsələn, bu il sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində təxribat törədən Ermənistana Müzəffər Azərbaycan ordusunun layiqli cavab verməsi, ərazi bütövlüyümüzə yönəlmiş hərbi təhlükənin, təxribatın qarşısını dərhal alaraq erməni silahlılarını məhv etməsi bəzi qərb ölkələrini, eləcə də  ermənipərəst siyasət yürüdən Fransanı çox  narahat etmişdi. Bu il oktyabr ayının 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində  Praqada Azərbaycan Prezidenti, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan baş nazirinin  iştirakı ilə  keçirilən dördtərəfli görüşdə Nikol Paşinyan və Emmanuel Makron sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlə bağlı Azərbaycana təzyiq göstərəcəklərini planlaşdırsalar da, Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində buna nail ola bilmədilər. Lakin dördtərəfli görüşdən bir həftə keçməmiş “Franc 2” telekanalına müsahibəsində Emmanuel Makron şər, böhtan xarakterli ifadələrlə çıxış edərək sentyabr ayında Ermənistanın törətdiyi təxribata öz ərazisində cavab verən  Azərbaycanın dəhşətli müharibə apardığını bildirmiş: “Fransa burdadır və vasitəçi dövlətdir, heç bir zaman Ermənistanı atmayacağıq”,-- deyə bəyan etmişdir.  Fransanın erməni maraqları naminə Azərbaycanla tərəfdaşlığa zərbə vurması  bir reallıq olaraq ölkəmizə qarşı ikili münasibətin təzahürüdür.

İran İslam Respublikası da erməni işğalını, terrorunu dəstəkləməklə Azərbaycanla uzun illər əvvəl qurulmuş ikitərəfli əlaqələrə, yaxın qonşuluq münasibətlərinə xələl gətirir. Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman, bu gün isə Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti adlandıran İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, ölkəmizə iftiralar yağdırması, sözdə Azərbaycanı dost,əməldə isə düşmən bilməsi həmin ikili münasibətlərin göstəricisidir.

Avropa Parlamenti də ölkəmizə qarşı şər, böhtan xarakterli, əsassız, eyni zamanda ədalətsiz qərarlar qəbul etməkdə, ikili münasibət sərgiləməkdə ilk yerlərdədir. Belə ki,  bu ilin mart ayında Avropa Parlamentinin qəbul etdiyi  "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qərəzli qətnamədə Azərbaycanın Qarabağda “erməni mədəni irsini” inkar  və məhv etdiyi  və bu hərəkətlərlə beynəlxalq hüquq normalarını pozduğu bildirilirdi.

İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vuraraq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradan, söz sahibinə çevrilən Azərbaycana qarşı ikili münasibətlər, ölkəmizə qarşı əsassız iddialar davam edir. Azərbaycan dövləti isə bu ikiüzlü münasibətlərə, yersiz ittihamlara, əsassız iddialara  gündən-günə güclənməklə, qüdrətlənməklə və bütün ölkələrlə dostluq, tərəfdaşlıq əlaqələri qurmaqla cavab verir. Müstəqil , qalib Azərbaycanın mövqeyi budur...

Mehparə ƏLİYEVA,

“Respublika”.