İkili standartlar beynəlxalq qurumları nüfuzdan salır
Digər xəbərlər

İkili standartlar beynəlxalq qurumları nüfuzdan salır

Avropa Şurası Parlament Assambleyasının yanvarın 18-də qəbul etdiyi qərarından bir daha görünür ki, bu qurum erməni lobbisi və icmasının təsir dairəsindədir. 30 il bundan öncə, işğal olunan ərazilərdə 1 milyondan çox insanın dədə-baba torpaqlarından didərgin olunması heç bir zaman bu təşkilatın gündəmində olmadı. Daim Azərbaycan əleyhinə qəbul edilmiş qərarlar onu sübut edir ki, AŞPA-da azərbaycanofobiya, islamofobiya hökm sürür.

Hələ 2020-ci ildə işğal dövründə separatçı rejimin indiki Şərqi Zəngəzurda "prezident" seçkiləri keçirən zaman bütün beynəlxalq təşkilatlar bu qondarma seçkiləri tanımasa da, AŞPA kimi bir beynəlxalq qurumdan heç bir etiraz gəlməmişdi. Halbuki, qondarma rejimin keçirdiyi "seçkiləri" ATƏT-in keçmiş Minsk qrupunun üzv ölkələri olan - Amerika, Rusiya, Fransa, həmçinin Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar qınadığını və tanımadığını bəyan etmişdi. Təəssüf ki, bu təşkilatların arasında AŞPA yer almamışdı. Səbəb isə bu təşkilatın anti-Azərbaycan, antiislam siyasət aparmasıdır.

Avropa Şurası Qarabağ münaqişəsində haqlı olan Azərbaycanı deyil, müxtəlif yollarla Ermənistanı dəstəkləyib. Qərbi Azərbaycandan deportasiya edilən 200 mindən çox azərbaycanlının taleyi və Qarabağ müharibəsindən əziyyət çəkən məcburi köçkünlərin insani haqlarının tapdanılması da bu təşkilat tərəfindən qınanmayıb. Azərbaycanda yerləşən separatçıları dəstəkləyən AŞPA ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik edir. Şərqi Zəngəzurda yerləşən separatçıların, Azərbaycanın təbii sərvətlərini talaması və ekologiyaya vurduğu zərərə qarşı başlayan dinc aksiyaları ədalətsiz şəkildə qiymətləndirərək "blokada" adlandırması da AŞPA-nın açıq-aşkar Ermənistanın lehinə qəbul etdiyi qərarlardandır. Qəbul olunan qətnamədə bildirilir ki, guya Azərbaycan Ermənistana hərbi təcavüz edib, Laçın-Xankəndi yolunu blokadaya alıb. Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiyaların "blokada" olmaması aydın görünür. Hər gün onlarla maşın Xankəndi-Laçın istiqamətində hər iki tərəfə hərəkət edə bilir.

2020-ci il 10 noyabr Bəyanatına əsasən erməni separatçıları Azərbaycan ərazilərini tərk etməliydi. Lakin hələ də öz qanunsuz fəaliyyətlərini Qarabağda davam etdirən, bu ərazilərdə talançılıqla məşğul olan ermənilər haqqında Avropa Şurası tərəfindən heç bir qanuni addım atılmır. Ermənilərin tərk etdiyi əraziləri yerlə-yeksan etməsi, meşələri qırması, həmin ərazilərə minalar basdırmasına AŞPA heç bir reaksiya vermir. İnsan haqlarını təməl prinsip kimi əsas götürən təşkilat minalanmış ərazilərdə müharibədən sonra 200-dən çox azərbaycanlının ölməsi və yaralanması kimi hallara laqeyd münasibət bəsləyir. Azərbaycan əleyhinə qəbul olunan qətnamələr kağız parçası olsa da, bu qurumun əsl simasını bütün dünyaya göstərir.

Hazırda Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, regionda qalib dövlət olması, beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etməsi Ermənistan kimi bir sıra ölkə və təşkilatları da narahat edir. Onlar Azərbaycanın ünvanına əsassız iddialar səsləndirirlər. Bu cür yanaşma Azərbaycana qarşı ikili standart göstərən nüfuzlu qurumlara xalqımızın inamını azaldır. Avropa Şurası da istisna deyil.

Musa BAĞIRLI,

"Respublika".