İkili standartların təbliğatçısı -
Digər xəbərlər

İkili standartların təbliğatçısı - "Demokratiya sammiti"

Son günlər dünya mediasında ən çox müzakirə olunan məsələlərdən biri Amerika Birləşmiş Ştatlarının növbəti dəfə "Demokratiya sammiti" keçirməsidir. Əslində, konfransın təşkil olunması deyil, tədbirə dəvətlilər arasında antidemokratik ölkələrin yer alması ciddi narazılıqla qarşılanıb. Həqiqətən okeanın o tayındakı "demokratiya oyunu"na fundamental insan hüquqlarının pozulduğu ölkələrin dəvət alması heç bir məntiqə sığmır, ən əsası da Birləşmiş Ştatların "demokratiya" anlayışının ikili standartlara söykəndiyini göstərir. Çünki ölkələrin beynəlxalq təşkilatların hesabatlarında göstərilən demokratiya reytinqləri ilə Baydenin tərtib etdiyi siyahıdakı göstəricilər arasında ciddi fərqlər mövcuddur. İnsan haqlarının kütləvi surətdə pozulduğu Fransa, Hindistan kimi dövlətlərin sammitdə iştirakı bunun bariz sübutudur.

Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, kənd şəhərlərimizi dağıdıb viran qoymaqla kifayətlənməyərək ekoloji, mədəni terror törədən, milli-mənəvi sərvətlərimizi dağıdan Ermənistanın sivil dövlət kimi sammitə çağırılması isə əsl fiaskodur. Bunu təkcə Azərbaycan dövləti, azərbaycanlı rəsmilər demir. Nüfuzlu nəşrlər, eləcə beynəlxalq qurumların hesabatları da bu faktı təsdiqləyir. Belə ki, ötən ildə Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin sayına görə ilk onluqda yer alıb. Üstəlik, Ermənistandan AİHM-ə 2022-ci ildə əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub. Müraciətlərin sayında artımın olması da ölkədə insan hüquqları sahəsində vəziyyətin gərgin olmasını bir daha sübut edir. Belə olan halda, Ermənistan hansı meyarlar əsasında "Demokratiya sammiti" dəvət alır?

Ümumiyyətlə, sual olunur ki, Birləşmiş Ştatların "demokratiya barometri" necə işləyir? Görünən odur ki, işləmir. Çünki demokratik mühitin mövcud olduğu, sivil dəyərlərə əsaslanan sağlam siyasi münasibətlərin hökm sürdüyü Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələr "demokratiya" zirvəsinə dəvət almayıblar. Amma nəzərə almaq lazımdır ki, Ərdoğan hökuməti Rusiya-Ukrayna müharibəsinin humanitar fəlakətlərini aradan qaldırmağı öz üzərinə götürərək tərəflər arasında "Taxıl sazişi"nin imzalanmasına nail olub. Bununla da dünyanın qlobal ərzaq böhranı yaşamasının qarşısını alıb. Azərbaycan isə ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəsinə güclü dəstək verən, onun Yaxın Şərqdə Əfqanıstandakı əməliyyatlarında sülhməramlı missiya ilə iştirak edən, hazırkı enerji böhranı şəraitində qərbin etibarlı tərəfdaşına çevrilən, sayca ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edən, qlobal təşəbbüsləri ilə dünya ictimaiyyətinin diqqətini çəkən bir ölkədir. Amma indiki halda görünən odur ki, bu gün bir sıra ölkələrin, o cümlədən Azərbaycanın müstəqil xarici siyasət yürütməsini həzm edə bilməyən dairələr selektiv yanaşma sərgiləyərək müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar. Lakin mövcud vəziyyət Birləşmiş Ştatların timsalında demokratiyadan təsir aləti kimi istifadə etməyə çalışan qüvvələri ifşa edir. Bayden hökumətinin özünə rəqib hesab etdiyi ölkələrin liderlərini sammitə qərəzli şəkildə çağırmaması, əvəzində demokratiyadan uzaq ölkələrin dəvət olunması bu tədbirin antidemokratik mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur.

Ümumilikdə, belə bir təəssürat yaranır ki, sammiti təşkil etməklə, ilk növbədə, prezident Co Bayden seçkiqabağı verdiyi vədi formal olaraq yerinə yetirməyi hədəfləyib. Çünki 2021-ci ilin sonlarında baş tutmuş ilk demokratiya sammitində bir sıra problemli məsələlər ortaya çıxmışdı bu suallar ətrafında aparılan müzakirələrin heç bir real nəticəsi olmamışdı. Builki sammit heç bir qlobal problemi həll etməyi hədəfləmir. Bu da demokratiya zirvəsinin formal olduğuna işarədir.

Jalə QASIMZADƏ,

"Respublika".