İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş
İQTİSADİYYAT

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş

Əmək və əhalinin sosial müdafiəsi naziri, “Yüksəliş” Təşkilat Komitəsinin üzvü Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qaliblərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində ölkəmizin gələcək inkişaf hədəfləri ilə bağlı məlumat verərək bu istiqamətdə görülən işlərlə əlaqədar qaliblərə məlumat verib. Həmçinin nazir şəxsi və peşəkar idarəçilik təcrübəsindən qaliblərə nümunələr və tövsiyələr verib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Mustafa KAMAL,

“Respublika”.