İ.Korotçenko: Bütün məsələlər müstəsna olaraq region ölkələri tərəfindən həll edilməlidir
Digər xəbərlər

İ.Korotçenko: Bütün məsələlər müstəsna olaraq region ölkələri tərəfindən həll edilməlidir

Rusiya-Ukrayna müharibəsi regionda, eləcə də dünyada qlobal düzəni dəyişdirdi. Avropa ölkələrinin Qafqazda təsir gücünü artırmaq istəməsi bütün cəbhələrdən Rusiyaya qarşı yönəldilmiş siyasi addım kimi qiymətləndirilir.

Avropa İttifaqı Cənubi Qafqazda söz sahibi olmaq üçün cəhdlər edir. Ermənistan hakimiyyətinin dəvəti ilə regiona Avropa İttifaqının müşahidə missiyasının gəlməsi məhz bundan xəbər verir. Ermənistan tərəfinin güclü müttəfiq axtarışı və Avropa İttifaqının geosiyasi vəziyyəti ələ almaq arzusu regional olaraq vacib suallar doğurur. Belə ki, Aİ-nin iştirakı tam hərbi missiyaya çevrilə və hərbi kontingentin yerləşməsi ilə nəticələnə bilər. Şübhəsiz ki, rus sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərə başqa hərbi gücün cəlb olunması qəbuledilməzdir. Regionda sabitliyin  və sülh prosesinin irəliləməsini istəməyən Ermənistan hakim dairəsi isə təhlükənin fərqində belə deyil.

Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkonun bu barədə verdiyi müsahibələrdə Ermənistan tərəfinin regional təhlükəsizliyi pozması həmişə vurğulanmışdır. O, həmçinin sərhəd boyunca baş verən qanunsuz əməllərin dərhal dayandırılması istiqamətində də beynəlxalq ictimaiyyətə dəfələrlə çağırışlar etmişdir. İ.Korotçenko ötən il Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatı şərh edərkən bildirmişdir ki, sərhəddə vəziyyətin gərginləşməsinə səbəb İrəvanın sülh müqaviləsinin imzalanmasını pozmaq cəhdləridir. Sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri kimi Ermənistan tərəfinin hələ də ərazi iddiasında olmasıdır. O, çıxışında ABŞ, Fransa və bütövlükdə Avropa İttifaqının Qafqazdakı iqtisadi-siyasi maraqlarına da toxunmuşdu.

Fevralın 15-də "Rusiya və Fransanın Cənubi Qafqazda və Afrikada mübarizəsi" mövzusunda keçirilən dəyirmi masada İqor Korotçenko yenidən regionda Avropa İttifaqının siyasi planlarına bir daha diqqət çəkib: "Rusiya diplomatiyası həmişə vurğulayıb ki, həm Cənubi Qafqaz, həm də Xəzər regionunda xarici aktorlar olmamalıdır. Bütün məsələlər müstəsna olaraq region ölkələri tərəfindən həll edilməlidir". Politoloq isə əmindir ki, Avropa İttifaqınınn Ermənistandakı müşahidə missiyasının tərkibində kəşfiyyatçılar mütləq olacaq. Onlar Rusiya və Azərbaycanın əleyhinə istifadə ediləcək informasiyaların toplanması ilə məşğul olacaqlar. Korotçenko hesab edir ki, hazırda Bakı və Moskvanın mövqelərində aktiv yaxınlaşma müşahidə olunur: "Biz təhlükənin ciddiliyini anlayırıq, Fransanın və digər aktorların Cənubi Qafqazda destruktiv fəaliyyətinə qarşı fəal mübarizə aparacağıq və birgə səylərlə Ermənistanı Nikol Paşinyanın imzaladığı öhdəlikləri yerinə yetirməyə məcbur edəcəyik".

Erməni lobbisinin Avropadakı təsiretmə gücünə də toxunan İqor Korotçenko xüsusilə, Fransanın ermənipərəst mövqeyini dilə gətirib. Politoloqun fikrincə, Fransadakı erməni diasporunun bütün mühüm qərarlara fəal təsiri var: "Fransa senatının kobud anti-Azərbaycan qətnaməsini xatırlayırıq. Yəqin ki, bu, tarixdə diasporun həmin ölkənin milli məclisini korrupsiyaya uğratdığı ilk hadisədir?! Fransaya arxalanan Ermənistanın məqsədi Azərbaycana siyasət və diplomatiya sahələrində suveren qərarlar qəbul etməyə imkan verməmək, lazım gəldikdə isə güc metoduna əl atmaqdır". Korotçenko xatırladıb ki, fransızlar müstəmləkə müharibələri zamanı kütləvi vəhşilikləri törədiblər. "Xatırladım ki, Əlcəzairə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bu ölkədə fransız müstəmləkəçilərinin vəhşiliklərini əks etdirən ekspozisiya ilə tanış olub".

Politoloq Ermənistanın regiondakı səriştəsiz siyasi mövqeyinin Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasını ciddi təhdid etməsi barədə də danışıb: "Yerevanın təqsiri ucbatından Azərbaycan-Ermənistan sərhədi demarkasiya və delimitasiya olunmayıb, bu da, sərhədin olmaması anlamına gəlir. Yəni Ermənistan beynəlxalq miqyasda tanınan və qeydə alınan sərhədləri olmayan ölkədir. Bu boz zonada müxtəlif hadisələr baş verə bilər. Bu və ya digər tərəfin hərbi bölmələri yüksəklikləri tuta bilər və bu, sərhədin pozulması anlamı daşımır. Çünki sərhədlər müəyyən edilməyib".

Ermənistanın Cənubi Qafqaza yeni oyunçular gətirmə istəyi revanşist hisslərin təzahürüdür. Regional lider olan Azərbaycan dövlətinin siyasi maraqları ilə üst-üstə düşməyən hər hansı bir aktın baş verə bilməyəcəyini anlamaq istəməyən təcavüzkar növbəti hərbi gücün ərazilərimizdə məskunlaşmasına şərait yaratmaq istəyir. Bu plan heç şübhəsiz, Ermənistan tərəfi üçün növbəti fiasko ilə nəticələnəcək.

Nurlan ABDALOV,

"Respublika".