İKT sahəsinin genişləndirilməsində ölkəmiz böyük potensiala malikdir
Digər xəbərlər

İKT sahəsinin genişləndirilməsində ölkəmiz böyük potensiala malikdir

Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafı digər sahələrlə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək inkişafı səviyyəsini yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək olar.

Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə bu gün  uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur.

XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual  potensialın inkişafı sayəsində  neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi  həyatına son illər daha ciddi nüfuz etmişdir. Müasir dövrdə və gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön plana keçir. Müasir rabitə və informasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən informasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açır.

2003-cü il dekabrın 10-12-də Cenevrədə BMT və Beynəlxalq  Telekommunikasiya İttifaqı tərəfindən informasiya cəmiyyəti üzrə keçirilən Ümumdünya Sammitində Prezident İlham Əliyev Azərbaycanda İKT-nin  inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərindən bəhs etmişdir.

Ötən illər ərzində respublikada rabitə və informasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının daha da liberallaşdırılması və özəl sektorun inkişafı məqsədilə mühüm işlər görülmüşdür.

2004-cü ildə “Poçt rabitəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, 2005-ci ildə “Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edilmişdir. Gənclərin yüksək intellektə sahib olması, dünyada baş verən yeniliklərə və elmə yiyələnməsi üçün ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi layihəsi həyata keçirilməkdədir.

Mövcud potensialdan səmərəli istifadə edilməsi və onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması,  bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli  layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş mühitin formalaşdırılması İKT sektorunda aparılan fəaliyyətin ana xəttini təşkil etdi.

Respublikamızda enerji sahəsindən sonra  informasiya texnologiyaları daha çox inkişaf etmiş qeyri-neft sektorudur. Respublikamızda İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti və xüsusən də bu sahəyə Prezident İlham Əliyevin diqqət göstərməsi  dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana böyük maraq göstərməsinə səbəb olub. Bu şirkətlərin rəhbərlərinin ölkəmizə səfərləri və 2007-2008-ci illərdə Davos İqtisadi Forumunda “Microsoft”, “Cisco” və “İntel” kimi dünyamiqyaslı şirkətlərin prezidentlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir və bu sahədə geniş əməkdaşlıq imkanları mövcuddur.

Regionun ən dinamik inkişaf etmiş ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara  malikdir.  Onu da qeyd edək ki, ölkə əhalisinin 81,1 faizi (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 faiz artıb. İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49 faizini qadınlar, 51 faizini kişilər təşkil edib. İştirakçıların 7,1 faizi sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4 faizi gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb. Respondentlərin 0,8 faizi həftədə bir neçə dəfə, 0,3 faizi həftədə bir dəfə, 0,4 faizi isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib. Cavab verənlərin 55,2 faizi sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3 faizi bunun əksini, 34,5 faizi isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib. Sorğu iştirakçılarının 58,1 faizinin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6 faizini, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3 faizini təşkil edib.

Ümumiyyətlə, informasiya, rabitə və yüksək texnologiya üzrə ölkə əhalisinin yaşadığı ərazilərin 99,7 faizi açıq paketlə (8-12  televiziya proqramı) sosial televiziya yayımla əhatə olunmuşdur. Əhalinin 81 faizi internet, 77 faizi isə yüksək internet istifadəçisidir.

İKT-də daha bir yenilik: Artıq “Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq gəmilərdə və neft platformalarında mobil internetdən istifadəyə başlayır. Bundan sonra şirkətin korporativ abunəçiləri mobil internetdən təkcə quruda yox, dənizdə də istifadə edə biləcəklər.

Ölkədə fəaliyyət göstərən ən iri neft şirkətlərindən biri ilə dənizdə mobil internet xidmətlərinin göstərilməsinə dair yeni imzalanmış müqaviləyə əsasən, ilkin mərhələdə “Bakcell”in mobil internet xidməti 4 dəniz gəmisi və 1 neft platformasında istifadəyə verilib. Bununla bağlı şirkətin baş icraçı direktoru Rainer Rathgeber deyib:  “Biz çalışırıq ki, abunəçilərimiz Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı, ən keyfiyyətli müştəri təcrübəsindən yararlana bilsinlər. Bu layihə sayəsində gəmidə və neft platformalarında  çalışan və dənizdə uzun müddət vaxt keçirən insanlar öz ailə üzvləri  və yaxınları ilə daim ünsiyyətdə qalacaqlar. Korporativ və fərdi abunəçilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün “Bakcell” öz şəbəkəsini və xidmət keyfiyyətini təkmilləşdirməyə  davam edəcək. Məqsədimiz xidmətlərimizdən istifadə edən hər kəsin mobil telekommunikasiyadan istifadəsinə olan ehtiyac və tələblərini tam şəkildə ödəməkdir”.

Azərbaycanın informasiya rabitə və yüksək texnologiya sahəsində davamlı inkişafını təmin etmək baxımından beynəlxalq təcrübədən yararlanması, inkişaf etmiş ölkələrlə birgə əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində iki ölkə arasında bu sahədə də qarşılıqlı fəaliyyətin regional və beynəlxalq müstəvilərdə aparılmasının vacibliyi vurğulanır.

Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir.

İnanırıq ki, həyata keçirilən tədbirlər respublikada rabitə və informasiya texnologiyaları sahəsinin inkişafını bundan sonra da sürətləndirəcəkdir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.