İlham Həsənov
Sosial həyat

İlham Həsənov

İlham Gülbala oğlu Həsənov 6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından mahnılar oxuyar, təbiətin gözəlliyinə həsr olunmuş şeirlər söyləyər, bağ-bağçada ağac və güllərə qulluq edilməsində valideynlərinə yaxından köməklik göstərərdi. Nağıllar üçün ürəyi gedərdi.

Hərdən anası balaca İlhamı suala tutar və ondan gələcəkdə hansı peşənin sahibi olacağını soruşardı.

İlham isə hazırcavab idi. Fikirləşmədən deyərdi:

--Zabit olub, bu sahədə ali təhsil alıb, vətənin, xalqın layiqli övladı olacağam.

İlham Həsənov 1983-cü ildə Yenigün kənd orta məktəbini müvəffəq qiymətlərlə başa vurmuş, son zəng tədbirində onun məzmunlu çıxışı müəllim və şagirdlər tərəfindən razılıqla qarşılanmışdır.

İlham Həsənov orta məktəb haqqında olan sənədlərini qəlbinin hökmü ilə Bakı Ali  Birləşmiş Komandirlər Məktəbinə verdi. Lakin həmin ali məktəbə daxil ola  bilmədi. O, ruhdan düşmədi. Bir qədər hazırlaşıb Bakı Yüngül Sənaye Texnikumunun Ağstafa filialına daxil oldu. 1994-cü ilin sentyabrında Milli Orduya çağırıldı. Bakıdakı hərbi hissələrin birində xidmətə başladı. O, tez bir zamanda əsgər və zabitlərin dərin hörmətini  qazandı. Hərbi təlim yarım il çəkdi, sonra isə cəbhə...

Yeni təyinat yerində İlham öz döyüş hazırlığını daha da  təkmilləşdirməyə yenicə başlamışdı ki, məlum mart hadisələri onun planlarını yarımçıq qoydu.

1995-ci ilin 13 martında bir qrup silahlı dəstə xəyanət yolunu tutaraq dövlət çevrilişinə cəhd göstərdi. Təbii ki, dövlətçiliyimiz naminə bu cəhdin qarşısı vaxtında alınmalı idi və alındı da. Artıq mart ayının 17-də  qiyamçı dəstə tamamilə  tərk-silah edilmişdi. Həmin qarşıdurmada öz vətəndaşlıq borcunu vicdanla yerinə yetirən İlham Gülbala oğlunun sinəsi qara qüvvələr tərəfindən atılan gülləyə tuş gəldi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə İlham Gülbala oğlu Həsənov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

İ. Həsənov Ağstafa şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ağstafa şəhərində adına küçə var.

Qədir ASLAN,

“Respublika”.