İlk dəfə yüksək məhsuldarlıq əldə olunur
Region

İlk dəfə yüksək məhsuldarlıq əldə olunur

Ölkənin Mərkəzi Aran hissəsində yerləşən Kürdəmir rayonunun ərazisi məhsuldarlıq sarıdan bir elə əlverişli deyil. Fermerlər bunun səbəbini bəzən suvarma suyunun qıtlığında, bəzən də lazımi gübrə, digər preparatların torpağa vaxtlı-vaxtında verilməməsində görürlər.

Kürdəmir Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov əməkdaşımıza demişdir:

- Builki nəticələr sübut elədi ki, torpağa normal aqrotexniki qulluqlar göstərilsə, taxıl sahələrindən yüksək məhsuldarlıq əldə etmək mümkündür. Əlbəttə, zəmilərin optimal müddətdə suvarılması əsas şərtlərdəndir. Fermerlər cari ildə müasir əkinçilik üsullarından səmərəli istifadə etmişlər. Nəticə sevindiricidir. Cari ildə 39 min 629,2 hektarda taxıl yetişdirilib. Zəmilərin 27 min 427,1 hektarı arpa, 12 min 204,8 hektarı buğdadır. Arpa zəmilərində hər hektara məhsuldarlıq 36,4 sentner, buğda zəmilərində orta məhsuldarlıq hektara 40 sentner olmuşdur. Rayonun əksər kəndlərində, xüsusilə Şilyan, Karrar, Qarasaqqal, Muradxan, Qarasu ərazilərində daha yüksək məhsuldarlığa nail olunub. Rayonumuzun ərazisində taxıl sahələrindən ilk dəfə belə yüksək məhsuldarlıq əldə olunub.

- Kürdəmirdə taxıl biçini kampaniyası mütəşəkkil şəkildə başa çatdırılıb. Sahələrə hər gün 33 taxılbiçən kombayn çıxarılırdı, direktor deyir, biçin müddətində təhlükəsizlik qaydalarına riayət olunduğundan, yanğın, digər xoşagəlməz  hadisələr baş vermədi.

Tofiq HÜSEYN,

“Respublika”.