İmişli: EHTİRAMLA  XATIRLANANLAR
Region

İmişli: EHTİRAMLA  XATIRLANANLAR

İmişli  rayonunda  da  şəhidlərimizin, 44  günlük  Vətən  müharibəsində  adlarını  hərb  tariximizə  qızıl  hərflərlə  yazdıran  igid  oğullarımızın  xatirəsi  əziz  tutulur. Vətən  uğrunda  canından  keçənlər,  onların  ailələri  daim  yad  olunur.

Torpaqlarımızın  azadlığı  uğrunda  gedən  döyüşlərdə  Şəhidlik  zirvəsinə  yüksəlmiş  igidlərdən  biri  Alik Musayev 1987-ci il avqustun 7-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş çavuşu olan Alik Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən şəhidimizin dəfn olunduğu rayonun Sarıxanlı kənd qəbiristanlığında məzarı ziyarət edilərək üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxundu. Sonra 44 günlük Vətən müharibəsinin Sarıxanlı kəndindən olan şəhidləri, Vüsal Şahmarlının və Cahid Əsədlinin məzarları da ziyarət olunaraq əziz xatirələri ehtiramla yad edildi.

Şəhidimizin doğum günündə Vətən müharibəsi şəhidlərinin adını daşıyan xatirə bulağının açılışı oldu. Tədbir zamanı çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən imişlili döyüşçülərinin   qəhrəmanlıqlarından danışdılar.

Allahdan  şəhidlərimizə  rəhmət,  yaxınlarına  səbir  diləyirik!         

Ərəstun  ABDULOV,

“Respublika”.