İmişli: Əkin sahələrinin suvarılmasındaproblem yoxdur
Region

İmişli: Əkin sahələrinin suvarılmasındaproblem yoxdur

Respublikamızda aqrar sahənin inkişafı hazırda prioritet hesab olunur. Ərzaq bolluğu yaratmaq, dünya bazarına brend kənd təsərrüfatı məhsulları ilə çıxmaq dövlətimizin önəm verdiyi məsələlərdəndir. Fermerlər strateji məhsul olan pambıqçılığın inkişafına yenidən qayıdırlar. Təbii ki, bu işdə əkinlərin suvarma suyu ilə təminatının böyük əhəmiyyəti var. Sevindirici haldır ki, isti və quraq keçən yay dövründə İmişli Suvarma Sistemləri İdarəsinin kollektivi öz işlərinin öhdəsindən layiqincə gəlir.

İdarənin rəisi Nizami Məmmədovdan öyrənirik ki, ötən illərlə müqayisədə xidmət göstərdikləri sahələrin ərazisi də artıb: "Hazırda ölkəmizdə qeyri-ərzaq təyinatlı bitkilərin əkin sahələrinin genişləndirilməsinə və istehsalının artırılmasına da önəm verilir. İndiyədək əkilməyən xeyli miqdarda torpaqlar meliorativ qaydada işlənərək dövriyyəyə cəlb edilib. Razılıq hissi ilə bildirirəm ki, melioratorların normal fəaliyyətinə respublikamızda hər cür şərait yaradılıb, böyük nailiyyətlər əldə olunmuşdur. Qeyd edilən hədəflərə çatmaqda rayonumuz üçün ənənəvi sahə olan pambıqçılığa geniş yer verilməsi, pambığın qiymətinə hər il yenidən baxılması, istehsalçılarda yüksək əhvali-ruhiyyə yaratmışdır".

Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyələr mütəmadi olaraq mütəxəsislərlə birlikdə məhsul istehsalçılarına vaxtında çatdırılır, onların maarifləndirilməsi nəticəsində rayonda 8 min hektardan çox sahədə pambıq əkilmişdir. Bu gün bütün sahələrdə olduğu kimi, aqrar sektorun da dinamik və tarazlı inkişaf etdirilməsi mühüm vəzifələrdən biridir. Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsində, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi mühüm rol oynayır. N.Məmmədov bildirdi ki, müəssisə 54291 hektar suvarılan sahəyə xidmət edir. Əkin sahələri 1176.5 kilometr uzunluğunda suvarma kanalları vasitəsilə su ilə təmin olunur. 2022-ci ilin 6 ayı ərzində rayonda 9275.0 hektar sahədə buğda, 8354.0 hektar sahədə arpa, 576 hektar bostan, 179 hektar sahədə qarğıdalı, 518 hektar sahədə təkrar qarğıdalı, 25155 hektar sahədə yem bitkiləri, 49 hektar sahədə çoxillik bitkilər, 40 hektar sahədə təkrar pambıq sahələri bir neçə dəfə, o cümlədən pambıq sahələri iki, bəzi sahələr üç dəfə suvarılıb.

Bunların əsas su mənbələri Araz çayı və Yuxarı Qarabağ kanalı olan Boztəpə, Qızıl arx, Köhnə Rəsul arx, Cənub Muğan, Rəsul arx, R- 2, Arazyanı və OMK kanallarıdır. Əkin sahələrinin su ilə təchizatını lazımi səviyyədə həyata keçirmək üçün idarənin balansında olan bütün qurğular, kanallar, xətlər daim saz vəziyyətdə saxlanılır, vaxtlı-vaxtında təmizlənib təmir edilir. 2022-ci ilin 6 ayı ərzində ümumilikdə 160 km uzunluğunda, 527 kubmetr həcmdə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənmişdir. Bunlarla bərabər, İmişli SSİ-nin balansında 25 ədəd nasos stansiyası vardır ki, həmin nasos stansiyalar vasitəsilə də 9515 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunur. Bundan əlavə, 6 ədəd dizel yanacağı ilə işləyən nasos aqreqatları vardır ki, bu da rayonda həlli vacib işlərdə tələbata uyğun ərazilərdə quraşdırılır. Hazırda nasos stansiyalar işlək vəziyyətdədir.

Söhbət zamanı idarə rəisi qeyd etdi ki, müqavilə öhdəliklərinin yerinə yetirilməsi, sərf olunan suya görə vəsaitin toplanması idarənin normal fəaliyyətinə ciddi təsir edən şərtlərdir. Bu sahədə də işlərin qaydada olmasını daim nəzarətdə saxlamaqla tabeliyimizdə olan kənd sudan istifadə birliklərinin fəaliyyətinə lazımi köməyimizi göstəririk. 2022-ci il təsərrüfat ili üçün SİB-lərlə 145 min manat məbləğində suyun pulu satışına dair illik müqavilə bağlanmışdır. Göstərilən məbləğdən 6 ay ərzində 36313.0 manat vəsait ödənilmişdir. Bu sahədə qabaqcıllardan Şirinqum, Kür, Muğan və Məzrəli kəndlərini göstərmək olar.

İdarə rəisi onu da qeyd etdi ki, baş idarəmiz olan ASC bizə yeni texnika və avadanlıqlar verməklə bərabər, işlərimizin günün tələbləri səviyyəsində qurulması üçün daim öz diqqət və qayğısını göstərir. Rayon icra hakimiyyətinin başçısı Elçin Rzayevin isə kənd təsərrüfatı əkinlərinin suvarılmasını mütəşəkkil keçirmək, yerlərdə problemləri öyrənmək və dərhal həll etmək üçün kəndlərdə keçirdiyi görüşlərin böyük əhəmiyyəti var. Belə görüşlərdə bütün kəndlərdə təsərrüfat ilinin əvvəlində olan problemlərin həlli üçün aidiyyəti idarələrə göstərişlər verilib və icra müddətində həmin işlər başa çatdırılıb. Məhz bu diqqətin və qayğının sayəsində əməkçilərimiz dövlətimizin aqrar siyasətinin rayonda inkişafına öz halal zəhməti ilə sanballı töhfələrini verirlər.

N.Məmmədov sonda onu da qeyd etdi ki, idarəmizin işçiləri rayonda təkcə nümunəvi əməklə deyil, həm də ictimai-siyasi fəallıqları ilə fərqlənirlər: "Biz qürur hissi keçiririk ki, işçilərimizin 324 nəfəri yaradıcısı ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvüdür. Kollektivimizin digər üzvləri isə bu avanqard partiyanın təəssübkeşləridir".

Ərəstun ABDULOV, 

"Respublika".