İmişli: Şəhid xatirəsinə ehtiram
Region

İmişli: Şəhid xatirəsinə ehtiram

Müqəddəs və şərəfli şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Vətənin yolunda canlarını fəda edənlər hər zaman ehtiramla, qürurla anılırlar.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, aparatın məsul nümayəndələrinin, şəhid ailələrinin,qazilərin, kənd sakinlərinin və məktəblilərin iştirakı ilə, Vətən müharibəsi  şəhidi Şirinov Orxan Elxan oğlunun əvvəlcə məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Sonra xatirə bulağının açılış mərasimində çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyini vurğulayıb, onların xatirələrinin unudulmayacağını söyləyib və şəhid valideynlərinə Allahdan səbir, qazilərimizə şəfa dilədi. Qeyd edildi ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Orxanın qəhrəmanlıqlarından danışdılar. Sonra şəhidin adına inşa olunan  xatirə bulağının önünə gül dəstələri düzülüb,  xatirəsi ehtiramla yad edildi. Məktəblilər şəhidlərə həsr edilən şeirlər söylədilər.

Orxan Şirinov 1998-ci il sentyabrın 14-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Nişanlı idi. Azərbaycan Ordusunun əsgəri olan Orxan Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Şirinov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şirinov Orxan Elxan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Ərəstun ABDULOV,

“Respublika”.