İmişli: Şəhidin xatirəsini əbədiləşdirən bulaq 
Region

İmişli: Şəhidin xatirəsini əbədiləşdirən bulaq 

Vətən müharibəsində düşmənin kabusuna çevrilən xüsusi təyinatlıların erməni hərbçilərinə vurduqları zərbələr hələ uzun illər yaddaşlardan silinməyəcək. “Qartal” ləqəbli şəhid Nurlan Hüseynov da onların arasında idi. Hələ Aprel döyüşlərindən düşmənə qan udduran Nurlan Vətən müharibəsində də öz qəhrəmanlığı ilə seçildi.

Nurlan Vətən müharibəsi zamanı Murovdağını, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətlərə görə ölkə başçısı  Azərbaycan  Prezidenti  İlham  Əliyev  tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Yaşasaydı, 29 yaşını qeyd edəcəkdi. Bu münasibətlə keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin əməkdaşları, şəhidin yaxınları və kənd sakinləri iştirak etdilər. Tədbir  iştirakçıları Nurlanın dəfn olunduğu rayonun Göbəktala kənd qəbiristanlığında olan məzarını ziyarət etdilər. Şəhidin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxundu. Sonra Nurlanın xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı oldu. Tədbirdə çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan  ordusunun  tamamilə  məhv  edildiyi  vurğulanıb, Böyük Qələbənin tarixi əhəmiyyəti qeyd olunub. Xatirə-bulaq kompleksinin açılışında Nurlanın təhsil aldığı məktəbin müəllimləri və şagirdləri də iştirak etdilər. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olundu.

                 Ərəstun ABDULOV,

   “Respublika”.