İMİŞLİ: Sinif otağına Elnurun adı verildi   
Region

İMİŞLİ: Sinif otağına Elnurun adı verildi   

İmişlidə şəhidlərimizin,   Vətən  müharibəsində  adlarını  hərb  tariximizə  qızıl  hərflərlə  yazdıran  igid  oğullarımızın  xatirəsi  əziz  tutulur.   Vətən  uğrunda  canlarından  keçən  oğul  və  qızlarımız,  onların  ailələri  daim  ziyarət  olunur.  Şanlı  zəfər  yürüşündə  qəhramanlıq  göstərərək    canından  keçmiş  şəhid  oğullarımızdan  biri  də  Bayramov  Elnur  Şəmsi   oğludur.  İmişli  rayonunun  Şahverdili  kəndində    şəhid Bayramov  Elnur  Şəmsi   oğlunun  adının  əbədiləşdirilməsi  məqsədilə  oxuduğu  məktəbdəki sinif otağına  onun  adı  verilib. Sinif  otağında  şəhidimizin  həyat  və  döyüş  fəaliyyətini   əks  etdirən  guşə yaradılıb.

Elnur  Bayramov  oktyabrın  28-də  Şuşa   ətrafında   Daşaltı uğrunda  gedən  ağır döyüşlərdə  qəhrəmancasına  şəhid  olub.  Ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan   və  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Bayramov  Elnur  Şəmsi  oğlu   olümündən  sonra   Azərbaycan    Prezidenti    İlham Əliyevin  müvafiq  Sərəncamlarına  əsasən  “Vətən  uğrunda”  və  “Xocavəndin  azad  olunmasına  görə” medalları  ilə təltif  edilib.

Tədbirdə  iştirak edən  İmişli  Rayon İcra  Hakimiyyətinin  başçısı   Elçin  Rzayev   bildirdi ki, 44  günlük Vətən  müharibəsində  Ali   Baş  Komandanımız  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  Müzəffər Azərbaycan  Ordusu  Zəfər  çalıb  və  Elnur  kimi  oğullarımızın  qanı,  canı  bahasına  torpaqlarımız mənfur  düşməndən  azad  edilib. “Şəhidlərin   adlarını daim  yaşatmaq,  onların  xatirəsini  əziz  tutmaq   bizim  ən  müqəddəs  amalımızdır”-- deyən  icra  başçısı  sinif  otağına  şəhidin  adının  verilməsinin  də məhz  bu  amala xidmət  etdiyini  bildirdi.  Tədbirdə  digər  çıxış  edənlər  sinif  otağına  şəhidimizin  adının  verilməsində    şagirdlərin  üzərinə  böyük  məsuliyyət  düşdüyünü,  göstərilən  etimadı  doğrultmaq üçün  təhsildə  müvəffəqiyyət  qazanmalarının  və  vətənpərvər  olmalarının  vacibliyini  vurğuladılar. Məktəblilər   vətənpərvərlik  mövzusunda  şeirlər  səsləndirdilər.  Mərasim  iştirakçıları  şəhidin  evində  yas  mərasimində   iştirak  etdilər.

                              Ərəstun  ABDULOV,

                               “Respublika”.