İmişli: Vətən müharibəsi şəhidi  yad  olundu
Region

İmişli: Vətən müharibəsi şəhidi  yad  olundu

Otuz illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın  işğaldan azad  edilməsində respublikamızın bütün bölgələrində olduğu  kimi, İmişli  rayonunun igid, mərd oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca  zirvəyə -- şəhidlik zirvəsinə yüksəldilər. Onlardan biri də, Laçın dəhlizində həlak olan igidimiz Osman Cəfərdir. Şəhidimizin doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Aparatın məsul işçiləri ilə birlikdə Osmanın məzarını ziyarət  edib, ruhuna dualar oxudular. Ziyarət zamanı çıxış edən Elçin Rzayev bildirdi ki, nə qədər Azərbaycan dövləti və xalqı var, Osman kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq və xatirəsi hər zaman əziz tutulacaq.

Osman 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. O, Laçın döyüşləri zamanı igidlik  göstərərək  qəhrəmancasına  şəhid olub və anadan olduğu İmişli şəhərində dəfn olunub. Osman vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Şəhidin  ailə  üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya   minnətdarlıqlarını ifadə etdilər.      

 Ərəstun ABDULOV,

“Respublika”.