İmişli: Vətən müharibəsinin  qəhrəmanları       
Region

İmişli: Vətən müharibəsinin  qəhrəmanları       

Azərbaycan   Ordusu  İkinci  Qarabağ  müharibəsində  öz  zəfər  yürüşü  ilə  dünya hərb  tarixinə  parlaq səhifə yazdı. Xarici  havadarlarının  köməyi  ilə  işğal  etdiyi  ərazilərdə  düşmənin tikdiyi  hərbi  istehkamlar,  topladığı  döyüş  texnikaları    və  canlı  qüvvəsi   Azərbaycan  Ordusu  tərəfindən  44 gün  ərzində  darmadağın  edildi. Vətən müharibəsində fəal iştirak edən şəhid Hüseynov Eldəniz Tahir oğlunun doğum günü qeyd edildi. Yaşasaydı  Eldəniz  Tahir  oğlu Hüseynovun  25 yaşı  olacaqdı. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul  işçiləri və şəhidin yaxınları tərəfindən Eldənizin dəfn olunduğu şəhər qəbiristanlığında məzarı ziyarət edilib. Məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.

Şəhidimiz Eldəniz Hüseynovun doğum günündə adını daşıyan xatirə bulağının da açılışı oldu. Tədbirdə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan  İmişli  Rayon  İcra  Hakimiyyətinin   başçısı   Elçin  Rzayev   həmin qələbədə payı olan Eldəniz Hüseynov  kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirdi. Qeyd  etdi  ki, Azərbaycanın  tarixi zəfərinin mənbəyi  xalqımızın  həmrəyliyi,  Ali  Baş  Komandanın  ətrafında  sıx  birləşən  xalqın  inamı, Azərbaycan  Ordusunun  məğlubedilməzliyi, hünəri  və  qətiyyəti  idi. Çıxış edənlər 44 günlük müharibədə əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu söylədilər.

Şəhidimiz Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Eldəniz Hüseynov  vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti,  Ali  Baş  Komandan  İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Hərbi Xidmətə görə” medalları ilə təltif edilib.

Ərəstun ABDULOV,

“Respublika”.