İMİŞLİ: VƏTƏN MÜHARİBƏSİNİN UNUDULMAZ  QƏHRƏMANLARI
Region

İMİŞLİ: VƏTƏN MÜHARİBƏSİNİN UNUDULMAZ  QƏHRƏMANLARI

İmişlidə  şəhidlərimizin,  Vətən  müharibəsində  adlarını  hərb  tariximizə qızıl  hərflərlə  yazdıran  igid  oğullarımızın  xatirəsi  əziz  tutulur.  Vətən  uğrunda  canından  keçən  oğul  və  qızlarımız,  onların  ailələri  daim  yad  olunur.  Şanlı  zəfər  yürüşündə  qəhrəmanlıq  göstərərək  canından  keçmiş  şəhid  oğullarımızdan  biri  də  Mehdizadə  Rüfət  İsrayıl  oğludur. Vətən  müharibəsində  şəhidlik  zirvəsinə  yüksələn  Mehdizadə  Rüfət  İsrayıl  oğlunun doğum  günü  qeyd  olundu. İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayev, YAP  İmişli  rayon  təşkilatının əməkdaşları,  şəhidin  ailə üzvləri və kənd sakinləri  tərəfindən  şəhidimizin  məzarı  ziyarət  edilib, üzərinə  gül-çiçək  düzülüb, əziz  xatirəsi  anılıb, ruhuna  dualar  oxundu. Şəhidin ata  ocağında görüşdülər.  Valideynləri  ilə görüşdə rayon rəhbəri ailə üzvlərinin  problemləri ilə  maraqlandı. Ölkə Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi ilə 44  günlük  Vətən  müharibəsində  qüdrətli  Azərbaycan Ordusunun  qazandığı tarixi Qələbədən  söz  açan  rayon  icra hakimiyyətinin  başçısı  Elçin  Rzayev  həmin  qələbədə  payı  olan  Rüfət   Mehdizadə  kimi  qəhrəman  oğullarımızla  hər  birimizin  fəxr  etdiyini  bildirdi.

Mehdizadə Rüfət  İsrayıl  oğlu  1996-cı il  aprelin  1-də   İmişli  rayonunun Qulubəyli  kəndində  anadan  olub. “Düşmən  kimdir  ki,  biz  ondan  qorxaq.  Onlar  bizdən  qorxsun  ki,  biz  gəliri”. Rüfət  Mehdizadə  bu  kəlməni  deyərək  Vətən  müharibəsinə gedir. Rüfət Mehdizadə Vətən müharibəsində qəhrəman  hərbçi   kimi  şərəfli  döyüş  yolu  keçib. Füzuli  və  Cəbrayıl istiqamətlərində  gedən  döyüşlərdə  xüsusi  qəhrəmanlıqlar   göstərərək  düşmənin  canlı  qüvvəsini  və texnikasını  məhv  edib. Şəhidimiz  2020-ci il sentyabrın  30-da Füzuli  uğrunda  gedən  döyüşlərdə qəhrəmancasına  şəhid  olub. Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamlarına  əsasən  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Mehdizadə  Rüfət  İsrayıl  oğlu  ölümündən  sonra “Vətən uğrunda”, “Füzulinin  azad  olunmasına  görə” və “Xocavəndin  azad olunmasına  görə” medalları ilə təltif edilib. Şəhid  hərbçimizin  2 övladı  bizlərə  əmanətdir.

Şəhidimizin  ailəsi  dövlət  tərəfindən  onlara  göstərilən  diqqət  və  qayğını  hər  zaman  hiss  etdiklərini, bu  qayğını  yüksək  qiymətləndirərək  Azərbaycan  Prezidenti  İlham  Əliyevə  və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya minnətdarlıqlarını  bildirdilər.

    Ərəstun ABDULOV,

         “Respublika”.