İmişli: Xalid Kamranlı  doğum  günündə  anılıb
Region

İmişli: Xalid Kamranlı  doğum  günündə  anılıb

İmişlidə  Vətən  müharibəsində  adlarını  hərb  tariximizə  qızıl  hərflərlə  yazdıran  igid  oğullarımızın, şəhidlərimizin  xatirəsi  əziz  tutulur,   onların  ailələri  daim  yad  olunur.  Şanlı  Zəfər  yürüşündə  qəhrəmanlıq  göstərərək  canından  keçmiş  şəhid  oğullarımızdan  biri  də  Kamranlı  Xalid  Kazım  oğludur. Yaşasaydı,  bu  gün  qələbə  sevincini  və  doğum  gününü  ailəsi  ilə  birlikdə  qeyd  edəcəkdi.

Kamranlı Xalid  1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Şəhidimiz 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində iştirak etmiş və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərərək oktyabrın 15-də  şəhid olub.

Xalidin doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev,  Aparatın məsul əməkdaşları , qəsəbə  sakinləri  və  şəhidin  yaxınları  tərəfindən şəhidin dəfn olunduğu Bəhrəmtəpə qəsəbə qəbiristanlığında məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub və ruhuna dualar oxundu. Tədbirdə  şəhid  Xalid  Kamranlının  qısa,  lakin  şərəfli  həyat  yolundan  və  onun  Vətən  müharibəsində  göstərdiyi  qəhrəmanlıqlardan  söhbət  açıldı,  onunla  bağlı  xatirələr  bölüşüldü.  Şəhidin  gənclərə  örnək  olduğu  bildirildi,  onunla  qürur  duyduqları  ifadə  olundu.   

Çıxış  edənlər  şəhid  ailələrinə  göstərilən  diqqət  və  qayğıya  görə  möhtərəm  Prezident  cənab  İlham  Əliyevə,  Birinci  vitse -prezident  Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdilər.

Kamranlı  Xalid   vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Azərbaycan Prezidenti   İlham Əliyevin  müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

    Ərəstun  ABDULOV,

      “Respublika”.