İmişlidə vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb
Region

İmişlidə vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə COVID-19 əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların "e-TƏBİB" sistemində peyvənd olunmuş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən olunub. Faktla əlaqədar İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

 AZƏRTAC