İmişli: “Qarabağ” ordenli şəhid
Sosial həyat

İmişli: “Qarabağ” ordenli şəhid

İmişli  Rayon  İcra  Hakimiyyətində   Azərbaycan Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunmuş şəhid gizir Cavadlı Nemət Cavid oğlunun ailəsinə təqdim  edilməsi tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları iştirak etdilər.

RİH başçısı Elçin Rzayev 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan böyük Zəfərin tarixi əhəmiyyətindən danışdı. Gizir Nemət Cavadlı təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın  işğaldan   azad edilməsi naminə başlanan “Dəmir Yumruq” əməliyyatının ilk günündən mərdlik və igidlik nümunələri göstərib.   Rayon  rəhbəri  qeyd  edib  ki,  Vətən  uğrunda  canlarından  keçən  oğul  və  qızlarımız,  onların  ailələri  daim  yad  olunur. Şəhidlər  vətəni  necə  sevməyin,  torpağı  necə  qorumağın  yolunu  göstərən  vətənpərvərlik  rəmzləridir.   Tədbirdə çıxış edənlər Nemətin vətənpərvər bir gənc olduğunu, qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirdiyini, səmimiliyi, döyüşkənliyi, peşəkarlığı, eləcə də yüksək mənəvi və iradi keyfiyyətləri ilə ad çıxardığını xüsusi qeyd etdilər.  Qeyd  edək  ki,  Nemət  Cavadlı  2016-cı  ilin Aprel döyüşlərində  iştirak  edib,  26-iyun 2018-ci il tarixdə  “Azərbaycan  Ordusunun  100  illiyi” yubileyi  medalı  ilə  təltif  olunub.  Azərbaycan  Ordusunun  Xüsusi  Təyinatlı  Qüvvələrinin  giziri  olan  Nemət  Cavadlı  2020-ci  il  sentyabrın  27- də  Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  Ermənistan  işğalı  altında  olan  ərazilərin  azad  edilməsi  və  Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  olunması  üçün  başlanan  Vətən  müharibəsi  zamanı  Füzulinin, Cəbrayılın, Kəlbəcərin  və  Şuşa  şəhərinin  azadlığı  uğrunda  gedən  döyüşlərdə  iştirak  etmişdir. Nemət  Cavadlı  oktyabrın  31-də Şuşa  döyüşlərində  qəhrəmancasına  şəhidlik  zirvəsinə  yüksəlib. Ölümündən  sonra  “Vətən  uğrunda”  medalına  layiq  görülüb.                   

Azərbaycanın  ərazi  bütövlüyünün  bərpa  edilməsində  xüsusi  xidmətlərinə  və  işğal  olunmuş  ərazilərin  azad  olunması  zamanı  düşmənin  məhv  edilməsi  üzrə  qarşıya  qoyulmuş  döyüş  tapşırığını  yerinə  yetirən  zaman  göstərdiyi  qəhrəmanlıq  nümunəsinə  görə, həmçinin   hərbi  qulluq  vəzifəsini  yerinə  yetirən  zaman  igidliyin  və  mərdliyin  nümayiş  etdirilməsinə  görə  Azərbaycan  Prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı cənab  İlham  Əliyevin  09.12.2020-ci  il  tarixli  Sərəncamına  əsasən  Nemət  Cavadlının  təltif  edildiyi  “Qarabağ” ordeni  şəhidimizin  atasına  təqdim  olundu.

Şəhidimizin atası Cavid kişi oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə və göstərilən diqqət   və  qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, şəhid ailələrinə həmişə dəstək olan Birinci vitse-prezident   xanım  Mehriban Əliyevaya  öz  dərin   minnətdarlıqlarını  bildirdi.

Ərəstun  ABDULOV,

“Respublika”.