İMTAHANLARDA YÜKSƏK BAL TOPLAMIŞ GƏNCLƏRLƏ GÖRÜŞ
Region

 İMTAHANLARDA YÜKSƏK BAL TOPLAMIŞ GƏNCLƏRLƏ GÖRÜŞ

Yardımlı rayonunda 80 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu il rayonun 46 tam orta məktəbini 586 nəfər bitirib. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə 4 nəfər 600 baldan, 11 nəfər isə 550-dən yuxarı bal toplayıb.

Vəlixanlı kənd tam orta məktəbinin nəticələri daha yüksəkdir, -deyə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Cavanşir Rzayev bildirir. Məktəbin məzunlarından Kənan Rufullazadə 643 bal, Ramin Əhədzadə 621 bal, Şəbnəm Məmmədli 590 bal toplayıb. Yardımlı şəhər 2 nömrəli məktəbin məzunu Turan Kərimli 647 balla rayonda birinci yerə çıxıb. Alçabulaq kənd tam orta məktəbinin yetirməsi Elmar Mirzəyev qəbul imtahanlarında 621 bal, Qabaqdibi kənd tam orta məktəbinin məzunu Gülər Cəbizadə 590 bal, Cerinbel kənd tam orta məktəbinin məzunu Zümrüd Feyzili 586 bal toplayıb.   

Yardımlı şəhərinin Heydər Əliyev Mərkəzində 2020-2021-ci tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarında 550-dən yuxarı bal toplamış gənclərlə görüş keçirilib. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov görüşdə ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə təhsil strategiyasının uğurla həyata keçirilməsindən söhbət açıb. Rayonun tam orta məktəblərini bitirmiş məzunları əldə etdikləri yüksək nəticələr, uğurlar münasibətilə təbrik edərək onlara səmimi, xoş arzularını çatdırıb.

Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə, Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Elman Eldaroğlu və başqaları rayonda gənclərin təhsilinə xüsusi önəm verildiyini, imtahanlardan yüksək bal toplamış abituriyentlərin ölkənin ən qabaqcıl universitetlərində təhsil alacaqlarını, yüksəkixtisaslı kadr kimi müstəqil Azərbaycanın iqtisadi inkişafına, tərəqqisinə layiqli töhfələr verəcəklərini əminliklə qeyd ediblər.

Tədbirdə imtahanlarda yüksək nəticələr qazanmış məzunlara Yardımlı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları, Yardımlı Xeyriyyə Cəmiyyəti tərəfindən isə qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.