İnam və etimad vəhdətinin uğuru
Siyasət

İnam və etimad vəhdətinin uğuru

9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq yenidən bu ali vəzifəyə seçilib. Ölkəmizin tarixinə mühüm hadisə kimi düşən seçkilər  vətəndaşların səsvermədəki fəallığını müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmayıb. Müşahidəçilər bu amili yüksək qiymətləndirərək son illərdə ölkəmizdə demokratik proseslərin uğurla getdiyini, prezident seçkilərinin azad və şəffaf keçirildiyini bildiriblər.

"Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm". Bu fikirləri İlham Əliyev prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciətində deyib. Seçkilərin azad, şəffaf şəkildə keçirilməsinin demokratiyaya doğru atılan növbəti ciddi addım olduğunu vurğulayan Prezident qeyd edib ki, ölkəmizdə bütün proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermiş, on il ərzində dövlətçiliyimizin əsasları möhkəmlənmişdir. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır.

Beləliklə, Azərbaycan vətəndaşları yenidən öz səslərini İlham Əliyevə verdilər. Seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti 5 il müddətinə Prezident seçildi. Əslində, Azərbaycan xalqı 2003-cü ildən ötən 10 ildə qazanılan böyük nailiyyətlərə, sürətli inkişafa və qazanılan uğurların davam etdirilməsinə səs verdi. Çünki  bu illər ərzində  Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olundu. Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazandı. Onun rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrildi. Həyata keçirilən qlobal və regional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti  müasir, müstəqil Azərbaycanın devizinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss etməyə başladı. Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanırdı.

Hələ 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin növbəti dəfə Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.

Xalqın bu ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirdi. 2008-ci ilin oktyabrında xalq yenə də "Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir", - deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan  Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn  konsepsiyaya çevrildi. Dövlətimizin başçısı qarşıdakı illərdə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində isə yenə də onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı.

Beləliklə, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan xalqı prezident seçkilərində də İlham Əliyevə etimad göstərərək onu növbəti dəfə dövlət başçısı seçdi. Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafının səbəbidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, mühüm tranzit qovşağıdır.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Ölkənin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətəndaşlarımızın milli birliyinə nail olan Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərti oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirdi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaşıdır. Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir.

Mustafa KAMAL,

"Respublika".