Çətin günlərində, tarixin ağır sınaqlarında xalqının yanında olan, dövlətimizin müstəqilliyinin qorunub saxlanmasında, hərtərəfli inkişafında müstəsna xidmətlər göstərən ulu öndər Heydər Əliyevə Azərbaycan xalqı hər zaman hörmət və ehtiram bəsləmiş, öz dahi oğluna böyük etimad göstərmişdir.
20 il bundan öncə, 2003-cü il oktyabr ayının 15-də prezident seçkiləri zamanı xalqın böyük əksəriyyətinin seçki məntəqələrinə gələrək öz səsini cənab İlham Əliyevə verməsi də xalqın ulu öndər ideyaları işığında yaşamaq istəyinin təzahürü idi. Və həmin gün Azərbaycan xalqı arzusunu reallığa çevirməyi bacardı. 10 il əvvəl özünün xilaskarı, ümummilli lideri olan Heydər Əliyevi təkidli xahişi ilə rəhbərliyə dəvət edən xalq oktyabr ayının 15-də onun layiqli davamçısını dövlətinə Prezident seçdi. Azad, şəffaf, demokratik prinsiplər əsasında keçirilən seçkilərdə qalib gələn baş nazir İlham Əliyev oktyabr ayının 31-də paytaxtın Respublika sarayında müasir Azərbaycanın qurucusu, böyük şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu şərəflə, vicdanla davam etdirəcəyinə sədaqət andı içdi: "Azərbaycan Respublikasının Prezidenti seçilməyimdə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. …Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: "Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".
Bəli, müstəqil Azərbaycan bu illər ərzində tərəqqiyə, inkişafa, quruculuğa, əmin-amanlığa doğru uzun yol qət etdi. Qarşıya çıxan hər bir problemin həlli istiqamətində məqsədyönlü iş aparıldı. Genişmiqyaslı islahatlar iqtisadiyyatın dinamik inkişafına imkan yaratdı, Azərbaycan sürətlə inkişaf edən bir ölkəyə çevrildi. Əldə olunan uğurlar ümumi daxili məhsulun artımını şərtləndirdi. Müəyyənləşdirilən hədəflərə çatmaq üçün qarşıya qoyulan bütün vəzifələr uğurla icra olundu. Sənaye potensialının inkişafı istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olduğunu bir daha təsdiq etdi. Ölkəmizə yatırılan xarici investisiyaların həcmi gündən-günə artmağa başladı. Azərbaycan beynəlxalq səviyyəli irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də icraçısına çevrildi. Yerli sahibkarların fəaliyyətinə geniş imkanların yaradılması daxili investisiyaların artımı ilə müşahidə olundu. Dövlətin valyuta ehtiyatları, büdcə gəlirləri çoxaldı. Görülən işlər, qəbul edilmiş proqramlar, həyata keçirilən infrastruktur layihələr, sahibkarlara göstərilən dəstək, investisiya mühitinin yaxşılaşdırılması iqtisadi, eyni zamanda siyasi sahədə uğurların qazanılmasına əlverişli şərait yaratdı.
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası respublikanın bölgələrinin inkişafı ilə yanaşı, yeni iş yerlərinin açılmasına, dövlətin qarşısında duran ən vacib məsələlərdən biri olan işsizlik faizinin minimum həddə düşməsinə səbəb oldu. Həmçinin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırılan layihələr ölkə ərazində yoxsulluq səviyyəsinin azalmasına geniş imkanlar açdı. Sosial məsələlərin həlli istiqamətində düşünülmüş addımların atılması ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını, əməkhaqlarının, pensiyaların artırılmasını şərtləndirdi.
1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyası, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan neft-qaz ehtiyatlarını dünya bazarlarına çıxardı. Bakı Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin işə düşməsi həm Cənubi Qafqaz regionu, həm də dünya üçün böyük əhəmiyyət kəsb etdi. "Şahdəniz", "Cənubi Qafqaz Boru Kəməri", "TANAP" və "TAP" kimi 4 layihədən ibarət olan XXI əsrin ən mühüm infrastruktur layihəsi - Cənub Qaz Dəhlizi bu gün dünya bazarlarında Azərbaycan qazına olan tələbatı qarşılamaq gücündədir.
Ölkəmizdə elektrik enerjisi istehsalında həm ənənəvi, həm də alternativ və bərpaolunan mənbələrdən istifadə olunması, bu sahədə ən qabaqcıl texnologiyaların tətbiqi energetika sahəsində əldə olunan nailiyyətləri daha da artırdı. Azərbaycan 2004-cü ildə isə Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirmək məqsədi daşıyan "Avropa Qonşuluq Siyasəti" nə qoşuldu, 2006-cı ildə isə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı.
2018-ci ildə ümumxalq səsverməsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev aprel ayının 18-də andiçmə mərasimində Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə bir daha and içdi. Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev ötən 15 il ərzində əldə olunan nailiyyətlərdən danışarkən gələcək hədəfləri də diqqətə çatdırdı: "Yəni son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".
2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında ərazi bütövlüyü, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı, biri-birlərinin müstəqilliyi və suverenliyinə hörmət və bu prinsiplərin dəstəklənməsinə sadiq qalmaqla öz aralarında münasibətlərini daha da inkişaf etdirmək məqsədilə "Tərəfdaşlıq prioritetləri" adlı mühüm sənəd qəbul olundu. Azərbaycanın xarici siyasətində əldə etdiyi uğur kimi dəyərləndirilən bu sənəd ölkəmizin Avropaya inteqrasiya olunmasında, həmçinin Azərbaycanın Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələrinin qəbul edilməsində böyük əhəmiyyət kəsb etdi.
Qeyri-neft sektorunun inkişafı dövlətin diqqət mərkəzində saxlanıldı. Neft kapitalının insan amilinə çevrilməsi dövlət siyasətinin prioritetinə çevrildi: İqtisadi inkişaf sürətinə gorə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayə qoyaq", - deyən Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk illərindən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin aparılmasını tələb edən təhsil islahatlarını uğurla həyata keçirməyə başladı. O, elm və təhsilin problemlərini diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etdi, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş islahatlar aparıldı və bu sahədə mühüm nailiyyətlər əldə edildi.
Bu gün beynəlxalq təşkilatlarda Azərbaycan uğurlu fəaliyyət göstərir, ölkəmizin nüfuzu gündən-günə artır. Dünyanın bir çox ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri genişləndirilir. İqtisadiyyatını dinamik sürətlə inkişaf etdirən Azərbaycan Cənubi Qafqazda liderliyini qoruyub saxlayır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bütün sahələrdə özünü bariz şəkildə göstərir. Xarici investorlar sərmayə qoyuluşu üçün Azərbaycanı ən münasib ölkələrdən hesab edir, vaxtilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkə daxilində yaradılan siyasi sabitlik bu gün xarici sərmayələrin ölkəmizə axınını şərtləndirir ki, bu da öz növbəsində müstəqil dövlətimizin gücünü, qüdrətini artırır.
İqtisadi imkanlar artdıqca ölkədə baş verən proseslər müsbətə doğru dəyişməyə başladı. Ölkə iqtisadiyyatının, sənaye potensialının inkişafı, ordu quruculuğu istiqamətində mühüm işlər həyata keçirildi. Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan ordusunu dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı. Təchizat, silah-sursat, texnika, ordumuzun döyüş qabiliyyəti, Türkiyə ilə hərbi müttəfiqlik İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin əsasını təşkil etdi.
Azərbaycana rəhbərliyinin ilk günlərindən xalqının mənafeyini hər şeydən üstün tutan, milli maraqlar naminə mübariz, düşünülmüş siyasət həyata keçirən dövlət başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək, göstərdiyi böyük etimadı doğrultdu. Bütün fəaliyyətində Azərbaycan xalqının milli maraqlarına əsaslanan Heydər Əliyevin müdrik strateji inkişaf yolunu layiqli şəkildə davam etdirir. Azərbaycan Prezidentinin düşünülmüş islahatları, müdrik qərarları Azərbaycanı dünyada öndə gedən ölkələrdən birinə çevirdi, onun rəhbərliyi ilə həyata keçirilən konsepsiyalar, aparılan sosial-iqtisadi siyasət ölkəmizdə bütün sahələrdə önəmli dönüş yaratdı. Dəfələrlə mötəbər kürsülərdən heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacağımızı, münaqişənin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, öz doğma torpaqlarımızı nəyin bahasına olur-olsun azad edəcəyimizi bəyan edən İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi gündən bu amal uğrunda mübarizə apardı. Bu mübarizə onun daxili və xarici siyasətinin əsas qayəsinə çevrildi.
2020-ci il sentyabrın 27-də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycan öz gücü, potensialı hesabına ərazi bütövlüyünü təmin etdi. İlham Əliyev həm güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharətinə malik siyasətçi, yenilməz dövlət rəhbəri, həm də Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsində Qalibiyyətə imza atdı. Bu illər ərzində beynəlxalq təşkilatların edə bilmədiklərini, yaxud da etmək istəmədiklərini müstəqil Azərbaycan 44 gün ərzində reallaşdırdı. 30 il davam edən işğalçılıq dövründə olduğu kimi, müharibə zamanı da bir sıra ölkələr, beynəlxalq qurumlar ölkəmizin əleyhinə ədalətsiz çıxışlar edərək reallığı əks etdirməyən bəyanatlar verir, Azərbaycanın haqq işinə böyük maneələr yaratmağa çalışırdılar. Lakin uğurlu diplomatiya yürüdən, siyasi əlaqələrini və iqtisadi imkanlarını möhkəmləndirən Azərbaycan süni şəkildə yaradılan bütün maneələri dəf etməyi bacardı, həm də öz gücü, xalqının etibarı və etimadı sayəsində. Öz ərazilərində əks-hücum əməliyyatı aparan müstəqil dövlətimiz qorxaq, hər zaman himayə altında yaşayan Ermənistana tarix boyu unuda bilməyəcəyi dərs verdi. Düşmən ölkə Azərbaycanın gücü, iradəsi, xalqının birliyi, mübarizliyi qarşısında duruş gətirə bilməyərək diz çökdü, təslim aktı imzaladı. Dövlət başçısı İlham Əliyevin müdrikcəsinə yürütdüyü siyasət öz nəticəsini verdi. Şanlı Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. İkinci Qarabağ müharibəsi xalqımızın qürur, işğalçı ölkənin isə acı həqiqəti oldu. Ölkə başçımız yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatı gözəl bilməsi sayəsində həm daxildən, həm də xaricdən qaynaqlanan təxribatın, antiazərbaycançılığın qarşısını alaraq dövlətimizi və dövlətçiliyimizi qorudu, pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi.
Artıq 30 illik işğala son qoyan Azərbaycan bütün sahələr üzrə inkişafın yeni mərhələsinə qədəm qoyub. Ölkədə iqtisadi sahənin inkişafının təmin edilməsi, sənaye potensialının gücləndirilməsi, təhsil sferasında yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində mümkün olub. Demokratik cəmiyyət, hüquqi dövlət, insan haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə ayaqlaşan ölkəmizin mövqeyi indi dünyanın, regionun əsas strateji və qlobal problemlərin həllində nəzərə alınır, regionda beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarına uyğun olaraq həyata keçirilir. Azərbaycanı daha qüdrətli dövlətə çevirmək, həm iqtisadi, həm hərbi cəhətdən gücləndirmək, hərtərəfli inkişaf yolunda irəliyə aparmaq üçün əzmlə, qətiyyətlə çalışan Prezident İlham Əliyev gerçəkləşdirdiyi uğurlu diplomatiya ilə ölkəmizin regional liderliyini təmin etmişdir. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyası, ölkəni milli-mənəvi dəyərlər əsasında inkişaf etdirmək İlham Əliyevin apardığı məqsədyönlü siyasətin prioritet istiqamətidir.
Mehparə ƏLİYEVA,
"Respublika".