İnamla hədəflərə doğru
SİYASƏT

İnamla hədəflərə doğru

Həyata keçirilən islahatlar dövlətimizin qarşıdakı illərdə də bölgələrin inkişafına xüsusi qayğı göstərmək əzmini nümayiş etdirir

Azərbaycanın müstəqilliyinin bərpasından ötən 30 illik bir müddətdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuşdur. İqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi intərəqqinin möhkəm təməli qoyulmuşdur.

Regionların inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə imzaladığı ilk, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramı" aktuallığına, əhəmiyyətinə və miqyasına görə xüsusilə diqqət mərkəzində olmuşdur. 2009-2013 və 2014-2018-ci illər üzrə Dövlət proqramları da ölkədə regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində mühüm rol oynamışdır. Proqramların icra olunması nəticəsində regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişmiş, bölgələrin potensialı artmış, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar yaranmışdır. Beləliklə, bu günə qədər ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı həyata keçirilmiş, icrası uğurla davam edən 4-cü proqram isə bir neçə aydan sonra başa çatacaqdır.

Azərbaycanın hər bir bölgəsi tərəqqi dövrünü yaşayır, inkişafda əhəmiyyətli rol oynayan infrastruktur tamamilə yenilənib və müasir tələblər səviyyəsində yenidən qurulub. Görülən işlər sahibkarlığın inkişafına da geniş imkanlar açıb. Bununla yanaşı, özünüməşğulluq proqramlarının əhatə dairəsi də genişlənib. "Asan Xidmət", Ailə Biznesinə Asan Dəstək (ABAD), Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin sayının artması da məhz bu hədəflərə yönələn addımlardandır. Qeyd edilən reallıqlar, şəhərlə kənd arasında fərqin aradan götürülməsi məhz regional inkişaf proqramlarının uğurlu icrasının nəticəsidir.

Dövlət başçısının regionlara hər səfərində görülən işlər qiymətləndirilir, ayrı-ayrı iqtisadi zonalar üzrə perspektivlər müəyyənləşdirilir və inkişafın davam etdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə demişdir: "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var".

Prezident İlham Əliyev bölgələrə mütəmadi səfərləri çərçivəsində müxtəlif müəssisələrin açılışlarını edir, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Bütün bunlar həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki və Oğuz rayonlarında səfərdə olublar. Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Bu avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək. Səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəkinin Orta Zəyzid kəndində "Green Factory" Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə də tanış olublar. Müəssisənin 100 hektar bağ sahəsində Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından, o cümlədən şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma və alça meyvələrinin bir neçə növündən ibarət bağ salınıb. Ölkə rəhbəri, həmçinin Şəki Xan məscidi kompleksində, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə də maraqlanıb.

Dövlət başçısı Şəkidən sonra Oğuza səfəri çərçivəsində Daşağıl çayı üzərində "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su elektrik stansiyaları silsiləsinin, körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Həmçinin, Oğuzda "Şəki-Oğuz" Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. Aqroparkın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə tanış olub, torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğuları işə salıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar göstərir ki, dövlətimiz tərəfindən qarşıdakı illərdə də bölgələrin inkişafına xüsusi qayğı göstəriləcək. Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur.

                                   M.MİRZƏ,

                                   "Respublika".