İndi qarşıda duran əsas vəzifə Qarabağın bərpası və yenidən qurulmasıdır
Siyasət

İndi qarşıda duran əsas vəzifə Qarabağın bərpası və yenidən qurulmasıdır

"Biz elə bir şəhər quracağıq ki, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti sayəsində 30 il müddətində ermənilərin işğalı altında qalan torpaqlarımız İkinci Qarabağ müharibəsində azad olundu. Ölkə başçısı İlham Əliyev ən mötəbər kürsülərdən haqq səsimizi bütün dünyaya çatdıraraq Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Həm hərb meydanında, həm də diplomatiya sahəsində qalibiyyət qazanan Azərbaycan düşmənə kapitulyasiya aktı imzalatdırdı.

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin qarşısında dayana bilməyən erməni silahlıları müharibəni sonadək döyüş meydanında apara bilmədilər. 30 il işğal altında saxladıqları torpaqlarımız 44 gün ərzində geri alındı. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını heç bir müqavimət göstərmədən geri qaytardı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.

2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ağdam şəhərində olarkən Azərbaycanın Dövlət Bayrağını qaldırmış və birinci xanım Mehriban Əliyeva ilə Ağdam məscidini ziyarət etmişdir.

Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlayan Prezident məscidin qarşısında çıxış edərkən demişdir: "Biz Ağdama qayıtmışıq... Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik".

Bu gün Prezident İlham Əliyevin əzmi, qətiyyəti və uzaqgörən siyasəti sayəsində erməni faşistləri tərəfindən darmadağın edilmiş, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur. İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra onların dayanıqlı məskunlaşmasını təmin etmək və bu əraziləri cəmiyyətin sağlam, müasir, abad yaşayış mühitinə çevirmək üçün böyük layihələr reallaşdırılır.

Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonu ölkəmizin inkişafında mühüm strateji əhəmiyyət kəsb edir. Son dövrlər bu rayonların hər birində, o cümlədən Ağdam rayonunda geniş quruculuq işləri aparılır, özünəməxsus iqtisadi coğrafi mövqeyə, təbii şəraitə, təsərrüfat quruluşuna malik olan rayonun infrastrukturu bərpa olunur və iqtisadi potensialı canlandırılır. Rayonda bir sıra infrastruktur layihələrin icrası həyata keçirilir. Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması bu layihə çərçivəsində reallaşdırılır. Ötən il 28 May - Müstəqillik Günündə Ağdam şəhərinin bərpasının təməl daşını qoyan Prezidenti İlham Əliyev səfər zamanı demişdir: "Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir".

Bu il fevral ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri zamanı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etmişlər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoymuşdur. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna növbəti dəfə səfər edərkən dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər. Onlar Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olduqdan sonra Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. 40-dan çox ölkədən nümayəndələrin iştirak etdiyi Forumda çıxış edən Prezident İlham Əliyev 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində vandallıq edən ermənilərin əməllərindən bəhs etmiş, 28 il ərzində Minsk qrupunun yarıtmaz fəaliyyətini bir daha diqqətə çatdırmışdır. Prezident İlham Əliyev Azərbaycanın öz gücü, iradəsi ilə beynəlxalq hüququ bərpa etdiyini, BMT qətnamələrini icra edərək BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək torpaqlarını işğaldan azad etdiyini vurğulamışdır. Azərbaycan Prezidenti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulduğunu, burada ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacağını, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacağını bildirmişdir.

İşğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün ölkəmizin bütün potensialının səfərbər olunduğunu bildirən dövlət rəhbəri böyük infrastruktur layihələrinin icra olunduğunu, magistral və kənd yollarının tikildiyini, Bərdə-Ağdam dəmir yolunun gələn il istifadəyə veriləcəyini, yeni dəmir yolunun təməlinin qoyulduğunu qeyd etmişdir. Ağdamda 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməlinin qoyulduğunu, burada məktəb və xəstəxana binalarının tikildiyini bildirən ölkə başçısı yaxın iki il ərzində Ağdama bir neçə min insanın köçürüləcəyini qeyd etmişdir.

Forumu Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcı adlandıran Prezident İlham Əliyev yaxın gələcəkdə Ağdamın dünyanın bir çox şəhərləri ilə qardaşlaşmış şəhərlər olacağını bildirmişdir.

Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, gələcəyə hədəflənmiş daxili və xarici siyasəti sayəsində müstəqil Azərbaycan inkişafının yeni mərhələsini yaşayır. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı reallaşdırılır. İndi qarşıda duran əsas vəzifə Qarabağın bərpası və yenidən qurulmasıdır.

Mehparə ƏLİYEVA,

"Respublika".