İndiyədək Probasiya Xidməti tərəfindən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə amnistiya tətbiq olunub
Sosial həyat

İndiyədək Probasiya Xidməti tərəfindən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə amnistiya tətbiq olunub

"8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının icrası çərçivəsində bu günə qədər Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə amnistiya aktı tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində deyib.

A.Ziyadov bildirib ki, probasiya qurumlarının Baş Prokurorluqla razılaşdırılmış qərarları ilə 3556, məhkəməyə verilən 4024 təqdimat əsasında bu günə qədər 2635 məhkum haqqında amnistiya aktı tətbiq edilib. Onlardan 506 nəfər qadın, 20 nəfər yetkinlik yaşına çatmayan, 6-sı əcnəbi, 243-ü 60 yaşına çatmış, 6-sı Vətən müharibəsində iştirak etmiş şəxslərdir. Amnistiya tətbiq olunmuş şəxslərdən 2457 nəfər islah işləri, 77 nəfər isə ictimai işlər cəzasından azad edilmiş məhkumlardır. Cərimə cəzasından azad edilmiş 1022 məhkum 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad edilib.

Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1542 nəfər cəzadan azad olunub. Onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 1075 məhkumun cəza müddəti 1 il azaldılıb.

AZƏRTAC