İnfrastruktur layihələr həyata keçirilir
İQTİSADİYYAT

İnfrastruktur layihələr həyata keçirilir

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə böyük zəfərə nail oldu. Təbii ki, qələbənin əbədiləşdirilməsi üçün öz torpaqlarında köçkün düşən insanların el-obasına qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu stimulların reallaşdırılması məqsədilə dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi bütün layihələr təqdirəlayiqdir.

Azərbaycanın əksər şəhər və rayonlarında su təsərrüfatının inkişafı və yaradılması ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin şəhər kimi formalaşmasında mühüm rol oynayıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, işğal olunmuş torpaqlarımızda 9 su anbarı, 7 sututarı, 6426 kilometr suvarma şəbəkəsi, 8003 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə isə, 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

Bildiyimiz kimi, bu gün dövlət başçısının nəzarəti altında işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma və bərpa işləri davam etdirilir. Həyat üçün əsas amillərdən olan su təsərrüfatının inkişafı da prioritet məsələ kimi diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay Su Anbarında olublar. Dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1980-ci illərin əvvəllərində inşa edilmiş Köndələnçay Su Anbarının əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Uzun illər düşmənin əlində olan bu sudan biz məhrum idik. Nəhayət, İkinci Qarabağ müharibəsinin şanlı qələbəsindən sonra həm Suqovuşan Su Anbarı dövlətimiz tərəfindən nəzarətə götürüldü, həm də Köndələnçay Su Anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verilib və Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Prezident İlham Əliyevin dediyi kimi: “Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq, Köndələnçay Su Anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq”.

Vurğulamaq lazımdır ki, azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırdır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi öz əlimizdədir. Köndələnçay Su Anbarının suyundan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq dövlətimiz tərəfindən vəsait də ayrılıb, müvafiq göstərişlər verilib və geniş proqram icra edilməyə başlanılıb. İşğal dövründə Sərsəng Su Anbarı və Suqovuşan Su Anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi.

Onu da deyək ki, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan Su Anbarından su verilməyə başlanılmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay Su Anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı Köndələnçay Su Anbarından həcm baxımından daha böyükdür.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edəcək.

Artıq 30 illik işğala son qoyulub, torpaqlarımız azad edilib. İndiyədək həlli müşkülə çevrilən Qarabağ düyünü çözülüb. Qarşıda böyük quruculuq işləri durur. Aşağı Qarabağ bölgəsi sayılan Füzuli bölgəsində genişhəcmli işlərin görülməsi planlaşdırılır. Ölkə başçısının dediyi kimi; “İndi Füzulinin baş planı hazırlanır. Yəqin ki, bir neçə aya onu biz artıq təsdiqləyəcəyik. Ondan sonra isə bərpa işlərinə başlayacağıq”. Prezident öz çıxışlarında həm də işğaldan azad olunmuş bütün ərazilərin yaşıl enerji zonası elan edildiyini də vurğulayır. Təbii ki, Füzuli bölgəsi də infrastruktur layihələrinin həyata keçirilməsi sayəsində gözəl bir məkana çevriləcəkdir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.