İNKİŞAF EDƏN SABİRKƏNDİN PROBLEMLƏRİ DƏ VAR
Digər xəbərlər

İNKİŞAF EDƏN SABİRKƏNDİN PROBLEMLƏRİ DƏ VAR

Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamları ilə qəbul olunmuş "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları" respublikanın yüksək inkişaf və tərəqqisinə hesablanmışdır. Ölkədə aparılan irimiqyaslı layihələrdən Şəmkir rayonu da yetərincə bəhrələnir. Bu günlərdə rayonun inkişaf etmiş müasir yaşayış məkanlarından birinə - Sabirkənd kəndinə üz tutduq. Kənd icra nümayəndəsi uzun illərdir bu vəzifədə çalışan İdris Əbdürrəhmanovla həmsöhbət olduq.

İcra nümayəndəsi kənd haqqında məlumat verərək qeyd etdi ki, bu yaşayış məntəqəsində 1520 təsərrüfat mövcuddur. Əhalisinin sayı 5909 nəfər təşkil edir. Sakinlər əsasən əkinçilik və maldarlıqla məşğul olur. Son dövrlərdə arıçılığa meyil edənlərin sayında artım müşahidə olunmaqdadır.

Kənddə ümumi əkin sahəsi 300 hektara yaxın olan istilikxanalarda tərəvəz yetişdirilir. Bu istilikxanaların özəlliyi ondadır ki, məhsul yetişdirilən zaman heç bir enerjidən istifadə olunmur. Sabirkəndlilər bu iş üzrə tam ixtisaslaşmışlar. Hər il burada yetişdirilən tərəvəz məhsulları respublika bazarlarında bolluq yaratmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Əsasən yetişdirilən faraş kartof Rusiya və Ukrayna respublikalarına göndərilir.

Xüsusi alıcılar məhsulun dəyərini nağd qaydada ödəməklə sahələrdən avtomobillərə yığırlar ki, bu da bu işlə məşğul olanlar üçün əlverişli sayılır.

2022-ci il ərzində Sabirkənddə 8 min ton rəqabətədavamlı yüksəkkeyfiyyətli faraş kartof yetişdirilmişdir. Becərilən xiyar-pomidor isə Bakı bazarlarında, eyni zamanda rayonda fəaliyyət göstərən topdansatış bazarında realizə olunur. Hazırda kənddə faraş kartofun əkini aparılır. Sentyabr ayında əkilən məhsulun yığımı davam etdirilir.

İcra nümayəndəsi qeyd etdi ki, bu proses ilboyu davam etdirilir ki, bu da sakinlərin məşğulluğunu təmin edir. Bundan başqa, kənddə taxıl əkib-becərmək üçün münbit şərait mövcuddur. Cari ilin məhsulu üçün 300 hektar sahədə taxıl səpini aparılmışdı. Məhsuldarlıq hər hektardan 30 sentnerdən artıq olmuşdur.

2023-cü ilin məhsulu üçün kənddə 320 hektar sahədə taxıl səpini aparılmışdır. Hazırda taxıl əkilən sahələrin suvarılması həyata keçirilir. Yaxın günlərdə suvarma başa çatdırılacaqdır. Sevindirici haldır ki, suvarma suyu ilə bağlı heç bir problem yaşanmır. Kəndin suvarma suyu ilə təminatı Şəmkirçay Su Anbarı və subartezian quyuları vasitəsilə ödənilir.

Qeyd etdiyimiz kimi, kənddə maldarlıq geniş təşəkkül tapmışdır. Heyvanların yemə olan tələbatının ödənilməsi üçün 70 hektar sahədə çoxillik yonca bitkisinə yüksək aqrotexniki qulluq göstərilir.

Son illərdə kökəltmə işinə meyil edənlərin sayı da artmaqdadır. Sabirkənddə 1189 şagird yerlik tam orta məktəb Yaponiya hökumətinin dəstəyi ilə inşa olunmuş, müasir standartlara cavab verən həkim tibb məntəqəsi fəaliyyət göstərir. Məntəqədə terapevt, pediatr və stomatoloji xidmətlər göstərilir. Bundan başqa, 35 yerlik körpələr evi-uşaq bağçası, poçt məntəqəsi və mədəniyyət evi mövcuddur.

Bir məsələni vurğulamaq lazımdır ki, mövcud mədəniyyət evi 1949-cu ildə inşa olunmuşdur. Binanın ciddi təmir işlərinə ehtiyacı var. Dam örtüyü yaxşı vəziyyətdə deyil. Bu kənddə and və qürur yerimiz olan şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün park və abidə qurulmuşdur.

Kənd qəbiristanlığında Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə xiyaban salınmışdır. Kəndin 14 nəfər igidi Birinci və İkinci Qarabağ müharibələrində əziz canlarından keçərək şəhidlik zirvəsinə ucalmışdır. Bir nəfər - Abdurrəhmanov Nicat İlqar oğlu qazi statusunu daşıyır. N.Abdurrəhmanov sözün əsl mənasında döyüşlərdə qəhrəmanlıq göstərmişdir. O, XTQ-nin zabitidir. O, Hadrutda gedən şiddətli döyüşlərdən birində ağır yaralanmışdır. Müalicəsi vaxtaşırı olaraq Türkiyə Respublikasında davam etdirilir. Azərbaycan dövlətinin qazilərə qayğısının nəticəsidir ki, qəhrəman döyüşçü Milli Məclisdə işlə təmin olunmuşdur. Nümunəvi xidmətlərinə görə kəndin igid övladı dövlət tərəfindən bir neçə təltifə layiq görülmüşdür.

Kənddə 1 ədəd yanacaqdoldurma məntəqəsi, 2 ədəd supermarket, çoxlu sayda ərzaq malları mağazaları və ərazisi 13 hektar olan bölgədə analoqu olmayan tikinti materialları bazarı fəaliyyət göstərir. Bazarda 250-300 nəfər işlə təmin olunmuşdur.

Sabirkəndin içməli suya olan tələbatı tam ödənilir. Elektrik enerjisi və mavi qazla fasiləsiz təmin olunur. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, 1995-ci ildə yeni yaşayış massivi salınmışdır. Burada 300 ailə yaşayır. Təəssüf hissi ilə bildirmək lazımdır ki, inkişaf etmiş bir kəndin bu hissəsində insanlar qaz və işıq sarıdan hədsiz əziyyət çəkirlər. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir əməli iş görülməyib, problem həllini tapmayıb. Əhali elektrik enerjisinə sutkalarla həsrət qalır. Mavi yanacaqdan isə söhbət gedə bilməz.

İcra nümayəndəsi bildirdi ki, təxminən bir ay bundan qabaq rayon rəhbərliyinin məsələyə müdaxiləsi nəticəsində adıçəkilən massivin bir küçəsinə təzə elektrik dirəkləri basdırılmışdır. Ümid etmək olar ki, qeyd olunan problemlər aradan qaldırılacaq, Sabirkənd daha müasir məkanlardan birinə çevriləcəkdir.

Vəli VƏLİYEV,

"Respublika".