İnkişaf və quruculuq ili
Siyasət

İnkişaf və quruculuq ili

Xalqımızın həyatında xeyirli və uğurlu il kimi yadda qalan və ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirildiyi 2022-ci il tarixə qovuşdu.

Uzun illər ərzində Ermənistanın hərbi təcavüzündən və işğalından əziyyət çəkən, yurd həsrəti ilə qovrulan keçmiş məcburi köçkünlərin taleyində çox böyük bir dönüş baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev bütün görüşlərində, beynəlxalq tribunalarda, dövlətlərarası tədbirlərdə qətiyyətlə, inamla bildirirdi ki, xalqımız heç zaman işğalla barışmayacaq, torpaqlarının azad edilməsi üçün mübarizə aparacaqdır. Müzəffər Ordumuz tərəfindən Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən dərhal sonra düşmənin basdırdığı minaların təmizlənilməsinə başlanıldı. Hazırda ermənilərin dağıtdığı, viran qoyduğu əhəmiyyətli infrastrukturların bərpası üçün layihələr icra olunur.

2022-ci ildə dövlətimizin başçısı İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura 17 dəfə səfər edib. Həmin səfərlərin xronologiyasına nəzər salanda bir daha aydın olur ki, işğaldan azad edilən torpaqlarda aparılan quruculuq və tikinti işlərinə birbaşa dövlət başçısının özü nəzarət edir, lazımi göstərişlərini verir.

Cənab Prezidentin tapşırığı ilə ötən il yanvarın 24-də işğaldan azad edilmiş ərazilərə ilk dəfə sərnişin avtobuslarının müntəzəm reysləri açıldı. Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yüzlərlə keçmiş məcburi köçkün uzun illərin həsrətindən sonra dədə-babalarının doğma yurd yerlərinə gedir və o müqəddəs torpaqları ziyarət edirlər. Fevralın 13-də dövlətimizin başçısı İlham Əliyev ermənilərin xarabalığa çevirdiyi Ağdamda yeni yaşayış kompleksinin təməlini qoydu. Qeyd edək ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Ağdam Sənaye Parkında iki müəssisənin də təməlini qoyan Prezidentimiz bildirdi ki, Ağdam Qarabağın ən böyük sənaye mərkəzi olacaq. Artıq Sənaye Parkının ilk rezidentlərindən olan "Smartpoint" MMC burada alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Müəssisədə ildə 21 min ədəd işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. Digər rezident - "Dadaş-N" MMC müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək. Ötən il fevralın 13-də dövlətimizin başçısı Ağdam şəhərində "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.

Xalqımızın ən əziz bayramında, martın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində Novruz tonqalı yandırdılar. Tonqal başında dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Həmin gün Tərtər rayonunun Suqovuşan qəsəbəsində turizm kompleksinin təməli qoyuldu. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan Su Anbarı müasir turizm mərkəzinə çevriləcək və bu istiqamətdə işlər sürətlə aparılır.

 Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayda geniş nitq söyləyib. Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Mayın 12-də Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirildi. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa İli"ndə keçirilən festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunub. Festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

Mayın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Paşa Holding" MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış oldular. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə ermənilər Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə ediblər. Zəngilanda təməli qoyulan İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq. Mayın 27-də Prezidentin və birinci xanımın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Artıq xeyli Ağalı sakini doğma kənddə yaşayır və onlar üçün burada ən müasir xidmət yaradılıb.

Yurdumuzun ən səfalı və gözəl mənzərəsi, loğman havası, mineral suları ilə məşhur olan Kəlbəcər otuz ilə yaxın Ermənistan tərəfindən yağmalanıb, dağıdılıb, ekologiyasına ciddi ziyan vurulub, təbii sərvətləri istismar edilib. Qeyd edək ki, Kəlbəcərin İstisu kəndində məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriyanın uçuq divarları erməni vəhşiliyindən, qatı düşmənçilikdən, xəstə erməni xəbisliyindən xəbər verir. İyunun 26-da Kəlbəcər rayonuna səfər edən Prezident İlham Əliyev burada "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Həmin gün "İstisu" mineral su zavodunun da təməli qoyuldu. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq.

İşğaldan azad olunduqdan sonra iyulun 14-də Şuşada ikinci dəfə Vaqif Poeziya Günləri keçirildi. Prezident İlham Əliyevin iştirak etdiyi poeziya günləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dəyərli ənənənin bərpası bayramına çevrildi.

Sentyabrın 21-də Zəngilana səfər edən dövlətimizin başçısı tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməli qoyuldu. Layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyevin uğurlu diplomatiyası, dəmir iradəsi, qətiyyəti sayəsində Laçın şəhəri diplomatik yolla işğaldan azad edildi. Həmin gün dövlət başçısı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. 44 gün davam edən və dünya hərb tarixinə yeni və müasir silahlar tətbiq edilməklə aparılan Vətən müharibəsində Ermənistanın işğalından azad edilən ilk kənd, Füzuli rayonunun Qaraxanbəyli kəndi tarixi qələbəmizin ilk müjdəçisi oldu. Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etdilər.

Oktyabrın 4-də Ağdama səfər edən dövlətimizin başçısı tərəfindən rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin, Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməli qoyuldu. Qeyd edək ki, yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılıb və layihə üzrə tikilən yaşayış binaları 4-7 mərtəbəli olacaq. Burada 1139 mənzil inşa ediləcək və 3068 nəfər məskunlaşacaq. Həmin gün rayonunu Eyvazxanbəyli kəndi ərazisində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirildi.

Səhəri gün, oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başladı. 44 ölkədən 130-dan çox nümayəndənin iştirak etdiyi forumda Prezident İlham Əliyev çıxış edib. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrın 19-da istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanında qarşılayan Prezident İlham Əliyev ali qonağı burada yaradılan şəraitlə tanış etdi. Sonra hər iki Prezident rayonda yaradılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etdilər.

Noyabrın 8-də möhtəşəm bir gün yaşandı, bu qala şəhəri düşməndən azad edən hərbçilərlə görüş və hərbi parad keçirildi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdilər. Göründüyü kimi, 2022-ci il Qarabağda və Şərqi Zəngəzurda quruculuq ili kimi tarixin səhifələrinə yazıldı.

Salman ALIOĞLU,

"Respublika".