İnkişafın yeni mərhələsi üçün daha mütərəqqi yanaşma
Siyasət

İnkişafın yeni mərhələsi üçün daha mütərəqqi yanaşma

Çin Xalq Respublikasının yaradılmasının 72-ci ildönümü münasibətilə ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Qo Minin məqaləsini oxucularımıza təqdim edirik

1 oktyabr Çin Xalq Respublikasının yaranma günüdür. 72 il öncə sədr Mao Zedong yeni Çinin qurulduğunu dünyaya təntənəli şəkildə elan etdi və o vaxtdan Çin xalqının yüksəliş dövrü başladı. Bu böyük hadisə 100 ildən artıq davam edən Çinin faciəli taleyini nəhayət dəyişdi. ÇXR-in qurulmasından əvvəl ölkə yoxsulluq və zəifliklə xarakterizə olunurdu, zülm və təhdidlərə məruz qalırdı. ÇXR yarandıqdan sonra Çin xalqı geniş bir dirçəliş yoluna qədəm qoydu.

Böyük dəyişikliklər yeni bir həyatdan xəbər verir

Yeni Çinin qurulmasından ötən 72 il ərzində Çin xalqı dünyanın diqqətini çəkən böyük nailiyyətlər əldə etdi. Bütün bu illər ərzində Çinin ümumi gücü, elmi və texnoloji potensialı və beynəlxalq nüfuzu xeyli artdı. Lakin Çin ən diqqətəlayiq nəticələri iqtisadiyyatda əldə etdi. Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı, ən böyük sənaye və ən böyük məhsul ticarəti ölkəsi və qlobal iqtisadi artımın ən güclü hərəkətverici qüvvəsi oldu. O, iqtisadiyyatın ümumi həcmində ardıcıl olaraq rekordlar qırdı. Çinlilərin həyat səviyyəsi xeyli yaxşılaşdı. ÇXR-in qurulmasından öncə 35 yaş təşkil edən orta ömür müddəti 77 yaşa yüksəldi. Çin ali təhsilin populyarlaşması mərhələsinə qədəm qoydu. Adambaşına düşən ÜDM 10 min ABŞ dollarını ötdü, sakinlərin adambaşına düşən istifadə edilə bilən gəlirləri ÇXR-in qurulmasından əvvəlki dövrlə müqayisədə 60 dəfə artdı. Çin dünyanın ən böyük orta gəlirli əhalisi olan ölkəsinə çevrildi. Çində Üç Dərə Layihəsinin tikintisi, Qinghai-Tibet Dəmiryolu, Hong Kong-Zhuhai-Makao Körpüsü, Suyun cənubdan şimala yönəldilməsi, Qərb-Şərq qaz kəməri, Qərbdən şərqə elektrik ötürülməsi, Olimpiya Oyunları, Dünya Sərgisi Ekspo, Çin Beynəlxalq İdxal Sərgisi, Beynəlxalq Xidmət Ticarət Sərgisi, Xüsusi İqtisadi Zona, Guangdong-Hong Kong-Macao Böyük Körfəz Bölgəsi, Azad ticarət portu, Yüksək sürətli dəmir yolu şəbəkəsi, "Shenzhou" kosmik gəmisinin uçuşu, "Jiaolong" sualtı qayığının dənizə buraxılması, "Chang'e" peykinin aya enməsi, Beidou peyk naviqasiya sisteminin aktivləşdirilməsi, Marsa eniş, kosmik stansiyanın sürətli inşası kimi mühüm və kompleks layihələr həyata keçirildi. Çin torpaqlarında ard-arda insan tərəfindən yaradılan möcüzələr görünməyə davam edir.

Çin həmişə sülh, inkişaf, əməkdaşlıq və qarşılıqlı faydalılıq prinsiplərini yüksək tutur, müstəqil və özünə güvənən xarici siyasət yürüdür, dinc inkişaf yoluna sadiq qalır, yeni beynəlxalq münasibətlərin qurulmasını və "Bir kəmər, bir yol" layihəsinin yüksək keyfiyyətli birgə tikintisini təşviq edir. Çin həqiqətən də dünya sülhünə töhfə verən, qlobal inkişafa sərmayə yatıran və beynəlxalq nizamın müdafiəçisidir.

Yüz illik uğur ilkin məqsədləri gücləndirir

2021-ci il Çin üçün tarixi əhəmiyyət daşıyan bir ildir. Bu il Çin Kommunist Partiyası yüz illik yubileyini qeyd etdi, 2021-2025-ci illər üçün 14-cü Milli Sosial və İqtisadi İnkişaf Planını təsdiqlədi və müasir sosialist ölkəsi qurmaq üçün yeni bir yola çıxdı.

Çin Kommunist Partiyası yarandığı gündən bəri Çin xalqının xoşbəxtliyini və Çin millətinin dirçəlişini özünün ilkin missiyası olaraq qəbul etmişdir.

Son yüz il ərzində Çin Kommunist Partiyası, Çin xalqını bir araya gətirərək və ona rəhbərlik etməklə, öz gücünə güvənib Vətənin qüdrəti uğrunda fədakar mübarizədə, sosialist inqilabı və quruculuğu yolunda əhəmiyyətli irəliləyiş əldə etdi. Çin Kommunist Partiyası Çin xalqının şüurunu azad etdi, əzmlə irəlilədi və islahatlarda, sosialist modernləşməsində yüksək uğurlar qazandı. Çin Kommunist Partiyası Çin xalqının gücünə güvənərək sürətlə irəlilədi, ənənələri qoruyaraq yenilikçi fəaliyyətləri inkişaf etdirdi, mübarizə apardı, böyük bir proqramı, böyük bir məqsədi və böyük bir xəyalı həyata keçirmək üçün səyləri koordinasiya etdi, yeni dövr Çin xüsusiyyətlərinə malik sosializm işində böyük uğurlara nail oldu. Ötən yüz il ərzində cəsarətli və inadkar mübarizələri sayəsində Çin Kommunist Partiyası və Çin xalqı Çin millətinin min illik tarixinin ən önəmli fəslini yazdı. ÇKP-nin qurulmasının 100-cü ildönümünə həsr olunmuş yığıncaqda Çin Prezidenti Si Cinpin təntənəli şəkildə bəyan etdi: "Bütün partiyanın və etnik qrupların nümayəndələrinin davamlı mübarizəsi nəticəsində biz ilk 100 illik hədəfə çatdıq - Çində orta gəlirli cəmiyyət qurduq. Biz Çin torpağında yol saldıq və mütləq yoxsulluq problemini tarixi şəkildə həll etdik. Müasir, güclü və hərtərəfli bir sosialist ölkəsinin qurulmasına doğru gedirik."

Epidemiyaya qarşı birlikdə mübarizə ümumi inkişafa kömək edir

Koronavirus epidemiyası 2021-ci ildə də dünyada davam etməkdədir və epidemiyaya qarşı mübarizə aparmaq bütün ölkələrin qarşısında duran ən təxirəsalınmaz vəzifədir. Çin, "İlk növbədə insan, ilk növbədə həyat" anlayışını və elmi ruhu rəhbər tutaraq, COVID-19 epidemiyasının qarşısının alınması və epidemiya ilə mübarizə üçün beynəlxalq əməkdaşlığı, vaksinlərin ədalətli paylanmasını təşviq edir, COVID-19 infeksiyasının siyasiləşdirilməsinin qarşısını qətiyyətlə alır. Çin hökuməti artıq 100-dən çox ölkəyə və beynəlxalq təşkilata COVID-19-a qarşı 1,2 milyard doza peyvənd və konsentratlarını vermiş və bu göstərici ilə lider olmuşdur. Çin bu ilin sonuna qədər dünyaya bütövlükdə 2 milyard doza COVID-19-a qarşı peyvənd vermək üçün hər cür səy göstərəcək. Çin bəşəriyyətin epidemiya üzərində tam qələbəsinə töhfə vermək üçün epidemiya ilə mübarizədə inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığı dərinləşdirəcək və Çin tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX vaksininin birgə alınması və paylanması üzrə qlobal layihəsinə ayrılmış 100 milyon ABŞ dollarının səmərəli istifadəsinə kömək edəcək.

COVID-19 pandemiyası ilə mübarizədə Çin və Azərbaycan əsl dostluq nümayiş etdirərək bir-birlərini dəstəkləyir və çətinlikləri birlikdə dəf edirlər. Pandemiya Çin və Azərbaycanın birgə işləmək və ümumi inkişaf üçün səy göstərmək əzminə təsir etmədi. Bu il iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan telefon danışığında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətləri bir daha müzakirə edildi. İki dövlət başçısının şəxsi qayğısı və təşviqi sayəsində iqtisadiyyat və ticarət, nəqliyyat, regional və mədəni mübadilə sahələrində Çin-Azərbaycan əməkdaşlığı daim dərinləşir. Bu ilin fevral ayında Tsilu adlı ilk yük qatarı ŞƏT-in Jiaozhou - Bakı "ekspress xətti" ilə Azərbaycanın paytaxtına gəldi. Aprel ayında Chongqing şəhəri və Naxçıvan Muxtar Respublikası arasında dostluq əlaqələrinin qurulması haqqında memorandum imzalanmışdır. Bu yaxınlarda, Azərbaycan klassik operettası "Arşın mal alan" uzun illərdən sonra Çində yenidən səhnəyə qoyuldu. Yüksək keyfiyyətli Azərbaycan məhsulları Harbin Beynəlxalq Ticarət və İqtisadiyyat Sərgisində və Sincan Asiya-Avropa Sərgisində təqdim edildi və getdikcə daha çox Azərbaycan məhsulları Çin bazarına daxil olur. Gələn il Çin ilə Azərbaycan ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcək. Çin-Azərbaycan münasibətlərində inkişaf perspektivləri genişlənir və iki ölkə arasındakı dostluq daha da möhkəmlənir.

Dünyada baş verən dəyişikliklərin və qlobal pandemiyanın bir-birinə qarışdığı və üst-üstə gəldiyi bir zamanda, bütün ölkələrin xalqları daha böyük səbirsizliklə dinc inkişafı gözləyir, ədalət və qərəzsizliyi seçir və qarşılıqlı faydalı əməkdaşlıq üçün daha çox səy göstərirlər. Çin qarşılıqlı mənfəət, qarşılıqlı fayda strategiyasını həyata keçirməyə və inkişaf sahəsində təcrübəsini və imkanlarını dünyanın digər ölkələri ilə bölüşməyə davam edəcək. Biz qarşılıqlı hörmətə, ədalətə, qərəzsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni beynəlxalq əlaqələr qurmaq, ümumi maraqlar dairəsini genişləndirmək və qarşılıqlı fəaliyyətin miqyasını əhəmiyyətli dərəcədə artırmaq üçün Azərbaycan da daxil olmaqla dünyanın bütün ölkələri ilə həmrəylik və əməkdaşlıq ruhunda çalışmağa hazırıq. Gəlin, qlobal təhdid və çağırışlara qarşı birlikdə mübarizə aparmağa inamımızı gücləndirək və daha yaxşı bir gələcəyin yaradılması üçün əl-ələ verək!

Qo Min,

Çin Xalq Respublikasının

Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri.