İnnovativ idarəçilik texnologiyalarından istifadənin yüksək səmərəliliyi
İQTİSADİYYAT

İnnovativ idarəçilik texnologiyalarından istifadənin yüksək səmərəliliyi

Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyaları Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə yol açır.

Hazırda qlobal prioritet olan inklüziv inkişaf beynəlxalq qurumlar tərəfindən iqtisadi, sosial, ekoloji, demoqrafik göstəricilər əsasında dəyərləndirilir və ölkələrdəki dinamik dəyişikliklərin geniş spektrini dolğun şəkildə xarakterizə edir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, inklüziv inkişaf indeksinə görə Azərbaycan Respublikası postsovet ölkələri arasında Litva və Estoniyadan sonra üçüncü yeri tutur. Bu gün Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri sosial-iqtisadi inkişafın innovativ yönümdə sürətləndirilməsidir.

Təhlillərə görə, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun artımının 75-90 faizi, postsovet ölkələrində isə 10 faizi innovasiyalar hesabına təmin olunur. Mövcud qiymətləndirmələrə əsasən, MDB ölkələri innovasiya sahəsindəki gerilik nəticəsində ildə orta hesabla yüz milyardlarla dollar vəsait itirir. Bu səbəbdən milli iqtisadiyyatın inkişafında rəqabətqabiliyyətli məhsul və xidmətlərin payının artırılması ölkəmizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədə çatmaq üçün kompleks və ardıcıl addımlar atılır, sənaye və texnoloji parklar, fondlar yaradılır, güzəştlər tətbiq edilir. Strateji yol xəritələri, müxtəlif proqramlar qəbul edilir, institusional islahatlar aparılır, innovasiya ekosisteminin inkişafına dəstək verilir. İnnovasiyaların təşviqi məqsədilə “İnnovasiyalar həftəsi”, “İnnovasiya festivalı”, “İdeyadan biznesə” və s. tədbirlər keçirilir. İnnovasiya tipli iqtisadiyyatın inkişafını sürətləndirmək üçün Azərbaycan xarici tərəfdaşlarla sıx əməkdaşlıq əlaqələri qurur. Onlardan biri də Avropa Birliyidir. Azərbaycan bu təşkilatla innovasiya sahəsində əməkdaşlığa böyük önəm verir. Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” Proqramı işçi sənədində 2020-ci ildən sonrakı dövr üçün prioritetlərini dərc etmişdir. “Bərpa, davamlılıq və islahat” başlığı ilə dərc olunan sənədin Azərbaycana aid hissəsində beş istiqamət öz əksini tapıb.

Azərbaycanın iqtisadi diversifikasiyasının əhəmiyyətinə diqqət ayrılan sənəddə əksini tapan istiqamətlərin bu məqsədə yeni töhfə olacağı qeyd edilir. Bu istiqamətlərə kiçik və orta biznesin yardım və dəstək vasitəsilə dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyatın, kənd ərazilərinin innovativ inkişafı, Bakı limanının yaşıllaşdırılması, rəqəmsal nəqliyyat dəhlizinə dəstək, ağıllı və yaşıl şəhərlər konsepsiyasının inkişafı daxildir. İşçi sənəddə Azərbaycanın Avropa Birliyinin strateji enerji partnyoru olmasına, “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətinə və gələcəkdə genişlədirilməsi ehtimalına münasibət bildirilir. Qeyd edilir ki, bu dəhliz tullantısız yanacaq növü olan təbii qaz ötürücüsü olduğu üçün həm də yaşıl iqtisadiyyat konsepsiyası baxımından ciddi əhəmiyyət kəsb edir. Bunun Avropa və qonşu regionların ölkələrinin tədricən karbonsuzlaşdırılmasında çox əhəmiyyətli olacağı gözlənilir. Sənəddə deyilir ki, şərtlər imkan verən kimi Avropa Birliyi Cənubi Qafqazda müharibəsonrası bərpa və münaqişənin transformasiyasını dəstəkləməyə hazırdır. Bura minalardan təmizləmə, münaqişənin təsirinə məruz qalmış bölgələrin sosial-iqtisadi inkişafı, tarixi abidələrin qorunub saxlanması, bağlantı, sülhyaratma və barışıq işi də daxildir.

Sənəddə göstərilən birinci istiqamət Yaşıl Bakı limanına dəstəkdir. Məlumat verilir ki, Ələtdəki yeni Bakı limanı qərb (Türkiyə və AB), cənub (İran və Hindistan) və şimalı (Rusiya və Şimali Avropa) birləşdirən nəqliyyat qovşağı, Xəzər dənizinin ən iri və ən işlək limanıdır. Regionun ilk rəsmi ekoloji limanı olan Bakı limanı AB tərəfindən dəstəklənir. Bu istiqamət çərçivəsində limanın yaşıllaşdırılması və dayanıqlı qovşağa çevrilməsi işinə dəstək veriləcək. Bu məqsəd üçün ayrılan sərmayənin həcmi 10 milyon avrodur.

İkinci istiqamət rəqəmsal nəqliyyat dəhlizinə dəstəyi nəzərdə tutur. Sənəddə qeyd edilir ki, Azərbaycan istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizinə böyük sərmayə qoyub. Bura Bakı-Tbilisi-Qars dəmiryolu və yeni liman da daxildir. Bu təşəbbüs çərçivəsində Azərbaycandakı nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasına, o cümlədən peyk naviqasiya xidmətləri, yükdaşıma xərclərinin azaldılmasına yardım ediləcək. Bu istiqamət üçün ayrılan vəsait də 10 milyon avro həcmindədir.

Üçüncü istiqamət “Dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyata dəstək - 20 min kiçik və orta həcmli şirkətə birbaşa dəstək” adlanır. Sənəddə kiçik və orta biznesin yenilənə bilən enerji növləri, qeyri-neft sektoru, yaşıl rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya və məhsuldarlığın artırılması, dayanıqlı iş yerlərinin yaradılması işinə yardımçı ola biləcəklərinə diqqət yetirilir. Kiçik və orta həcmli şirkətlərin maliyyə vəsaitinə çıxışının təmin edilməsi, sahibkarlığın inkişafına dəstək, startaplara dəstək və biznes məsləhəti bu istiqamətin əsas komponentləridir. Bu təşəbbüs üçün 50 milyon avro vəsait ayrılıb.

Dördüncü istiqamət “Kənd ərazilərinin innovativ inkişafı” adlanır. Bu istiqamət isə kənd təsərrüfatının inkişafı üçün maliyyə sahəsində əməliyyatları nəzərdə tutur. Bu təşəbbüsün əsas məqsədi kiçik və orta həcmli fermaların, habelə qida biznesi ilə məşğul olan sahibkarların kreditlərə çıxışını təmin etməkdir. Qida təhlükəsizliyi standartları, dayanıqlı suvarma praktikaları, kənd ərazilərində dayanıqlı turizm və yaşıl inkişafı nəzərdə tutan sərmayələr bu təşəbbüsün əsas prioritetləridir. Bu təşəbbüs kənd təsərrüfatında balanslı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, rəqabətliliyin gücləndirilməsi, aqro-qida sektorunun dayanıqlığına investisiya nəzərdə tutur. Bu istiqamət üzrə də investisiyaların həcmi 50 milyon avrodur.

Beşinci istiqamət “Daha ağıllı və yaşıl şəhərlər” adlanır. Burada qeyd edilir ki, AB və beynəlxalq maliyyə qurumları seçilmiş bölgələrdə enerji səmərəliliyini nəzərdə tutan ağıllı və yaşıl şəhərləri dəstəkləməyə hazırdır. Burada dayanıqlı şəhər mobilliyi və tullantıların idarə olunması xüsusi qeyd edilir. Bu təşəbbüs ölkənin daha az inkişaf etmiş bölgələrinə yönəldiləcək. Sənəddə qeyd edilir ki, “yaşıl şəhər” konsepsiyasının ən inkişaf etdiyi yer Gəncədir. Bu şəhərdə pilot layihə bərk tullantılar, şəhər işıqlandırılması, dayanıqlı ictimai nəqliyyat infrastrukturu kimi sahələrə aid edilir. Bu pilot layihəsindən sonra daha beş smart və yaşıl şəhər layihəsi üzərində işləmək planlaşdırılır. Bu istiqamət üçün ümumilikdə 20 milyon avro ayrılıb.

Təhlilçilər qeyd edirlər ki, bütün bunlar Azərbaycanda innovativ inkişaf prosesinin daha böyük sürətlə həyata keçirilməsində mühüm rol oynayacaq.

Nəzərə çatdıraq ki, Davos İqtisadi Forumu Azərbaycanı davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması naminə dünyada resurslardan ən səmərəli istifadə edən ölkə olaraq müəyyənləşdirib. Ekspertlər Dünya Bankı və Dünya İqtisadi Forumunun bilgilərinə əsasən ölkənin inklüziv inkişaf indeksinin ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və digər iqtisadi imkanları Azərbaycanla müqayisədə bəzi hallarda hətta dəfələrlə yüksək olan dövlətlərdən üstün olduğunu diqqətə çatdırır. Bu durumun çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda aparılan uğurlu sosial siyasətlə bağlılığını qeyd edən təhlilçilər Davos Forumunun prezidenti, professor Klaus Şvabın dünyanın 146 ölkəsində iqtisadi imkanlar və sosial siyasətlə əlaqədar hesabatından bəhs edib. Qeyd edilib ki, ABŞ, Almaniya, Danimarka, Braziliya, Cənubi Afrika, Vyetnam kimi ölkələrin nailiyyətlərinin müqayisə edildiyi həmin hesabatda Azərbaycan iqtisadi imkanlarından sosial problemlərin həlli və inklüziv cəmiyyətin formalaşdırılması naminə ən səmərəli istifadə edən nümunəvi ölkə kimi təqdim olunub. Həmin hesabata görə, Azərbaycanın reytinqi +23-dür və bu, dünyada ən yaxşı göstəricidir. Qeyd edək ki, ikinci yerdə +13 göstəricisi ilə Çex Respublikası qərarlaşıb. Təhlilçilər həmçinin Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapdığını da xüsusi qeyd edirlər. Bu Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını, həm də dövlət başçısı cənab İlham Əliyevin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirirlər.

Şükür ƏLİZADƏ,

“Respublika”.