İnnovativ üsullar fayda verir
Region

İnnovativ üsullar fayda verir

Respublikamızın ən iri pambıqçılıq bölgələrindən olan Sabirabad rayonunun fermerləri cari ilin “ağ qızıl” toplanılmasına mütəşəkkilliklə başlamışlar. Aqrar sektora dövlət tərəfindən göstərilən qayğı nəticəsində fermerlərin bu sahəyə marağı daha da artmışdır. İnnovativ üsullara üstünlük verən fermerlər bu üsulların bəhrəsini  görməkdədirlər. Həmin üsulu ilkin olaraq fermer Əfras Əsgərov öz sahəsində tətbiq edib. Sabirabadlı fermer Əfras Əsgərov keçən il pambıq əkini zamanı həyata keçirdiyi yenilik hesabına gözlədiyindən də çox - 680 ton “ağ qızıl” tədarük edib. Əfras Əsgərov çiyid səpinini Çin texnologiyasına uyğun qoşa cərgə üsulu ilə aparıb.

Əfras Əsgərov deyir:

- Hələ əkin aparmamışdan qabaq Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Ucarda fermerlərə bu üsulun üstünlüklərini nümayiş etdirdilər. Üsul mənə xeyli maraqlı göründü. Öz sahəmdə Çin texnologiyasının tətbiqinə qərar verdim. Bu üsulla aparılan əkində hektar payına düşən pambıq kolunun sayı iki dəfə çox olur. Görülən iş sayəsində isə məhsuldarlıq artır.

Bu məqsədlə səpin aqreqatında dəyişiklik etməyi qərara alan fermer bir neçə əlavə etməklə Çin texnologiyası ilə səpin aparacaq aqreqat ərsəyə gətirib. Bu aqreqat digərlərindən fərqli olaraq səpini qoşa cərgə ilə aparır.

Keçən il 108 hektar sahədə qoşa cərgə üsulu ilə ilk dəfə əkin aparan fermer hektara 45 sentner məhsuldarlıq əldə edib. Bu isə hər hektara məhsuldarlığın 15 sentner artması deməkdir.

Əfras Əsgərov ölkəmizdə  əkin-biçin işləri üçün edilən güzəştlərdən,  məhsula görə verilən subsidiyalardan razı qaldığını, bunların pambıqçılıqda dönüş yaratdığını bildirir. Yeri gəlmişkən deyək ki, Əfras Əsgərov əldə etdiyi yüksək nailiyyətlərə görə I dərəcəli “Əmək ordeni” ilə təltif olunub. Sabirabadlı fermer pambıqçı əməyinə göstərilən qayğı və diqqətə, eyni zamanda əməyə verilən qiymətə görə dövlət başçımız İlham Əliyevə minnətdarlığını bildirir.

Tofiq HÜSEYN,

“Respublika”.