İnsan hüquq və azadlıqları müdafiə olunaraq qanunçuluq möhkəmləndirilmişdir
Digər xəbərlər

İnsan hüquq və azadlıqları müdafiə olunaraq qanunçuluq möhkəmləndirilmişdir

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun kollegiya iclasında əldə olunan uğurlar geniş şərh olunub

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 23 yanvar 2023-cü il tarixdə 2022-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Əvvəlcə kollegiya iştirakçıları ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa dilədilər.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində 2022-ci ildə də dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının hərtərəfli yaxşılaşdırılması prosesinin davamlılığı təmin edilmiş, eyni zamanda regionlarımız inkişaf etmiş, işğaldan azad olunmuş tarixi ərazilərimizdə abadlıq-quruculuq işləri uğurla aparılmışdır. Ötən il iqtisadi artım təxminən 5 faiz olmuş, qeyri-neft sektorunda iqtisadiyyat isə 9 faizdən çox artmışdır. Eyni zamanda, əməkhaqları, pensiyalar, təqaüdlər və sosial müavinətlər, o cümlədən şəhid ailələri və müharibə veteranlarına verilən təqaüdlər artmış, həmçinin manatın məzənnəsinin sabitliyi təmin olunmuşdur. Sadalananlar onu göstərir ki, cənab Prezidentin fəaliyyəti digər dövlət başçılarına örnəkdir.

Azərbaycanın hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev, birinci xanımın respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətlərindən, eləcə də milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərdən danışdı.

2022-ci ilin Hərbi Prokurorluq orqanlarının da uğurlu fəaliyyət ili kimi yadda qaldığını vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də Hərbi Prokurorluğun fəaliyyəti səmərəli olmaqla, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə qarşıya qoyulan vəzifələr əməkdaşlar tərəfindən uğurla icra olunmuşdur. Hərbi prokuror bildirdi ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi, o cümlədən bəzi qəbildən olan ağır cinayətlərin 100 faizi açılmışdır. 

X.Vəliyev bildirdi ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olmuşdur. Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarının qorunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini təmin etmək məqsədilə hər il olduğu kimi, 2022-ci ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış "Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair", "Cinayətkarlığa qarşı mübarizəyə dair", "Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair" və sair mövzular üzrə tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunmuş, onların qayğı və problemləri ilə maraqlanılmış, həmçinin fərdi qəbullar keçirilmişdir. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilmiş və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunmuşdur.

Bildirilmişdir ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir.

Görülmüş tədbirlər nəticəsində 2021-ci illə müqayisədə 2022-ci ildə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 83,3%; silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 73,7%; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələbetmə cinayətləri 62,1%; mülkiyyət əleyhinə cinayətlər 28,9%; xuliqanlıq cinayətləri 25%; maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,3%; rüşvətalma və rüşvətvermə cinayətləri 19,9%; qulluğa səhlənkar yanaşma cinayətləri 7,7% və özünü öldürmə hadisələri 33,3% azaldığı vurğulanmışdır.

Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin olunmuşdur. 2021-ci illə müqayisədə ötən ildə ərizə və şikayətlərin sayı 6,7% azalmışdır ki, bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edir. Bundan başqa, şəxsi qəbulların sayı 15,7% artmışdır. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlət başçısı cənab İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara ciddi əməl edilməsi tələb olunmuşdur.

Hərbi prokuror qeyd etdi ki, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Vurğulanmışdır ki, o cümlədən müvafiq qurumlarla birlikdə həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində, eləcə də ötən ilin avqust sentyabr ayında Ermənistanın növbəti təxribatlarının qarşısı alınarkən həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi, sözügedən məsələlərlə əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilmişdir.

 Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilmişdir.

Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılmış, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Belə ki, 2022-ci ildə 7 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunmuşdur.

Məruzə ətrafında çıxışlar zamanı Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri - ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Mehdi Hüseynzadə, ədliyyə polkovniki Fuad Məmmədov və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi, ədliyyə polkovniki Səfər Əhmədov hesabat dövründə görülmüş işlərdən danışaraq, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verdilər.

Kollegiyanı yekunlaşdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin milli maraqlara xidmət edən müdrik siyasətinin möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.

Mehparə ƏLİYEVA,

"Respublika".