İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlarla bağlı işlərə dair qərarlar toplusunun təqdimatı keçirilib
Siyasət

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlarla bağlı işlərə dair qərarlar toplusunun təqdimatı keçirilib

Yanvarın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə tərcümə və nəşr edilmiş "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlərə dair qərarlarının toplusu" kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyası İttifaqı və Avrasiya Hüquqşünaslar Assosiasiyasının nəşr etdiyi toplu əsasən hakimlər, vəkillər və hüquqşünasların istifadəsi üçün nəzərdə tutulub. İlkin olaraq 1000 tirajla nəşr edilmiş və ödənişsiz yayılması planlaşdırılan vəsaitdən hüquq-mühafizə orqanlarının əməkdaşları, tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri də faydalana biləcəklər.

Tədbirin moderatoru, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü, Mediasiya Şurasının idarə heyətinin sədri Nadir Adilov tədbirdə çıxış edərək vəsaitin ərsəyə gəlməsinə töhfə verən bütün qurumlara təşəkkürünü bildirib. Nadir Adilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sistemində insan hüquqlarının müdafiəsi məsələləri mühüm yer tutur. Ölkəmizdə insan hüquqlarının müdafiəsinə hər zaman xüsusi diqqət göstərilir.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 1992-ci ildən Azərbaycanda qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq standartlara uyğun müdafiəsi və onlara yardım göstərilməsi sahəsində Azərbaycan hökumətinə və müvafiq qurumlara dəstək göstərir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarları beynəlxalq standartların mühüm hissəsidir. O, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının toplu nəşrinin Azərbaycan hakimlərinə və məhkəmələrinə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə sığınacaq verilməsi, vətəndaşlığı olmayan və ya vətəndaşsızlıq riski altında olan şəxslər üçün sənədlərin və vətəndaşlığın verilməsi ilə bağlı düzgün qərarlar qəbul etməyə kömək göstərəcəyini vurğulayıb.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov toplunun əhəmiyyətini yüksək qiymətləndirərək belə nəşrlərin Azərbaycanda hakimlər üçün faydalı ola biləcəyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində də reallaşdırılan genişmiqyaslı islahatlar müsbət nəticələrini göstərməkdədir. Bu nəticələrdən bəhrələnmək üçün belə nəşrlərdən istifadə etmək faydalıdır.

Ötən il Azərbaycanda inzibati məhkəmələrin yaradılmasının on ilinin tamam olduğunu xatırladan Çingiz Əsgərov bununla bağlı bir sıra tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, bu məhkəmələrin yaradılmasının çox düzgün addım olduğu artıq öz təsdiqini tapıb. Azərbaycanda inzibati məhkəmələrin yaradılması, prosessual qanunvericiliyə mütərəqqi müddəaların daxil edilməsi, məhkəmələrin aparatlarının təkmilləşdirilməsi müsbət dəyişiklikləri daha da sürətləndirir. Məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının daha geniş tətbiqi ölkə ərazisində insan hüquqlarının təmin olunmasına, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edir.

Ali Məhkəmənin Avrasiya Hüquqşünaslar Assosiasiyası ilə uzunmüddətli birgə əməkdaşlığının önəmini vurğulayan Çingiz Əsgərov artıq bir neçə ildir birgə maarifləndirmə tədbirlərinin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarları Azərbaycan dilinə tərcümə edilib. Həmçinin topluda əksini tapan qərarlar tərcümə edilib və hakimlər arasında paylanıb. Digər sahələrdə də belə fəaliyyətlər mövcuddur. Bu tədbir də birgə əməkdaşlığın davamlı xarakter almasının göstəricisidir.

Ali Məhkəmənin sədr müavini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan bir sıra ölkələrin vətəndaşları üçün əlverişli məkana çevirib. Bundan başqa, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycanın dünya ölkələri arasında nüfuzunu daha da artırıb. Ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi, həyata səviyyəsinin yüksəlməsi bir çox ölkələrdən əcnəbilərin Azərbaycana üz tutmasına səbəb olub. Həmçinin Azərbaycana sığınacaq axtarmaq üçün gələnlərin sayı gələcəkdə artacaq. Bu amillər Azərbaycan cəmiyyəti, məhkəmə sistemi və müvafiq dövlət orqanları üçün çağırışdır. Ona görə də məhkəmələr və aidiyyəti dövlət orqanları bu prosesə hazır olmalıdır. Bu məsələdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və beynəlxalq təşkilatların mövqeyinin nəzərə alınmasının vacibliyini qeyd edən Ali Məhkəmənin sədr müavini Azərbaycan dövlətinin beynəlxalq öhdəliklərini bundan sonra da uğurla yerinə yetirəcəyini bildirib.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova nəşrin insan hüquqlarının təbliği, Avropa Məhkəməsinin qərarlarının və presedentlərinin öyrənilməsi və səmərəli tətbiqi baxımından hüquqşünaslarımız üçün önəmli əyani və metodiki vəsait olduğunu vurğulayıb.

Ermənistan tərəfindən ərazilərimizin otuz ilə yaxın davam etmiş işğalı nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulduğunu diqqətə çatdıran A.Sabitova bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib və həmvətənlərimiz dədə-baba yurdlarına qovuşublar. O, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası ilə bağlı mexanizmlərin həyata keçirilməsində bu toplunun önəmli mənbə olduğunu qeyd edib.

Ədliyyə Nazirliyinin insan hüquqları sahəsində maarifləndirmə və tədris tədbirlərinə xüsusi önəm verdiyini deyən A.Sabitova bildirib ki, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi işində geniş dinləyici spektrinə malik Ədliyyə Akademiyasının imkanlarından maksimal dərəcədə istifadə olunur. Bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyini də qeyd edən idarə rəisi çoxsaylı xarici həmkarlar, həmçinin Avropa Məhkəməsinin hakimləri, o cümlədən sədrlərinin də təlimlərdə iştirak etdiklərini vurğulayıb. O, Ədliyyə Akademiyası tərəfindən hakimlərin, vəkillərin, mediatorların və digər hüquqşünasların ilkin hazırlıq və uzunmüddətli tədris kurslarının proqramlarına insan hüquqları, Avropa Məhkəməsinin presedentləri və bu kimi digər mövzuların daxil edildiyini bildirib.

A.Sabitova qeyd edib ki, ölkəmiz üçün yeni institut olan mediasiya sahəsində təlimlərin və maarifləndirmə tədbirinin təşviqi ilə bağlı ardıcıl işlər görülür. Ədliyyə Akademiyası həm də Mediasiya Şurası ilə sıx əməkdaşlıq şəraitində mediatorların hazırlanmasında yaxından iştirak edir, aktual mövzularda təlimlər, praktiki məşğələlər təşkil olunur. BMT QAK-ın ekspertlərinin iştirakı ilə də bu səpkidə müxtəlif mövzular üzrə təlim proqramları, davamlı maarifləndirmə layihələri, müvafiq vəsaitlərin hazırlanması, təcrübi səfərlərin təşkili ilə bağlı da birgə əməkdaşlıq edilə bilər.

Azərbaycan Respublikasının Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov vurğulayıb ki, nəşr hakimliyə namizədlər və hakimlər üçün presedent hüququn öyrənilməsi baxımından sanballı tədris vəsaitidir. Analogiyaların öyrənilməsi, presedent hüquq üzrə müxtəlif mənbələrin araşdırılması və nəzərdən keçirilməsi hakimliyə namizədlərin və hakimlərin bu sahədə mövqelərinin formalaşmasına mühüm təsir edir. Nəşrin əhəmiyyəti nəzərə alınaraq, bu toplu hakimlərə və hakimliyə namizədlərə ödənişsiz paylanacaq.

Sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlərə dair qərarlar toplusuna dair müzakirələr aparılıb, hakimlərin, vəkillərin və digər iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Sonda kitablar iştirakçılara hədiyyə olunub.

AZƏRTAC