İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalının (İHSAP) təqdimatı keçirilib
Digər xəbərlər

İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalının (İHSAP) təqdimatı keçirilib

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tabe rayon (şəhər) prokurorluqlarının işçiləri fevralın 28-də, Bakı şəhər prokurorluğu və paytaxtın rayon prokurorluqlarının işçiləri martın 1-də, Hərbi Prokurorluq və ərazi hərbi prokurorluqlarının işçiləri martın 2-də, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun işçiləri martın 3-də, Baş Prokurorluq və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin işçiləri isə martın 4-də tədbirlərdə iştirak ediblər.

Təqdimatı həyata keçirən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova iştirakçılara proqramın mahiyyəti, imkanları və istifadə qaydaları barədə ətraflı məlumat verib.

Xüsusi vurğulanıb ki, prokurorluq orqanlarında insan hüquq və əsas azadlıqlarının müdafiəsi üzrə beynəlxalq standartların təşviqi çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin dərindən öyrənilməsi, hüquq tətbiqetmə prosesində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsindən hüquqi prinsiplərə, göstərişlərə və mövqelərə (standartlara) istinad olunması praktikasının genişləndirilməsi və bu sahədə prokurorluq işçilərinin nəzəri biliklərinin daha da artırılması üçün beynəlxalq və milli hüquqi, elmi, metodik, informativ sənədlərin vahid məcmusunu təşkil edən elektron bazanın təminatı vacib amillərdəndir. Bu məqsədlə prokurorluq işçiləri tərəfindən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr və onlarla əlaqəli olan beynəlxalq hüquqi sənədlər, elmi-metodiki, informativ ədəbiyyatlar, hüquq tətbiqetmə prosesində tövsiyələr və digər beynəlxalq təcrübə, nəzəri məsələlər üzrə faydalı məlumatların asanlıqla əldə edilməsi və təcrübədə tətbiqi üçün Baş Prokurorluqda İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı yaradılıb.

Sistem istifadəçiyə istənilən yerdə internet üzərindən müvafiq şifrə ilə domenə daxil olmaqla lazımi sənəd və ya informasiyanı əldə etmə imkanını verir. Sistemə daxil olduqdan sonra bazasında bütün materialların elektron formatları ilə tanış olmaqla yanaşı, onları köçürmək və ya yükləmək imkanı var. İHSAP Axtarış Portalına keçid xüsusi link vasitəsilə mümkündür: http://ihsap.prosecutor.az. Eyni zamanda, Baş Prokurorluğun rəsmi internet səhifəsində verilmiş keçid (https://genprosecutor.gov.az/az/page/kecidler/ihsap) ilə də portala daxil olmaq olar.

Təqdimat zamanı İHSAP-ın bütün bölmələri barədə məlumat verilib, əyani nümayiş etdirilməklə proqram təminatının funksiyalarından istifadə qaydaları izah olunub.

AZƏRTAC