İnsan hüquqlarının təmin edilməsi ümumdövlət işidir
Digər xəbərlər

İnsan hüquqlarının təmin edilməsi ümumdövlət işidir

2001-ci il dekabrın 28-də Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) haqqında" Konstitusiya Qanununu qəbul edib

Müstəqilliyimizin ilk illəri Azərbaycanın həyatında həlledici bir mərhələ idi. Belə ki, ölkə dövlət müstəqilliyinə nail olmuş, lakin respublikanın müstəqilliyini təmin edəcək əsaslar formalaşdırılmamışdı. Qısa müddətdə konkret qərarların qəbulunu tələb edən taleyüklü məsələlər dövlət mənafeyindən daha çox şəxsi mənafelər uğrunda siyasi qüvvələrin mübahisə predmetinə çevrilmişdi. Ölkədə xaos, anarxiya baş alıb gedir, sosial-iqtisadi böhran gündən-günə dərinləşirdi. Ulu öndər Heydər Əliyev məhz belə çətin dövrdə respublikaya rəhbərliyi öz üzərinə götürdü. 1993-cü ildən başlayaraq həyata keçirdiyi qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində ölkədə özbaşınalığa, xaosa son qoyuldu. İctimai-siyasi sabitlik təmin edildi.

1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan Respublikası demokratik, hüquqi dövlət quruculuğu yolunda ilk böyük nailiyyətlərini qazandı. Ölkədə genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial, mədəni islahatlar həyata keçirildi, Azərbaycan dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək yüksək beynəlxalq nüfuza sahib oldu.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ölkədə insan hüquqlarının təmin edilməsi sahəsində də demokratik, hüquqi islahatların həyata keçirilməsi və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər sistemi yenidən qurulmağa başladı.

Son dövrlər aparılmış hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində öz əksini tapmışdır. Lakin bəzi humanitar aspektlərdə insanların elan edilmiş hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsinə, beynəlxalq norma və standartlara uyğun təşkilinə ehtiyac duyulurdu. Bu səbəbdən, Ombudsman vəzifəsinin təsis olunması bizim gerçəkliyimizin mühüm tələbatı idi. Bu təsisatın yaradılması hüquq-müdafiə strukturları sistemini tamamlamaqla həm də mövcud boşluqları aradan götürərək insanların hüquq və azadlıqlarının müdafiəsi mexanizmində qüsurları aradan qaldırmaq üçün yeni imkanlar yaratmış oldu.

Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulmuşdur.

2001-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı.

Azərbaycan Respublikasının ilk Ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçildi.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş insan hüquqlarının pozulmasının qarşısının alınması üçün təsis edilmişdir.

Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Bununla yanaşı, Azərbaycan Prezidentinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyildir. Lakin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlər istisna təşkil edir.

Müvəkkilin insan hüquqlarının müdafiəsi

sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhsilinin monitorinqini və təhlilini, habelə çatızmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir. İnsanlar öz şikayətlərini müvəkkilə müxtəlif vasitələrlə verə bilərlər. Belə ki, hər bir şəxs poçt və elektron poçtu rəsmi internet saytındakı onlayn müraciət, aparatda və regional mərkəzlərdə fəaliyyət göstərən qəbul otağı, işgəncələrlə bağlı qaynar xətt, 916 nömrəli uşaq qaynar xətti vasitəsilə, habelə müvəqqəti saxlanma yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, hərbi hissələrə, sosialyönümlü müəssisələrə başçəkmələri, habelə keçmiş məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə buraxılış baxışları zamanı şəxsən təqdim etmək imkanına malikdir.

Bu gün Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - "İnsan hüquqlarının müdafiəsinə dair Dovlət Proqramı" (1998), "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı" (2006) və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" (2011) qəbul edilmişdir. Qeyd etmək zəruridir ki, 18 iyun Milli İnsan Hüquqları Günü kimi elan edilmişdir və bu, Azərbaycanda insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

Təbii ki, Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsini gerçəkləşdirən mühit formalaşdırır. Xarici mütəxəssislər də etiraf edirlər ki, Azərbaycan Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn insan haqlarının qorunması ilə bağlı tövsiyələrə əməl edir, öhdəlikləri yerinə yetirir. İnsanların hüquqları bərabər şəkildə təmin olunur...

Zümrüd QURBANQIZI,

"Respublika".