İnvestisiya qoyuluşu iqtisadi artımı stimullaşdırır
İQTİSADİYYAT

İnvestisiya qoyuluşu iqtisadi artımı stimullaşdırır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində möhtəşəm uğurlar qazanılmış, ölkəmizin maliyyə imkanları artmış, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi yüksəlmişdir. Bu gün Azərbaycan böyük həcmdə valyuta ehtiyatlarına malik bir ölkədir, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə ölkəmiz dünya miqyasında ön sıralardadır. Bütün bunların fonunda 2004-cü ildən başlayaraq böyük neft pullarının axını ilə əlaqədar protsiklik büdcə siyasətinin qurulması qaçılmaz idi. Qeyd etmək lazımdır ki, dünya bazarında yüksək təbii resurs qiymətləri şəraitində gəlirləri resurslardan kəskin asılı olan ölkələr büdcə vəsaitlərini çox xərcləyir, qiymətlər azalanda isə xərcləmələri azaldırlar. Nəticədə yüksək resurs qiymətləri şəraitində büdcə siyasəti iqtisadi artımı stimullaşdırır, aşağı qiymətlər isə böhran yaradır. Ona görə də resurs qiymətlərinin doğurduğu böhrandan çıxmaq üçün hökumət büdcə xərclərini limitləşdirir və yeni kontrtsiklik büdcə siyasətinə keçid edir.

2013-cü il dövlət büdcəsi 19.143 milyard manat olmuşdur. 2018-ci ildə isə büdcə xərcləri 22.732 milyard manat təşkil edib. 2013-cü ildə əsas büdcə xərclərini investisiya, müdafiə və təhsil xərcləri tutub və dövlət büdcəsi xərcləri 54 faizə yüksəlib. 2015-ci ildən sonra prioritetlər dəyişdi. Artıq tikinti və müdafiə xərcləri dövlət büdcəsindən qərarlaşdı və büdcə xərclərinin 47 faizini təşkil etdi. Son 5 ildə dövlət büdcəsinin və Sosial Müdafiə Fondunun büdcə xərcləri 10,7 milyard manat və ya 55 faiz, sosial müdafiə və əməkhaqqı xərcləri isə 6,4 milyard manat və ya 91 faiz artıb. 2018-ci ildən başlayaraq həm büdcə xərclərinin ümumi məbləğində, həm də sosial müdafiə və əməkhaqları xərclərində sürətli artım müşahidə edilmişdir. 2020-ci ildə sosial xərclərin xüsusi çəkisi, ən yüksək 44,1 faiz təşkil etmişdir. Bu büdcə xərclərinin növbəti il üçün proqnozlaşdıran səviyyədə saxlamaq üçün neftin orta illik qiyməti 50-55 dollar ətrafında olması lazımdır. Bu gün büdcə vasitəsilə investisiya qoyuluşlarının elə bir həddi var ki, hökumət ondan aşağı xərcləmə aparmır. 2020-ci ildə investisiya xərcləri 23 faizdən çox ixtisara məruz qaldı. Ancaq bundan sonra həmin azalmaların davam etməsi real görünmür. Ötən 10 il ərzində büdcə xərclərində artım müşahidə edilmiş və bu xərclər sosial və investisiyayönümlü olmuşdur. Bu illər ərzində ölkə iqtisadiyyatının bütün sahələrinə investisiya qoyuluşu davam etdirilmişdir. Kənd təsərrüfatının inkişafı üçün çoxlu sayda aqroparklar yaradılmışdır. Burada investisiya qoyuluşu 2 milyard manatdan çoxdur. Bundan başqa, ölkənin nəqliyyat sisteminin yeniləşməsi, müasir infrastrukturun yaradılması üçün böyük həcmdə investisiyalar qoyulmuşdur. Cənab Prezident bu barədə danışarkən demişdir: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar çəkilir. Bizim dəmir yolu nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır. Bu işlər bundan sonra daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcək”. Ötən dövr ərzində Bakı Dəniz Ticarət Limanının tikintisinə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması, ölkədaxili avtomobil yollarının çəkilişinə böyük həcmdə investisiyalar qoyulmuşdur. Ötən müddət ərzində Bakı şəhərində nəqliyyat sektorunun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Yeni körpülər, yeraltı keçidlər və digər mühüm obyektlər tikilib istifadəyə verilmişdir.

Son 10 ildə bütün sahələrdə olduğu kimi, sosial sahədə də böyük investisiya proqramlarının həyata keçirilməsi uğurla davam etdirilmişdir. Xalqımızın rifah halının yaxşılaşdırılması, sosial tələbatının ödənilməsi, elm və mədəniyyətimizin tərəqqisi istiqamətində böyük işlər görülmüşdür. Ölkəmizdə 3 minə yaxın yeni məktəb tikilib istifadəyə verilib. Bundan əlavə, 38-i mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bu dövr ərzində həm paytaxt Bakıda, həm də regionlarımızda çoxlu sayda uşaq bağçası-körpələr evinin tikintisi və ya əsaslı təmiri, eləcə də tarixi-mədəni abidələrinin bərpası və qorunub saxlanması sahələrində irimiqyaslı layihələr həyata keçirilmişdir. Cənab Prezident İlham Əliyev sosial təminat sisteminin gücləndirilməsinə xüsusi qayğı göstərmişdir. Əhalinin pensiya təminatında şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. 2020-ci ildə reallaşan inqilabi sosial islahatlar 4,2 milyon vətəndaşın gəlirlərinin ciddi şəkildə artması, o cümlədən minimum pensiyaların 72,4 faiz artmasına səbəb olmuşdur. 750 min pensiyaçının pensiyalarında ciddi artım müşahidə olundu. 2020-ci ilin əvvəlində pensiyalar ilk dəfə olaraq ən yüksək səviyyədə - 16,6 faiz artırıldı. 2021-ci ilin əvvəlində Prezident təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7 faiz, Azərbaycanın Milli Qəhrəmanı üçün 20 faiz, Vətən müharibəsi iştirakçıları üçün 100 faiz, müharibə və 20 Yanvar əlilləri üçün isə 50 faizdən çox müavinətlər artırıldı. Bundan əlavə, Vətən müharibəsi qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2000 manat təsis olundu. Əhalinin illik əməkhaqlarının illik artım tempinə uyğun olaraq pensiyalar indeksləşdirilərək 11,4 faiz artırıldı. Beləliklə, 2018-2020-ci illərdə Azərbaycanın pensiya xərcləri 36 faiz artaraq 4,5 milyard manat təşkil edib. Ötən bu dövrdə əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyev bir sıra fərman və sərəncamlar imzalamışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkə əhalisinin sosial vəziyyəti yüksəlmişdir. Son illər bütün sahələrdə əldə olunmuş möhtəşəm uğurlar, investisiyayönümlü layihələrin reallaşdırılması deməyə əsas verir ki, bundan sonra da Azərbaycan sürətlə inkişaf edəcək, iqtisadiyyatı daha da güclənəcək, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq.

Əli SADIQOV,

“Respublika”.