İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib
Digər xəbərlər

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Oktyabrın 25-də İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər, Maliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Neft Şirkəti, "Azərenerji" ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Əli Əhmədov Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə beynəlxalq səylərə qoşulduğunu və 2016-cı ildən Paris Sazişinə uyğun beynəlxalq təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürdüyünü qeyd edib.

Tədbirdə Dövlət Komissiyasının sədr müavini, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev cari ilin 6-18 noyabr tarixlərində Misirin Şarm-əl-Şeyx şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 27-ci Konfransında (COP27) səsləndiriləcək ölkə bəyanatına daxil ediləcək məsələlər, o cümlədən COP27 çərçivəsində irəli sürülməsi nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib, Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi üçün görülməsi zəruri olan tədbirlər ətrafında çıxış edib.

Dövlət Komissiyasının Katibliyinin rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Komissiyanın 2022-ci il 5 may tarixində keçirilmiş iclasının qərarlarının icra vəziyyəti, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə Azərbaycanda avtomobil nəqliyyatı sektorunun iqlimə mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə iqlim dəyişikliyi ilə bağlı risklər, təsirlərin yumşaldılması və mümkün fəsadlara hazırlıq məsələlərini nəzərdə tutan adaptasiya planları barədə məlumat verdilər.

Maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İnam Kərimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, energetika nazirinin müavini Elnur Soltanov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov qeyd olunan mövzular üzrə fikirlərini bildirdilər.

Müzakirələrin nəticəsinə əsasən, Dövlət Komissiyasının sədri Əli Əhmədov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 27-ci Konfransında səsləndiriləcək bəyanatında ölkəmizin "Yaşıl" inkişaf siyasətindən, bu istiqamətdə ölkə başçısı tərəfindən təsdiqlənən Dövlət proqramları və Strategiyalar, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalar üzərində bərpası, "ağıllı" və "yaşıl" yanaşmaların tətbiqi haqqında məlumat verilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

AZƏRTAC