İqtisadi azadlıq siyasətini həyata keçirən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradır
İQTİSADİYYAT

İqtisadi azadlıq siyasətini həyata keçirən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradır

Təkcə iqtisadi, siyasi və hərbi gücə deyil, eyni zamanda informasiya mənbəyinə və yaxud informasiya mexanizmlərinə sahib olan böyük dövlətlər dünya miqyasında demokratiya, insan azadlığı, iqtisadi azadlıq, iqtisadi göstəricilər, mətbuat və söz azadlığını dəyərləndirən araşdırma mərkəzləri, jurnallar, televiziya və radio kanallarının fəaliyyətini də dəstəkləyir. Çünki beynəlxalq informasiya şəbəkələrinin müxtəlif dövlətlər barəsində hazırladıqları məruzə və hesabatlar dünya ictimaiyyəti tərəfindən daha asanlıqla qəbul edilir.

1973-cü ildə təsis edilmiş, ABŞ-ın iqtisadi mühitində böyük əhəmiyyət daşıyan “İrs Fondu”nun illik “İqtisadi Azadlıq İndeksi” beynəlxalq hesabatı bir qayda olaraq “The Wall Street Journal” qəzetində dərc edilir. ABŞ-da yüksək nüfuza malik olan və fəaliyyətində 100 minlərlə fiziki şəxs, həmçinin müxtəlif fond və korporasiyaları birləşdirən Fondun illik büdcəsi 82 milyon dollardan çoxdur.

Dünyanın nüfuzlu reytinq agentlikləri ölkəmizin müxtəlif sahələrdə apardığı islahatlara yüksək dəyər verir, respublikamızda iqtisadiyyatın bütün sahələrindəki islahatların müsbət dinamikası sözügedən reytinq agentliklərinin məruzə və hesabatlarında öz əksini tapır. Məhz belə mötəbər təşkilatlardan biri olan “İrs Fondu” tərəfindən ölkəmizdə aparılan islahatlara yüksək qiymət verilməsi, bu islahatların dünya iqtisadiyyatı üçün xüsusi əhəmiyyətini təsdiq etməsi Azərbaycanın iqtisadi azadlıq və islahatlar sahəsində ən çox irəliləyən ölkə olduğunu sübut edir. Amerikanın dövlət siyasətinə ciddi təsir göstərən və bu gün də ABŞ-ın ən nüfuzlu konservativ elmi-tədqiqatlar aparan təşkilatlarından biri olan “İrs Fondu”nun 2021-ci il hesabatı ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Hesabat, ticarət, investisiya, əmək bazarı azadlığı, korrupsiyanın səviyyəsi, vergi rahatlığı və başqa meyarlara əsaslanan ABŞ-ın “İrs Fondu” “The Wall Street Journal” nəşri ilə birlikdə iqtisadi azadlıq göstəriciləri üzrə illik hesabatında ölkələr “azad”, “bütövlükdə azad”, “nisbətən azad”, “qismən qeyri-azad”, “tamamilə qeyri-azad” qrupları üzrə sistemləşdirilib.

İqtisadi azadlıq siyasətini həyata keçirən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradır və bu da, öz növbəsində, iqtisadi artıma və ictimai rifahın yüksəlməsinə töhfə verir. Ən böyük beyin mərkəzlərindən biri olan “İrs Fondu” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi - 2021” hesabatında Azərbaycan bu il dünya üzrə orta göstəricidən yuxarı və Avropa ölkələri səviyyəsində nəticə göstərmiş, 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşmışdır. İndeksə əsasən ən yaxşı nəticə göstərən, reytinqin ilk üçlüyünə daxil olan ölkələr - Sinqapur (89,7), Yeni Zelandiya (83,9) və Avstraliyadır (82,4). Siyahının autsayderləri sırasında isə Kuba (28,1), Venesuela (24,7) və Cənubi Koreya (5,2) yer alıb.

İqtisadi azadlığa təsir edən amillər “İqtisadi Azadlıq İndeksi”, “Qanunun aliliyi”, “İdarəetmənin səmərəliliyi”, “Dövlətin ölçüsü”, “Bazarın əlçatanlığı” kimi göstəricilər əsasında qiymətləndirilir. Belə ki, iqtisadiyyatı “sərbəst olan ölkələr” (80-100 bal), iqtisadiyyatı “əsasən azad olan ölkələr” (70-79,9 bal), iqtisadiyyatı “orta dərəcədə azad olan ölkələr” (60-69,9 bal), iqtisadiyyatı “əsasən azad olmayan ölkələr” (50-59,9 bal), iqtisadiyyatı “azad olmayan ölkələr” (0-49,9 baldan az) balla dəyərləndirilir. “İrs Fondu”nun “İqtisadi Azadlıq İndeksi”nin 2021-ci ilin hesabatına əsasən ölkəmiz iqtisadiyyatı “orta dərəcədə azad olan ölkələr” kateqoriyasından yüksələrək iqtisadiyyatı “əsasən azad olan ölkələr” kateqoriyasına çatmışdır.

Ölkəmizin qazandığı iqtisadi uğurlar dünyanın aparıcı şirkətlərinin rəhbərləri və dövlət başçılarının da diqqətindən yayınmır. Bu gün bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə inkişafa nail olan Azərbaycan “İqtisadi Azadlıq İndeksi” üzrə ən çox irəliləyən ölkələr sırasındadır. Belə ki, ölkəmiz Amerikanın “İrs Fondu” (The Heritage Foundation) və “The Wall Street Journal” həftəliyinin 2008-ci il üçün “İqtisadi Azadlıq İndeksi”ndə 107-ci, 2009-cu ildə 99-cu, 2010-cu ildə 96-cı, 2011-ci ildə 92-ci, 2012-ci ildə 91-ci , 2013-cü ildə 185 ölkə arasında 59,7 balla 87-ci, 2014-cü ildə isə (İndex of Economic Freedom 2014) 178 ölkə arasında 61,3 balla 81-ci yerdə qərarlaşmış, bu illər ərzində Azərbaycan “əsasən qeyri-azad ölkələr” səviyyəsindən “orta azad ölkələr” səviyyəsinə qalxmışdır. İndeksinin yaxşılaşması, dövlət maliyyəsi və mülkiyyət hüquqları üzrə balının artması nəticəsində 13 il ərzində “İqtisadi Azadlıq İndeksi - 2021” hesabatına əsasən iqtisadiyyatı “əsasən azad olan ölkələr” səviyyəsinə yüksəlmişdir.

Bu gün ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən xüsusi qayğı göstərilir, özəl sektorun inkişafına subsidiyalar ayrılır. Bu da ölkə iqtisadiyyatının daha sürətli inkişafına, dünya səviyyəsində göstəricilərinin yüksəlməsinə imkan yaradır.

1995-ci ildə yaradılan, biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azadolma və əmək azadlıqları daxil olan “İqtisadi Azadlıq İndeksi” qanunun aliliyi, tənzimləmənin effektivliyi, hökumətin məhdud müdaxiləsi və açıq bazar sahələrində iqtisadi azadlığı müəyyən edir. “İqtisadi Azadlıq İndeksi”nin əsas məzmunu isə hökumətin biznes fəaliyyəti üçün hansı səviyyədə şərait yaratması ilə yanaşı, həm də dövlətin rolunun iqtisadiyyatda ölçülməsi ilə bağlıdır.

Mehparə ƏLİYEVA,

“Respublika”.