İqtisadi fəal əhalinin sayı
İQTİSADİYYAT

İqtisadi fəal əhalinin sayı

2021-ci il sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 294,6 min nəfər olub, onlardan 4 965,4 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,06%, məşğul əhalinin sayı isə 1,65% artıb.

Cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1689,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,4 min nəfər, qeyri-dövlət sektorunda isə 784,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri-neft qaz sektorunda isə 1657,8 min nəfər çalışıb.

 

Əmtəəlik qaz hasilatı artıb

Azərbaycanın mədənçıxarma sənayesində əmtəəlik qaz hasilatı 14,6% artıb, əmtəəlik neft hasilatı 1,4% azalıb. Yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 20,1 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-avqust aylarına nisbətən 0,9% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 23 007,3 min ton, əmtəəlik təbii qaz hasilatı isə 20 593,4 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, hesabat dövründə ölkədə 23 050,3 min ton neft (1,6% azalma) və 27 917,4 mln. kubmetr qaz (11,3% artım) hasil edilib.

 

Enerji istehsalının çox hissəsi su elektrik stansiyalarının payına düşür

Azərbaycanda bu ilin yanvar-avqust aylarında 17 467,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur.

Dövlət Statistika Komitəsi xəbər verir ki, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 16 936,8 mln. kVt-saat təşkil edib (artım 7,5%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 15 897,2 mln. kVt-saat istilik (artım 7,2%), 945 mln. kVt-saat su elektrik (artım 14,3%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

 

Nominal gəlirlər artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 170,4 mln. manat və ya hər nəfərə orta hesabla 3 712,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə əhalinin nominal gəlirləri illik ifadədə 1,2%, adambaşına düşən gəlir isə 0,7% artıb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 336,1 mln. manatlıq vəsait qalıb.

Bəybala BƏYBALAYEV,

“Respublika”.