İqtisadi rayonların yeni bölgüsü uğurlu inkişafın konturlarını da müəyyənləşdirir
Digər xəbərlər

İqtisadi rayonların yeni bölgüsü uğurlu inkişafın konturlarını da müəyyənləşdirir

Tarixi Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə davam edən möhtəşəm abadlıq-quruculuq layihələrinin həyata keçirilməsində də mühüm rol oynayacaq Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliyevin Fərmanı müharibədən sonra yaranan real mənzərəni əks etdirməklə yanaşı, siyasi hədəfləri ilə də diqqət çəkir. Fərmanla Azərbaycan sülhə və əmin-amanlığa, inkişafa və tərəqqiyə sadiqliyini ifadə edir. Geniş təhlil və təqdir olunan rəylərə görə, Fərmanla regionlarda indikindən fərqli, bütün rayonların əhatə olunduğu bu bölgü ilə daha təkmil, çevik idarəçilik sisteminin təməli qoyulduğunu deyə bilərik. Əgər indiyə kimi ölkədə 10 iqtisadi rayon var idisə, son Fərmanla onların sayı 14-ə qaldırılmış oldu. Ən mühüm məqamlardan biri Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır. Azərbaycanda dörd yeni iqtisadi rayon yaradılıb. Onlardan ikisi İkinci Qarabağ müharibəsi nəticəsində ölkənin nəzarətinə keçən ərazilərdə təsis edilib. Bunlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıdır. Ölkə paytaxtı ayrıca iqtisadi rayona ayrılıb və ekspertlərin fikrincə, bu, yerli özünüidarə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində gələcək addımlar üçün münbit şərait yaradır.

Şərqi Zəngəzur iqtisadi rayonuna İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil olub. Sənəddə qeyd olunub ki, bu beş rayonun vahid iqtisadi zonada birləşməsini Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə, uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları zəruri edir. Bu rayonların ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları var. Qarabağ iqtisadi rayonuna Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə, Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olub. Bu rayonların da çoxu İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdıb. Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacib idi.

10 noyabr bəyanatında və ondan sonra ölkə Prezidentinin bütün çıxışlarında Zəngəzur dəhlizinin açılması məsələsi özünün əksini tapmaqdadır. Bu, ölkə Prezidentinin, 44 günlük müharibə ilə 32 illik münaqişəni başa çatdırmış, düşməni qarşısında diz çökdürmüş, onun üzərində tarixi Qələbə və Zəfər qazanmış Qalib Azərbaycanın dəmir iradəsinin, qətiyyətinin, cəsarətinin nəticəsidir. 27 sentyabra qədər bəzilərinə Qarabağın azadlığı, torpaqlarımızın düşməndən azad edilməsi xəyal kimi görünürdü, ancaq ölkə Prezidenti, Rəşadətli Azərbaycan Ordusu, İgid Azərbaycan Əsgəri bu xəyalı gerçəkliyə, reallığa çevirdi. Zəngəzur dəhlizinə indi də xəyal kimi yanaşanlar var, ancaq onlar bilsinlər ki, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi ilə çox yaxın zamanlarda bu məsələ də reallaşacaq. Odur ki, Zəngəzur dəhlizi məsələsi aktual şəkildə gündəlikdə olduğu bir məqam və dönəmdə Şərqi Zəngəzur adlı iqtisadi rayonun yaradılması Azərbaycanın qətiyyətli olduğunu təsdiq edir. Əvvəlki dövrlərdəki bölgüdən fərqli olaraq, Yuxarı və Aşağı və ya Dağlıq və Aran Qarabağ bölgüsü olmadan bütövlükdə Qarabağ iqtisadi rayonunun yaradılması mühüm əhəmiyyət daşıyır. Bununla da bütöv Qarabağ və Qarabağla vahid Azərbaycan olduğunu, bunun daha dəyişməyəcəyi mesaj verilir. Ona görə olduqca əhəmiyyətli, gələcəyə hesablanmış bir Fərmandır.

Möhtərəm Prezidentimizin İqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanı ilə bu bölgü artıq konkretləşdirildi, daha da təkmilləşdirildi, dəqiqləşdirildi, bütövləşən Azərbaycanla, Qarabağla bağlı mükəmməl bir sistem yaradıldı. Bütün bu dəyişikliklər, yeniliklər ümumilikdə bölgələrin gələcəkdə sürətli inkişafı, iqtisadiyyatın daha da güclənməsi üçün xüsusi önəm daşıyır. Yeni iqtisadi rayonların yaradılması gələcəkdə bölgədə iqtisadi artıma, işğaldan azad olunan ərazilərimizin inkişafına təkan verəcəyinə, iqtisadiyyatın şaxələndirilməsi, planlaşdırılması istiqamətində çox ciddi işlərin həyata keçirilməsinin şahidi olacağımıza əminlik yaradır.

Mustafa KAMAL,

“Respublika”.