İQTİSADİ XƏBƏRLƏR
İQTİSADİYYAT

İQTİSADİ XƏBƏRLƏR

Neft Fondunun mənfəəti artıb

2021-ci il iyulun 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)-nun aktivləri 44 milyard 104,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2 % çoxdur. Fonddan verilən məlumata görə, aktivlərin artımı Neft Fondunun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. 6 ay ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

ARDNF 2020-ci ili 5 milyard 360 milyon 109 min manat xalis mənfəətlə başa vurub. Bu, 2019-cu illə müqayisədə 24,2 faiz çoxdur. Hesabat dövründə ARDNF-in bölüşdürülməmiş mənfəəti isə 15,3 % artaraq 40 milyard 269 milyon manata çatıb.

Qeyd olunur ki, ötən il ARDNF-in cəmi əməliyyat gəliri 5 milyard 328 milyon manat (əvvəlki illə müqayisədə 19,9 % çox), əməliyyat xərcləri isə 87 milyon 460 min manat (15,4 % az) təşkil edib. Fond həmçinin birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində 32 milyon 871 min manatlıq pay, törəmə müəssisənin satışından isə 86 milyon 149 min manat gəlir əldə edib. Eyni dövrdə ARDNF-in mənfəət ödəmələrindən qənaəti isə 0,593 milyon manat olub.

 

Qaz tədarükü ilə bağlı danışıqlar aparılır

Azərbaycanlı tədarükçü ilə danışıqların yekununda 31 dekabr 2020-ci ildən 30 iyun 2022-ci ilədək Yunanıstan ərazisində digər tədarük nöqtəsinin müvəqqəti istifadə olunması və Bolqarıstana alternativ marşrutla təbii qaz nəqli barədə razılıq əldə olunub.

“Bulgarian Energy Holding” (BEH) şirkəti məlumat yayıb ki, Azərbaycandan Yunanıstan-Bolqarıstan interkonnektoru (İGB) vasitəsilə qaz tədarükü barədə saziş “Bulgargaz” şirkətinin Yunanıstanın Komotini məntəqəsindəki ünvanına nəqlini nəzərdə tuturdu. Sazişdə qeyd olunur ki, Bolqarıstan tərəfi tədarük nöqtəsini birtərəfli qaydada dəyişdirə bilməz. Bu isə onu ifadə edir ki, tədarük nöqtəsinin müvəqqəti dəyişdirilməsi Azərbaycan tərəfinin razılığını tələb edir. Bolqarıstan və Azərbaycan növbəti mərhələdə qaz tədarükü ilə bağlı razılaşmalar üzrə danışıqlar aparır.

 

STAR NEZ  neft idxalını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR Neft Emalı Zavoduna (NEZ) 2021-ci ilin iyununda 858 080 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 755 388 ton neft idxal etmişdi.

Enerji Bazarının Tənzimlənməsi Təşkilatı (EPDK) məlumat verir ki, STAR-ın iyun ayında pərakəndə satış həcmləri 673 574 ton təşkil edib. 2020-ci ilin iyununda bu rəqəm 414 640 ton təşkil etmişdi.

STAR NEZ iyun ayında 553 850 ton benzin, 14 576 ton aviakerosin, 15 450 ton mayeləşdirilmiş neft qazı, 119 094 ton nafta, 6 699 ton neft koksu, 7 270 ton yüksək kükürd tərkibli mazut, 25 260 ton neft emalı zavodu qazı, 404 482 ton digər keçid məhsulları və 108 233 ton digər məhsul istehsal edib.

 

Yaxın gələcəkdə turistlər Qarabağa da səfər edə biləcəklər

“Yaxın gələcəkdə turistlər Azərbaycanın bol səyahət təcrübəsi vəd edən ənənəvi guşələri ilə yanaşı, tarixi, təbii və mədəni resurslara malik olan Qarabağa da səyahət edə biləcəklər”. Bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid sentyabrın 2-də başlayan “PATA Travel Mart 2021” beynəlxalq turizm sərgisində “Cənub-şərqi, Qərbi və Cənubi Asiyanın turizm destinasiyaları kimi bərpası” mövzusuna həsr olunmuş sessiyadakı çıxışında deyib.

Bu barədə Dövlət Turizm Agentliyi (DTA) məlumat verib. Məlumatda o da bildirilir ki, direktor, həmçinin ekoturizmlə bağlı təkliflər, turistlərin sağlamlığı və təhlükəsizliyi üçün görülən tədbirlər, rəqəmsal platformaların inkişafı, eləcə də işğaldan azad olunmuş ərazilərin turizm imkanları haqqında da danışıb.

Baş icraçı direktor qeyd edib ki, 29-dan çox ölkə üçün beynəlxalq sərhədlərin açılması və vaksinasiya prosesinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda turizm sənayesinin tədricən bərpası istiqamətində işlər davam etdirilir.

Hər il Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən təşkil olunan virtual sərgini ziyarət edənlər Azərbaycanın YUNESKO-nun ümumdünya İrs Siyahısına daxil olan tarixi abidələri, mədəni irs nümunələri, sağlamlıq və rekreasiya imkanları, milli mətbəxi, eləcə də şərabçılıq ənənələri və müasir şərab zavodları ilə yaxından tanış olublar.

Sərgi zamanı keçirilən B2B (Biznesdən-biznesə) formatlı görüşlərdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbir çərçivəsində Asiya-Sakit Okean regionu üçün səciyyəvi olan turizm təklifləri ilə yanaşı, pandemiya dövründə görülən işlər, yeni dövrdə yaranan səyahət tələbləri və turizm sənayesinin qlobal səviyyədə dirçəlməsi üçün lazım olan addımlar barədə fikir mübadiləsi aparılıb.

Bəybala BƏYBALAYEV,

“Respublika”.