İqtisadiyyat Nazirliyində Türkiyə şirkətləri ilə müqavilələr imzalanıb
İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində Türkiyə şirkətləri ilə müqavilələr imzalanıb

Sentyabrın 30-da Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismara verilməsi ilə bağlı Türkiyənin "Eti Bakır A.Ş." və "Artvin Maden A.Ş." şirkətləri ilə müqavilələrin imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısının "Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Sərəncamının icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, bu gün imzalanan müqavilələr Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq təməllərinin möhkəmliyini, eləcə də daim inkişaf etməkdə olan əməkdaşlıq əlaqələrimizi səciyyələndirir. İşğaldan azad edilmiş ərazilərin inkişafı üzrə həyata keçirilən layihələrdə lazımi dəstəyin göstərilməsi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə, habelə sonrakı dövrlərdə nəzərdə tutulmuş planların reallaşdırılmasına töhfə verəcək.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilmiş torpaqlarımızın zəngin təbii resurslara malik olduğunu, buradakı yataqların istismara verilməsinin dağ-mədən sənayesinin inkişafında, yeni emal sahələrinin yaradılmasında əhəmiyyətini vurğulayıb, bu sahədə böyük potensialı qeyd edərək yeni yataqların tədqiqi işlərinin aparıldığını bildirib.

Türkiyənin "Eti Bakır A.Ş." və "Artvin Maden A.Ş." şirkətlərinin səhmdarı Mehmet Cengiz imzalanan müqavilələrin ikitərəfli iqtisadi əməkdaşlığa, işğaldan azad edilmiş Azərbaycan ərazilərində müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına daha bir töhfə olduğunu qeyd edib.

Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi quruculuq işləri, faydalı qazıntı yataqlarının geoloji öyrənilməsi və istismarına dair təqdimatlar keçirilib.

Sonda Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin "Artvin Maden İşletmeleri A.Ş." şirkəti arasında Azərbaycan Respublikasında "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının geoloji öyrənilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin "ETİ BAKIR A.Ş." şirkəti arasında Azərbaycan Respublikasında "Qaşqaçay" filiz yatağının geoloji öyrənilməsi və faydalı qazıntıların çıxarılmasına dair müqavilələr imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və "Eti Bakır A.Ş." və "Artvin Maden A.Ş." şirkətlərinin səhmdarı Mehmet Cengiz imzalayıblar.

AZƏRTAC