İQTİSADİYYAT XƏBƏRLƏRİ
İQTİSADİYYAT

İQTİSADİYYAT XƏBƏRLƏRİ

Azərbaycan məhsulu  Avropa İttifaqına ixrac olunacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Avropa ölkələrinə heyvan mənşəli qida və qeyri-qida məhsullarının ixracı sahəsində daha bir uğur əldə edilib.

AQTA-nın yaydığı məlumata görə, baytarlıq nəzarətində olan qeyri-qida məhsullarının, o cümlədən işlənmiş dərinin Avropa İttifaqı ölkələrinə satışı istiqamətində zəruri tədbirlər həyata keçirilib və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğu ilə danışıqlar aparılıb. Ölkəmizdə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və Avropa İttifaqının müvafiq qurumları ilə aparılmış danışıqlar nəticəsində müsbət nəticələr əldə edilib.  

“3A ÇÜMEN DERİ” MMC və “ŞAHİNDƏRİ.M” MMC yerli dəri istehsalçılarının müraciətləri əsasında həmin müəssisələrin Avropa Komissiyasının tələblərinə uyğunluğu qiymətləndirilib və Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə (TRACES) daxil olması üçün məktub ünvanlanıb.

 

Led lampaları istehsal ediləcək

Balaxanı Sənaye Parkında sayca 23-cü rezident - “Zəfər işığı” MMC qeydiyyata alınıb. Ümumi investisiya dəyəri 1 milyon manata yaxın və il ərzində 5,4 milyon ədəd led lampaların istehsalı üçün layihə nəzərdə tutulduğu İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir. 1000 m2 istehsalat sahəsinə malik olan “Zəfər işığı” MMC-də 20 daimi iş yerinin yaradılacağı nəzərdə tutulur.

Qeyd edək ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.

 

Sığorta ödənişləri artır

Azərbaycanın sığorta bazarı təxminən 12 faiz artıb. 2021-ci ilin 7 ayı ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən 528 milyon 258 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 milyon 533 min manat və ya 11,7 faiz çoxdur.

2020-ci ilin 7 ayında sığorta şirkətləri tərəfindən 472 milyon 725 min manat sığorta haqları toplanmışdı.

Mərkəzi Bankın verdiyi məlumata görə sığorta ödənişləri ötən ilin 7 ayı ərzində 227 milyon 129 min manat ikən, bu ilin 7 ayında 301 milyon 179 min manat təşkil edib (74 milyon 50 min manat və ya 32,6% artıb).

 

Mənzillərə dair dövlət reyestrindən çıxarış verilir

Bu il yanvar-iyul aylarında Azərbaycanda 52 193 ədəd mənzillərə dair dövlət reyestrindən çıxarışlar verilib ki, bu da illik ifadədə 10 943 ədəd və ya 26,5 % çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilir ki, son 5 il ərzində ölkədə 303 064 ədəd mənzillərə dair dövlət reyestrindən çıxarışlar verilib. Belə ki, 2016-cı ildə - 44 124 ədəd, 2017-ci ildə - 51 224 ədəd, 2018-ci ildə - 56 522 ədəd, 2019-cu ildə - 76 661 ədəd, 2020-ci ildə isə 74 533 ədəd mənzillərə dair çıxarış verilib. Bundan başqa, cari ilin yanvar-iyul aylarında Azərbaycanda mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 168 737 təşkil edib. 2020-ci ildə bu rəqəm 237 450-yə bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 10,7 % azdır.

Xatırladaq ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi, optimallığın artırılması nəticəsində çıxarışlar vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində verilir.

 

Azərbaycanda noutbukların satışı

2021-ci ilin avqust ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı iyul ayı ilə müqayisədə 3,3 faiz bəndi artıb.

“Global Stats” statistika mərkəzinin hesabatına görə, noutbukların bazar payı sentyabrın 1-nə 63,1 % təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz bəndi çoxdur. Məlumata əsasən, bu ilin avqust ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyul ayı ilə müqayisədə 3,36 faiz bəndi azalaraq sentyabrın 1-nə 35,7 % təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9,6 faiz bəndi azdır.

Hesabatda sentyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,2 % təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,25 faiz bəndi çoxdur. Bu seqment üzrə cari ilin avqust ayının göstəricisi iyul ayının göstəricisindən 0,06 faiz bəndi çoxdur.

Bəybala BƏYBALAYEV,

“Respublika”.