İQTİSADİYYAT

"İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" mövzusunda konfrans keçirilib

20 il bundan əvvəl - 2002-ci il aprelin 25-də ulu öndər Heydər Əliyev yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə aprelin 25-i artıq 7 ildir ki, ölkəmizdə Sahibkarlar Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" mövzusunda konfrans keçirilib. Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, ictimai birliklərin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sahibkarlar Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra ölkəmizdə özəl sektorun inkişafı üçün həyata keçirilən tədbirlərə və əldə edilmiş uğurlara həsr olunmuş film nümayiş edilib.

Sahibkarları təbrik edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində 2003-cü ildən indiyədək Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye 3,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə artıb.

Diqqətə çatdırılıb ki, pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və özəl sektora mənfi təsirlərinin azaldılması ilə bağlı ilk günlərdən dövlət orqanları qarşısında ciddi vəzifələr qoyulub, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin dəstəklənməsini əhatə edən çoxşaxəli tədbirlər görülüb, maliyyə-iqtisadi dəstək proqramları tətbiq olunub. Bütün bunlar isə ölkədə iqtisadiyyatın, o cümlədən biznesin fəallığının qorunub saxlanılmasını təmin edib. Bu dövrdə biznesin nümayiş etdirdiyi sosial məsuliyyət, "YAŞAT", Qarabağ Dirçəliş fondlarına göstərilən dəstək sahibkarlığın inkişafı ilə bağlı məqsədyönlü siyasətin məntiqi nəticəsi, insan kapitalının inkişafının göstəricisidir. Həyata keçirilən tədbirlər, səmərəli dövlət-özəl sektor tərəfdaşlığı resessiyanın qısa müddətdə qarşısının alınmasına və artım tempinin sürətlənməsinə imkan verib. Təsadüfi deyildir ki, pandemiyanın təsirlərinin minimallaşdırılması məqsədilə görülmüş işlər, iqtisadiyyatın bərpası və inkişafı üçün həyata keçirilən tədbirlər sayəsində ölkə iqtisadiyyatı 2021-ci ili 5,6 faizlik artımla başa vurub. Vurğulanıb ki, iqtisadi tərəqqi bütün sahələrin inkişafını, eləcə də ordumuzun güclənməsini şərtləndirir. Bu baxımdan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbədə sahibkarların da xüsusi töhfəsi vardır.

Qarşıdakı dövrdə biznesin genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərdən danışan iqtisadiyyat naziri bildirib ki, gələcəkdə sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə bir sıra addımların atılması nəzərdə tutulur. Qeyd edilib ki, ölkəmizin biznes cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması, vergi və gömrük inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və sair sahələrdə reallaşdırılacaq tədbirlər özəl sektorun inkişafı və güclənməsinə yeni imkanlar yaradacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadiyyatda mühüm rola malik olan özəl sektorun korporativ sosial məsuliyyət layihələri çərçivəsində əhalinin həssas qrupları ilə bağlı sosial dəstək və aktiv məşğulluq proqramlarına, o cümlədən şəhid ailələri və müharibə iştirakçılarının məşğulluğunun təminatına xidmət edən "Məşğulluq marafonu"na yaxından dəstək göstərdiyini vurğulayıb. Nazir özəl sektor ilə sosial tərəfdaşlıq müstəvisində birgə layihələrin gələcəkdə daha da genişləndiriləcəyini vurğulayıb.

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinin önəmini qeyd edib, iqtisadi fəaliyyətin genişlənməsinə töhfə verən qanunvericiliyin mövcud ehtiyaclar və reallıqlar nəzərə alınmaqla yenilənməsinin hər zaman diqqət mərkəzində olduğunu bildirib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev diqqətə çatdırıb ki, Azərbaycanın əldə etdiyi uğurlara sahibkarlar da öz töhfəsini verir. Bildirilib ki, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dən çox assosiasiya və birliyi birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası dövlət-sahibkar əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində öz səylərini əsirgəmir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə danışıb.

Konfransda çıxış edən sahibkarlar - Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov ümummilli lider Heydər Əliyevin sahibkarlarla görüşləri, tapşırıq və tövsiyələr, o cümlədən 2002-ci ilin aprelin 25-də sahibkarların Ulu Öndərlə görüşü barədə təəssüratlarını, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

AZƏRTAC