İqtisadiyyatın inteqrasiyası, sosial inkişaf əsas hədəflərdəndir
İQTİSADİYYAT

İqtisadiyyatın inteqrasiyası, sosial inkişaf əsas hədəflərdəndir

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın qəbul edilməsi doğma torpaqlarımıza dönüşün uzaqda olmadığının təsdiqidir

"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlamışıq". Bu fikirləri Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında  bildirmişdir.

Hazırda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Düşməndən azad edilən dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Hər kəs müharibədən sonra Qarabağda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhvali-ruhiyyə ilə izləyir.

Dövlətimiz isə bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, insanların tezliklə yurd yerlərinə qayıtmasına səfərbər edib. Böyük qayıdışın gerçəkləşməsi üçün regionda vacib olan ilk işlər artıq görülməkdədir. Dağıdılmış şəhər və kəndləri bərpa etmək, yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı doğma el-obasına qaytarmaq, viran qalmış əraziləri dirçəltmək üçün isə illərlə vaxt tələb olunur.      

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə  yekunlaşmış və artıq ölkəmiz üçün yeni dövr başlamışdır. Son iki ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapıları - Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının  istifadəyə verilməsi bütövlükdə işğaldan azad edilmiş ərazilərdə xoşbəxt gələcəyin təmin olunacağından  xəbər verir. Yaxın  illərdə isə Laçın Beynəlxalq  Hava  Limanının istifadəyə verilməsi  nəzərdə tutulur.

Noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev bu barədə demişdir: "İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!".

İki ildir ki, ata-baba yurdumuzda azan səsi eşidilir, şanlı üçrəngli bayrağımız dalğalanır. Prezident İlham Əliyev müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfərlər edir, bu yerlərin tez bir zamanda yenidən qurulması üçün qarşıda duran vəzifələrlə bağlı  öz tapşırıqlarını verir. Ölkə başçısının hər səfərini ictimaiyyət nümayəndələri quruculuq işlərinin daha da sürətlənəcəyi inamı ilə izləyir. Bu  səfərlər  Böyük Qayıdışın uzaqda olmadığının təsdiqidir.

Ölkəmizin şanlı qələbəsindən sonra yaranan reallıqlar yeni Dövlət proqramlarının, milli prioritetlərin  təsdiqini, qəbul olunan sənədlərə əlavələrin edilməsini bir zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanına əsasən  iqtisadi rayonların yeni bölgüsünün aparılması, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiqlənməsinə dair Sərəncamın verilməsi deyilənlərə əyani  sübutdur.  Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli  "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncamı da bu qəbildəndir. Dövlət Proqramında qeyd edildiyi kimi, hazırkı dövrün əsas çağırışı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafı, milli iqtisadiyyata sürətli inteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, qarşıda duran hədəflər prioritet istiqamətlər və sair kimi məsələlər  öz əksini tapıb. Ərazilərin bərpası və dayanıqlı inkişafı çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması və Dövlət Proqramının icrasının optimallaşdırılması isə 5 illik dövrü əhatə edir.

Dövlət Proqramının Tədbirlər Planı 25 fərqli fəaliyyət istiqaməti üzrə ərazilərə Böyük Qayıdışla bağlı bütün mümkün aspektləri - yaşayış məntəqələrinin tikintisindən başlayaraq, məşğulluğun təmin edilməsinədək  ən müxtəlif sahələri əhatə edir. Artıq Böyük Qayıdışın ilk addımı atılıb. Zəngilanın Ağalı kəndinin sakinləri öz doğma yurd-yuvalarına qayıdıblar. Dekabr ayında isə daha bir qrup ailənin Ağalıya köçürülməsi planlaşdırılır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev noyabrın 21-də "Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib: Ağalı kəndində tikilməsi nəzərdə tutulan 200 evdən 87-si istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir.

Sözügedən Dövlət Proqramının Tədbirlər Planına əsasən, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Xocavənd və Tərtər rayonlarında ümumilikdə 197 (Suqovuşan və Talış kəndləri daxil olmaqla)  məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Dövlətimizin idmana xüsusi diqqət və qayğısı nəticəsində Ağdamın "İmarət" stadionu  2023-2026-cı illərdə tikilib başa çatdırılacaq. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman kompleksləri və universal idman zalları - üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları da tikilib istifadəyə veriləcək. 

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda doğma torpaqlara qayıdacaq şəxslərin işlə təmin olunması da öz əksini tapıb. Tədbirlər Planına əsasən, yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Belə ki, yaşayış yerlərinə qayıdacaq işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi, qeydiyyatının təmini, fərdi  məşğulluq  proqramlarının tərtib olunması nəzərdə tutulur.

Doğma torpaqlarımızda həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Habelə, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Proqramın əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması, nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulmasıdır.

Uzun illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimizdə tezliklə  Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük potensiala malik regionun iqtisadiyyatı daha da inkişaf etdiriləcəkdir. Qarşıya qoyulan məqsədlər, görülən işlər  Qarabağı tezliklə Azərbaycanın abad, gözəl  məkanlarından birinə çevirəcək.

Müşfiq MİRZƏ,

"Respublika".